Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2024 16:35
  • A-
  • A
  • A+

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Cari ilin beşinci iclasında işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri, həmçinin AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirak ediblər.

Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, azad olunmuş ərazilərdə 142 mineral xammal yatağında monitorinq-təftiş işləri aparılıb, işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib. Həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib.

Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazisində məsafədən zondlama üsulu ilə meşə fondu sahələrində nümunə sahələri müəyyənləşdirilib, seçmə üsulu ilə bu sahələrə baxış keçirilib. Həmin meşələrin taksasiya elementləri öyrənilməklə plan-kartoqrafik materialları tərtib olunub. Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı müvafiq işlər aparılır.

Vüqar Kərimov deyib ki, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması ilə bağlı Türkiyə Respublikası ilə birlikdə icra olunan layihələr çərçivəsində ərazinin hasarlanması, tinglik təsərrüfatı üçün istinad divarlarının hazırlanması, eləcə də içməli su, kanalizasiya, yağış suyu, drenaj və suvarma suyu üçün boruların çəkilişi işləri yerinə yetirilib. Həmçinin 16,4 hektar “Dostluq meşəsi”, eləcə də həmin əraziyə bitişik olan 57 hektar torpaq sahəsində terras üsulu ilə yeni yaşıllıq sahəsi salınıb.

“Ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb”, - deyə o vurğulayıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın şəhərinin bərpasının ikinci mərhələsi üzrə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Laçında yaşayış olan yerlərdə bərk məişət tullantılarının idarə edilməsi prioritet məsələlərdən biridir. Bu məqsədlə tullantılar poliqonu üçün yer müəyyənləşdirilib.

Məsim Məmmədov əlvan və qiymətli daşların axtarışını və geoloji qiymətləndirilməsini təklif edib.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, Laçın hava limanının inşası zamanı tikinti altına düşən meşə əraziləri ilə əvəzlənmiş sahədə yeni yaşıllıq massivinin salınması işləri barədə iclas iştirakçılarına məlumat verilib. Həmçinin iclasda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantıları ilə əlaqədar vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası müzakirə olunub.

AzərTac

  • Paylaş: