Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2024 14:25
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar” üzrə VIII beynəlxalq simpozium keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar” üzrə VIII beynəlxalq simpozium keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar” üzrə VIII beynəlxalq simpozium keçirilib.

Açılış mərasimində giriş sözünü simpoziumun təşkilat komitəsinin sədri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq, beynəlxalq simpoziumun bu il Bakıda keçirilməsinin rəmzi xarakter daşıdığını bildirib. Akademik 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olmasından və ölkəmizin COP-29 kimi mötəbər tədbirə ev sahibliyi etməsindən danışıb. Vurğulayıb ki, bu gün qlobal problemlərdən biri enerji ilə bağlıdır. Dünyada bərpa olunan enerjiyə dair bir çox tədqiqatlar aparılır, institutun baş direktoru tədbirdə müzakirəyə çıxarılan məsələlərin elmin inkişafına töhfələr verəcəyinə əminliyini bildirib.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanda bərpa olunan enerji (külək və günəş) mənbələrindən istifadənin sürətlə artdığını diqqətə çatdırıb. Akademik müxtəlif elm sahələrində yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl kimya, yaşıl layihələr kimi yeni anlayışların meydana gəldiyini, yeni istiqamətlər ortaya çıxdığını qeyd edib.

AMEA rəhbəri “Yaşıl dünya naminə həmrəylik ili” və COP-29 çərçivəsində akademiyada silsilə tədbirlərin təşkil olunduğunu, müzakirələr aparıldığını, alim və ziyalılarımızın aktual elmi problemlərin həllində yaxından iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə Orta Doğu Texniki Universitetinin professoru Tayfur Öztürk əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması baxımından beynəlxalq simpoziumun elmi əhəmiyyətini qeyd edib. Professor bərpaolunan enerji mənbələrinin mənimsənilməsi kimi məsələlərə toxunulacaq tədbiri mühüm platforma kimi yüksək dəyərləndirib.

Sonra  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov  çıxış edərək alternativ enerji mənbələrinin tətbiqi və istifadəsinin getdikcə daha çox aktuallıq kəsb etdiyini söyləyib. O, çıxışında bu sahədə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi potensialının olmasını da qeyd edib.

AMEA-nın akademik - katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti, yarana biləcək problemlər və gözləntilər haqqında məlumat verib. Akademik Azərbaycanda bərpaolunan enerji mənbələri ilə bağlı mühüm işlər görüldüyünü vurğulayıb. Alim elmi simpoziumun Azərbaycan iqtisadiyyatına töhfələr verəcəyinə əminliyini də ifadə edib.

Sonra tədbir işini plenar iclasla davam etdirmişdir. Burada Moskva Milli Tədqiqat Mərkəzi Kurçatov institutunun professoru Vladimir Fateyevin “Hidrogen enerjisi: perspektivlər və problemlər”, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayevin “Hidrogen enerjisi üçün aşağı karbonlu radiasiya-termal texnologiya”, Gəbzə Texniki Universitetinin professoru Rezan Demir-Çakanın “Praktik Na-ion batareyaları üçün anod materiallarının dizaynı” mövzularında məruzələri dinlənilmişdir.

Fasilədən sonra simpoziumun işi “Hidrogen və yanacaq elementləri” və “Batareyalar və Superkondensatorlar” istiqamətləri üzrə 6 şifahi məruzə ilə davam etdirilmişdir.

Simpoziumun 2-ci günü ETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda davam etdirilmişdir. Burada Orta Doğu Teknik Universitetinin professoru Saim Özkar, Daegu Gyeongbuk Elm və Texnologiya İnstitutunun professor Jong-Sung Yunun, Split Universitetinin professor İvan Toljun plenar məruzələri dinlənilmişdir. Fasilədən sonra simpozium “Hidrogen və yanacaq elementləri” və “Batareyalar - Şəbəkə Enerjisi” mövzularında 6 şifahi məruzə ilə davam etmişdir. Nahar fasiləsindən sonra “Poster məruzələr” sessiyası başlanılmışdır. Simpoziumun mövzularına uyğun 32 poster nümayiş etdirilmişdir. Sonra akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru Etibar İsmayılov, Kantabria Universitetinin professoru Alfredo Ortizin, Qərbi Kape Universitetinin professoru Moegamat Wafeeq Davidsin plenar məruzələri dinlənilmişdir.

Simpoziumun 3-cü günü 9 oktyabr 2024-cü il tarixində ETN akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda davam etdirilmişdir. Burada ilk olaraq Malayziyanın Malaya Universitetinin əməkdaşı Ibnu Imaduddin, Polşa Elmlər Akademiyası Fundamental Texnoloji Araşdırmalar İnstitutunun əməkdaşı Amrita Jainin, Orta Doğu Teknik Universitetinin (Ankara) əməkdaşı Cigdem Toparlının plenar məruzələri dinlənilmişdir. Fasilədən sonra simpozium “Superkondensatorlar” və “Sulu Batareyalar” mövzularında 8 şifahi məruzə ilə davam etmişdir. Simpoziuma gələn qonaqlar Sosial proqram çərçivəsində Bakı şəhər turuna çıxmışlar. Axşam saatlarında isə simpoziumun “Axşam yeməyi” keçirilmişdir.

Simpoziumun 4-cü günü işini 10 oktyabr 2024-cü il tarixində AR ETN akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda davam etdirilmiş, “Günəş enerjisi və ümumi” və “Batareyalar və superkondensatorlar” mövzularında 2 sessiyada 6 şifahi məruzə dinlənilmişdir. Fasilədən sonra Azərbaycan Dövlət İqtisad Universiteti və Orta Doğu Teknik Universitetinin (Ankara) professoru Əmdulla Mehrabov, Orta Doğu Teknik Universitetinin (Ankara) professoru, simpoziumun Beynəlxalq Təşkilat Komitəsinin sədri, professor Tayfur Öztürk, Kocaeli Universitetinin (Kocaeli) əməkdaşı Ramiz Gültekin Akay plenar məruzələr etmişlər. Məruzələrdən sonra Poster sessiyasının qalibləri elan edilmiş və onlara mükafat sertifikatları təqdim edilmişdir. Mükafatçılar: Qazaxstandan - Yerzhigit Serik, Aisha Zhanaikan, Türkiyədən - Beyzanur Acar, Tuncay Erdil, Malayziyadan - İbnu Syafiq İmaduddin və Azərbaycandan - Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Sevinc Cavadova.

İclasın sonunda növbəti “9th International Symposium on Materials for Energy Storage and Conversion” un Türkiyənin İzmit şəhərində keçiriləcəyi rəsmi elan olunmuş və buna dair təqdimat göstərilmişdir. Sonda simpoziumun beynəlxalq təşkilat komitəsinin sədri, professor Tayfur Öztürk və “8th International Symposium on Materials for Energy Storage and Conversion” simpoziumunun Azərbaycan üzrə təşkilat komitəsinin sədri akademik Dilqəm Tağıyev sözügedən tədbiri bağlı elan ediblər və növbəti illərdə onlara uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: