Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Siyasi varislikdən siyasi liderliyə
12.10.2024 13:00
  • A-
  • A
  • A+

Siyasi varislikdən siyasi liderliyə

Böyük gələcəyin strategiyası

III HİSSƏ


Yeni tarixi dövrün vəzifələrini və hədəflərini müəyyən etmək baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi xüsusi əhəmiyyətə malik olan mühüm siyasi hadisədir.

Andiçmə mərasimi Azərbaycan dövlətinin müstəqillik tarixinin şərəfli bir dövrünün yekunu, ölkəmizin həyatında yeni tarixi mərhələnin başlanğıcıdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisində 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində müstəqil dövlətimizin keçdiyi keşməkeşli və şərəfli inkişaf yolunun əsas nəticələrini təhlil edərək obyektiv surətdə dəyərləndirmişdir. Azərbaycan xalqının lideri keçilmiş yola nəzər salarkən ilk növbədə, haqlı olaraq, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi sahəsindəki tarixi zəfərləri diqqət mərkəzinə çəkmişdir.

Dövlət başçısı mövcud reallığa uyğun olaraq ərazi bütövlüyünün təmin edilməsi məsələsinə bir-birini tamamlayan iki mərhələ üzrə qiymət vermişdir. İlk növbədə 44 gün ərzində Qarabağda qazanılan Zəfər “şanlı tarixi hadisə” kimi qiymətləndirilmişdir: “Verdiyim vədlər arasında, təbii ki, ilk növbədə, ərazi bütövlüyünün bərpası idi. O vaxt (2003-cü ildə - İ.H.) və ondan sonrakı illərdə... demişdim ki, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı azad edəcəyik... Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək, tarixi ədaləti bərpa etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq... İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir... Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişik.”

Prezident nitqində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün 2023-cü ilin sentyabr ayında keçirilmiş birgünlük hərbi əməliyyat haqlı olaraq “çoxəsrlik tariximizdə xüsusi yerə malik tarixi hadisə” hesab edilmişdir. İlk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisinin dövlətimizin nəzarətinə qaytarılması, üçrəngli dövlət bayrağımızın torpaqlarımızın hər yerində dalğalandırılması birgünlük antiterror tədbirlərinin “tarixi hadisə” adlandırılmasına tam əsas verir: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir.”

Prezident İlham Əliyevin qiymətləndirmələrində ərazi bütövlüyünün tam təmin edilməsinin mənbəyinin Azərbaycan xalqı olduğu xüsusi vurğu ilə qeyd edilmişdir. Bundan başqa, Prezidentimiz tərəfindən xalqımızın birliyi və həmrəyliyi, Azərbaycan Ordusunun gücü və qüdrəti, gənc əsgərlərin vətənpərvərliyi, multikultural dəyərləri kimi mühüm amillər Vətən müharibəsində Qələbəmizi təmin edən əsas faktorlar kimi dəyərləndirilmişdir.

Prezident İlham Əliyev Azərbaycanda yaşayan müxtəlif xalqların birliyi və həmrəyliyini həm Qarabağ müharibəsindəki tarixi Zəfərin qazanılması və həm də ölkəmizə xaricdən edilən təhdidlərin qarşısının alınması üçün ən zəruri faktorlardan biri hesab etmişdir. Dövlət başçımızın nitqində azərbaycançılıq ideologiyası əsas birləşdirici faktor kimi əsaslı şəkildə diqqət mərkəzinə çəkilmiş və bu sahədə qarşıda duran vəzifələrə işıq salmışdır: “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub.”

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi müstəqil dövlətimizin yeni tarixi dövrü üçün mükəmməl dövlət proqramıdır. Xalqımızın və dövlətimizin yeni tarixi dövrdəki strategiyası və taktikasını özündə əks etdirən dərinməzmunlu və praqmatik ruhlu bu nitqdə bütün istiqamətlər üzrə yaxın və uzaq dövr üçün xalqımızın və müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələr əsaslandırılmış şəkildə bəyan olunmuşdur. Başqa sözlə, Prezident İlham Əliyevin irəli sürdüyü müddəalar Azərbaycan Respublikasının mükəmməl Yol Xəritəsidir.

Azərbaycan Respublikasında post-müharibə dövründə Silahlı Qüvvələrin inkişaf etdirilməsi, güclü hərbi-sənaye kompleksinin formalaşdırılması, sərhədlərimizin daha da möhkəmləndirilməsi prioritet məsələlərdən biri kimi həmin nitqdə irəli sürülmüşdür. İran İslam Respublikası ilə həmsərhəd olan işğaldan azad edilmiş ərazilərdə sərhədlərimizlə əlaqədar bütün məsələlərin həlli də orada öz əksini tapmışdır.

Çox əlamətdar haldır ki, Ermənistan Respublikası ilə də şərti sərhədlər müəyyən olunmuş və sərhədçəkmə işində mühüm bir nailiyyət baş tutmuşdur. Azərbaycan Respublikasının Qazax rayonu ilə Ermənistan Respublikasının sərhədlərinə ilk sərhəd dirəkləri basdırılmışdır. I Qarabağ müharibəsi zamanı Qazax rayonu ərazisində işğal edilmiş 4 kənd heç bir hərbi əməliyyat keçirmədən Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə azad edilmişdir. Azərbaycan dövləti Ermənistanla razılaşdırmaqla Qazax rayonunun işğaldan sülh yolu ilə azad edilmiş kəndlərinin ətrafında olan ərazilərdə delimitasiya tədbirlərinin həyata keçirilməsini davam etdirməkdədir. Bu, postmüharibə dövrünün ən böyük hadisələrindən biri olub, Böyük Sülh sazişinin bağlanmasına doğru atılmış mühüm addımdır. Artıq həmin ərazilərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının hərbi hissələri yerləşdirilərək əsgəri xidmətə başlamışlar.

Azərbaycan Respublikasının Prezidenti yeni tarixi mərhələnin zəruri çağırışlarından bəhs edərkən texnoloji inkişafla əlaqədar problemlərin həllini diqqət mərkəzinə çəkmişdir. Problemin dünya ölkələri üçün əhəmiyyətini nəzərə alan ölkə rəhbəri məsələnin aparıcı istiqamətlərini önə çəkməklə yanaşı, mövzuya kompleks şəkildə yanaşaraq, bu sahə üzrə bütün zəruri tədbirləri tam halda həyata keçirməklə müsbət nəticə əldə etməyin mümkünlüyünü diqqət mərkəzinə çəkmişdir: "Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün ...texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. ...Biz, əlbəttə ki, ...texnoloji inkişafa böyük dəstək veririk, ancaq ... kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək.

...Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks-təqdirdə, biz geridə qalacağıq.

... Hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir.”

Azərbaycan Respublikasında IV Sənaye İnqilabının çağırışlarının ölkə reallıqları ilə əlaqəli şəkildə dəyərləndirilərək, həyata keçirilməsi istiqamətində atılan addımlar bütün sferalarda texnoloji proseslərin miqyasının genişləndirilməsini şərtləndirir. Bu proses iqtisadiyyatda və xüsusən də yeni sənayeləşmə hərəkatında daha aydın şəkildə müşahidə olunur. Süni intellekt artıq Azərbaycan iqtisadiyyatına və yeni sənayeləşməyə doğru irəliləməkdədir. Ölkəmizdə rəqəmsal transformasiyaların tətbiqi imkanlarının genişlənməsi nəqliyyat, avtomatik idarəetmə sistemləri, müdafiə sənayesi, rabitə sektoru və digər sahələrdə yeniləşmə və inkişafa stimul verir. Elm sahəsində süni intellektə və rəqəmsal inkişafa, smart texnologiyalarına diqqətin artması bu istiqamətdə məqsədyönlü proqnozlaşdırılmaların aparılması və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması yolunda perspektivlər açır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında həmişə Türk dünyası ilə əlaqələr müstəqil dövlətimizin diqqət mərkəzində olmuşdur. Türk Dövlətləri Təşkilatının 3 oktyabr 2009-cu il tarixdə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsi təsadüfi olmayıb, bu məsuliyyətli və zəruri vəzifənin həyata keçirilməsində ölkəmizin aparıcı rolunun ifadəsi aydın görünür. Ulu öndər Heydər Əliyevin Azərbaycan – Türkiyə münasibətlərinə aid irəli sürdüyü “Bir millət – iki dövlət” formulunun genişlənərək Türk dünyası ölkələrində qarşılıqlı inteqrasiyasının düsturuna çevrilməsi də ölkəmizin türk dövlətləri ilə əlaqələrə göstərilən böyük diqqətin ifadəsidir. Prezident İlham Əliyev andiçmə mərasimində bu barədə demişdir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirməliyik. Bu, bizim üçün prioritetdir. Çünki, bu, bizim ailəmizdir. Bizim ailəmiz Türk dünyasıdır”.

Mərasimdə səsləndirilmiş strateji əhəmiyyətə malik bu fikirlərdən cəmi 5 ay sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 6 iyul 2024-cü il tarixdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün işğaldan azad edilmiş və böyük sürətlə yenidən qurulmuş Şuşa şəhərində keçirilməsi böyük siyasi tədbirdir. Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının Şuşa Zirvə görüşü Prezident İlham Əliyevin Türk Dünyası Proqramının növbəti təntənəsidir.

Prezident İlham Əliyev Türk dövlətləri arasında inteqrasiyanı daha da genişləndirmək və möhkəmləndirmək baxımından 14 fevral 2024-cü ildə Milli Məclisdə “Türk dünyası ailəsi” haqqındakı strateji hədəfləri Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Şuşa Zirvəsində əldə etdiyi mühüm nəticələrlə mükəmməl şəkildə həyata keçirmişdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşa Zirvə görüşündə müzakirə etdikləri məsələlər Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü çağırışların Azərbaycan üçün olduğu qədər Türk dünyası üçün də, ümumən dünya birliyi üçün də əhəmiyyətli olduğunu nümayiş etdirir. Xüsusən, Azərbaycan xalqının lideri İlham Əliyevin Türk Dövlət başçılarının 6 iyul 2024-cü il tarixli qeyri-rəsmi Şuşa Zirvəsində səsləndirdiyi aşağıdakı müddəalar Türk dünyasını daha mühüm hədəflərə doğru inkişaf etdirməyə ünvanlanmışdır: “Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir... Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Biz böyük coğrafi məkanları əhatə edirik, üzv dövlətlərdə müsbət demoqrafik dinamika müşahidə olunur. Hərbi potensialımız döyüş meydanında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii sərvətlərimiz, onların nəqli üçün müasir infrasturuktur, ...nəqliyyat dəhlizləri vardır. Zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.”

Türk Dövlətləri başçılarının Şuşa Zirvəsində 6 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə türk respublikalarının liderləri tərəfindən imzalanmış Qarabağ Bəyannaməsi Türk dünyasının inteqrasiyası və birliyi baxımından əldə olunmuş ən böyük nailiyyətdir. Bu, Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin dövlət başçılarının Türk dünyasında inteqrasiya proseslərinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin edən ilk kollektiv bəyannamədir. Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının yeni tarixi mərhələdəki strategiyası və taktikasını müəyyən edən sənəd kimi də mühüm əhəmiyyətə malikdir. Bütün bunlara görə, obrazlı şəkildə demək olar ki, Qarabağ Bəyannaməsi Türk dünyasının Birlik, həmrəylik və əməkdaşlıq manifestidir.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

"Xalq qəzeti"

  • Paylaş: