Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2024 10:25
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

Geologiya və Geofizika İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun akkreditasiyasının nəticələrinin rəsmi elan edilməsi və instituta akkreditasiya haqqında şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiyanın keçirilməsi proseduru, bununla bağlı normativ-hüquqi aktların ölkədə aparılan islahatlar çərçivəsində təkmilləşdirilməsi, bu sahədə komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Professor akkreditasiya prosesinin müəssisələrdə elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi proqramların və elmi tədqiqatların səmərəliliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Təqdimatda Geologiya və Geofizika İnstitutunun akkreditasiya nəticəsində fəaliyyətinin qiymətləndirilməsi prosesinin gedişatı, Akkreditasiya üzrə Ekspert Şurası tərəfindən verilmiş tövsiyələrin institut tərəfindən icrasının nəticələri barədə məlumat verilib. Bildirilib ki, müvafiq tövsiyələrin icrasına dair institut tərəfindən təqdim edilmiş Özünüqiymətləndirmə Hesabatının təhlili nəticəsində Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti Geologiya və Geofizika İnstitutunun akkreditasiyadan keçmiş hesab edilməsi və elmi müəssisəyə akkreditasiya haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edib.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov çıxış edərək akkreditasiya prosesinin respublikamızın elmi müəssisə və təşkilatlarının fəaliyyəti və idarə olunmasında keyfiyyət sisteminin yaxşılaşdırılması istiqamətində əhəmiyyətini və vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiya haqqında şəhadətnaməni Geologiya və Geofizika İnstitutunun baş direktoru AMEA-nın həqiqi üzvü Akif Əlizadəyə təqdim edib.

AzərTac

  • Paylaş: