I MƏQALƏ
Heydər Əliyevin uzaqgörənliyi
Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlıq xətti dəqiq müəyyən edilmiş qaydalara əsaslanır. Çin Xalq Respublikası ilə əlaqələrin təməli 1994-cü ildə ulu öndər Heydər Əliyevin bu ölkəyə səfəri zamanı qoyulmuşdur. Həmin dövr bütün keçmiş sovet respulikaları üçün geosiyasi seçim baxımından qarışıq mərhələ idi. Heydər Əliyev bu səfəri ilə Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğunun özünəməxsus istiqamətdə aparılacağının işarəsini vermişdir. Ümummilli liderin seçdiyi kursun səmərəliliyi, düzgünlüyü və müasir tələblərə cavab verdiyini faktlar təsdiq edir. Onların sırasında 2024-cü il iyulun 3-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ayrıca yer tutur. Prezident İlham Əliyevin çox uğurlu Çin siyasətinin birbaşa bəhrəsi olan bu sənəd iki ölkə arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsi istiqamətində mühüm amildir.
Həmin sənədin 2.3-cü bəndində yazılmışdır: “Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə...” üstünlük verəcəklər. Yəni Azərbaycan–Çin əlaqələri hətta strateji inkişaf kurslarının sinxronlaşdırılması kimi yüksək inteqrasiya məqamına hədəflənmişdir. Bu bəndin mənası genişdir. Çünki faktiki olaraq, indi mövcud əlaqələri elə genişləndirmək və dərinləşdirmək nəzərdə tutulur ki, stratejidə inkişaf kursları bir-biri ilə harmoniya təşkil edirlər və bir-birini tamamlayırlar. Bu isə kifayət qədər geniş spektrli prosesdir. Təbii ki, həmin prosesdə hər iki ölkənin strateji əhəmiyyəti olan qurumları fəal iştirak etməlidirlər.
Elm və təhsilin strateji əhəmiyyəti olan sahələr olması şübhə doğurmur. Vurğulanan sənədin 3.2 bəndində də yazılmışdır: “Tərəflər elm və texnologiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın tərəqqisini fəal şəkildə təşviq etməyə hazır olduqlarını bildirirlər” və 3.3. bənddə vurğulanır: “Tərəflər hesab edirlər ki, təhsil sahəsində əməkdaşlıq sabit şəkildə inkişaf edir. Tərəflər təhsil sahəsində əməkdaşlıq haqqında saziş və təhsil sənədlərinin və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında saziş çərçivəsində kadr və dil mübadiləsini, eləcə də universitetlər arasında qarşılıqlı əlaqəni həyata keçirirlər. Tərəflər ali təhsil müəssisələrinin birgə alyansının yaradılması məsələsini müzakirə edəcəklər”.
Vurğulanan bəndlərdən aydın olur ki, hər iki ölkənin elm və təhsil qurumlarının üzərinə ciddi vəzifələr düşür. Onlar qarşılıqlı əməkdaşlığı müasir tələblərə uyğun və strateji inkişaf kursları çərçivəsində inkişaf etdirməlidirlər. Təbii ki, bu prosesdə Azərbaycan Milli Elmlər Akademiyasının fəal iştirakı zəruridir. Faktlar göstərir ki, AMEA rəhbərliyi bununla bağlı ardıcıl addımlar atır. Nümunələrə baxaq.
AMEA: Əlaqələrin inkişaf dinamikası
Son illər AMEA rəhbərliyi Çin Xalq Respublikasının müxtəlif elm və təhsil ocaqları ilə əlaqələri yeni səviyyəyə yüksəldir. Bu proses 2024-cü ildə daha da intensivləşmişdir. O cümlədən, 2024-cü ilin iyun ayında AMEA prezidentinin rəhbərliyi ilə nümayəndə heyəti Çinə səfər etmişdir və səfər zamanı mühüm sənədlər imzalanmışdır.
2022-ci ildən başlayaraq genişlənən elmi əməkdaşlıqda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mərkəzi fəaliyyət göstərməsinin də öz payı vardır. Burada qarşılıqlı ədəbi əlaqələr istiqamətində tədqiqatlar aparılır və müxtəlif elmi konfranslar təşkil edilir. Bu kontekstdə Azərbaycan–Çin ədəbi əlaqələrinə aid poeziya antologiyasının hazırlanması xüsusi yer tutur.
Bundan başqa, AMEA-nın Ədəbiyyat İnstitutunun Çinin Hebey Pedaqoji Universiteti və Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı son illər daha da inkişaf etmişdir. Hebey Pedaqoji Universitetinin dünyanın 35-dən çox elmi qurumu ilə əlaqələri vardır.
2024-cü ilin iyun ayında isə AMEA prezidenti Şiçzyaçjuan şəhərində Hebey Sosial Elmlər Akademiyasının rəhbərliyi ilə Anlaşma Memorandumu imzalamışdır. Tədbidə Azərbaycanla Çin arasında elmi əməkdaşlığın əhəmiyyətindən danışılaraq, onun perspektivlərindən bəhs edilmişdir. Vurğulanmışdır ki, iki ölkənin rəhbərlərinin inkişaf etdirdiyi dostluq münasibətləri “...dünya miqyaslı qlobal layihələrdə ölkələrimizin birgə iştirakının elm sahəsinə də xüsusi diqqət yetirilməsinin vacibliyini önə çıxarmışdır...”. Bu da “...dost dövlətlərin prioritet istiqamətlərindən birini təşkil edən elmi əməkdaşlığa da daim diqqət yetirilməsini” zəruri etmişdir.
Memorandumda elmi əməkdaşlığın gücləndirilməsi, prioritet istiqamətlərin inkişaf etdirilməsi, elmi nəşrlərin mübadiləsi üzrə müddəalar öz əksini tapmışdır.
AMEA prezidentinin Çinə səfəri zamanı bir əhəmiyyətli əməkdaşlıq sənədi də imzalanmışdır. Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondu ilə AMEA arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumda birgə elmi fəaliyyətin müddəaları yer almışdır.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun da Çinin elmi təşkilatları ilə əməkdaşlığı inkişaf edir. Bu bağlılıqda alimlərin diqqətini Fəlsəfə və Sosiologiya İnstitutunun təşəbbüsü ilə təşkil edilən virtual laboratoriya əməkdaşlıq formatı çəkmişdir. Həmin üsulla rəqəmsallıq dövründə coğrafi olaraq ən uzaq məsafədə yerləşən ölkələrin yaradıcı adamlarının faydalı əməkdaşlığını təşkil etməyin mümkünlüyü sübut olunmuşdur.
Azərbaycan və Çin alimləri Virtual Laboratoriya çərçivəsində dialoq zamanı ən aktual elmi problemləri müzakirə edə bilirlər. Bu prosesdə digər ölkələrin elmi təmsilçilərinin də iştirakı təmin edilir. Bununla da geniş elmi dairələrdə elmin ən aktual problemlərini akademik səviyyədə müzakirə etmək imkanı yaranır.
Onu vurğulayaq ki, virtual laboratoriyada müzakirə edilən elmi məsələlərin həm dövlətçilik, həm də sırf elmi maraqlar baxımından əhəmiyyəti çoxdur. Məsələn, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları çinli həmkarları ilə “Bir kəmər, bir yol” layihəsinin fəlsəfi və geosiyasi təhlilini aparmışlar. Bu müzakirələrin nəticələri ayrıca kitabda öz əksini tapmışdır.
AMEA-nın Çinin müxtəlif elmi təşkilatları ilə əməkdaşlığı yalnız Ədəbiyyat və Fəlsəfə və sosiologiya institutları ilə məhdudlaşmır. Artıq daha çox sayda elmi tədqiqat institutları bu prosesə qoşulurlar. Burada duqqət çəkən məqamlardan biri AMEA-nın Çin tərəfi ilə əlaqələrə elm-təhsil vəhdəti kontekstində üstünlük verməsi ilə bağlıdır. Onun çərçivəsində isə müxtəlif elmlər arasında əlaqələrin inkişafı xüsusi yer tutur. Bununla AMEA rəhbərliyi iki elmi məqsədə çatmaqdadır.
Birincisi, Azərbaycanla Çin arasında elmi əməkdaşlıq təhsil də nəzərə alınmaqla ölkənin strateji inkişaf kursunun şərtlərinə uyğun təşkil edilir.
İkincisi, bu prosesdə elmlə təhsilin inteqrasiyası elmlərarası əlaqələrin daha da gücləndirilməsi kontekstində aparılır.
Bu məqsədlərin reallaşması fonunda AMEA ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq aktual və əhəmiyyətli görünür.
AMEA–Honkonq Kore Akademiyası əməkdaşlığı
2024-cü il oktyabrın 7-də AMEA Rəyasət Heyətinin Azərbaycan Milli Elmlər Akademiyası və Çin Xalq Respublikasının Honkonq Kore Akademiyası arasında elmi əməkdaşlığa həsr olunmuş iclası keçirilmişdir.
AMEA prezidenti tədbirdəki çıxışı zamanı Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişaf etdiyini bildirmişdir. Akademik İsa Həbibbəyli aşağıdakı faktları gətirmişdir: AMEA Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq edir.
Hazırda AMEA ilə Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyasının “Xəzərdən Çin səddinədək” mövzusunda birgə elmi layihəsi icra edilir. Bu istiqamətdə artıq ilk elmi konfrans 2024-cü ilin iyun ayında Çində keçirilmişdir. Növbəti tədbir isə 2025-ci ildə Bakıda keçiriləcək.
Bunlarla yanaşı, Pekin Xarici Dillər Universitetində “Azərbaycan dili” ixtisasının tədris olunması ayrıca əhəmiyyətli hadisədir. AMEA həmin universiteti azərbaycandilli elmi-ədəbi, tarixi və digər əlavə ədəbiyyatla təmin etmişdir. Akademiyanın bu kimi addımları birbaşa dövlətçiliyə, milli mədəniyyətin təbliğinə, təşviqinə və dilimizin praktiki fəaliyyət arealının genişlənməsinə xidmət edir.
Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının əhəmiyyətli olduğunu xüsusi vurğulamışdır.
Honkonq Kore Akademiyasının İcra Şurasının üzvü professor Li Leinin əməkdaşlıqla bağlı ifadə etdiyi fikirlərdə iki maraqlı məqamı qeyd etmək olar.
Birincisi, professor Li Le geniş əməkdaşlıq perspektivlərinin mövcudluğundan bəhs etmişdir. O cümlədən, “qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmaq üçün ortaq laboratoriya və ya mərkəz” yaradıla bilər.
İkincisi, Honkonq Kore Akademiyası “Azərbaycanda təkcə humanitar və ictimai elmlər sahəsində deyil, bərpa olunan enerji, “yaşıl energetika” və digər sahələrdə həyata keçirilən tədbirlərə də öz töhfəsini verməyə hazırdır”.
İki aktual məsələ
Hər iki tərəfin fikirlərindən belə görünür ki, əməkdaşlığı dinamik olaraq genişləndirmək və dərinləşdirmək niyyəti vardır. Bu istiqamətdə AMEA və Honkonq Kore Akademiyası təmaslarını intensivləşdirmək və artırmaq istəyindədirlər. Şübhəsiz ki, qarşılıqlı olan bu kimi niyyətlər sayəsində, bütövlükdə, Azərbaycanla Çin arasında elm və təhsil sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edəcəkdir.
Yuxarıda vurğulanan məqamlar və faktlar fəlsəfi xarakterli iki məsələ üzərində düşünməyə sövq edir. Onlardan biri AMEA-nın yeniləşmə kursunda Çin faktorunun yeri və rolu ilə bağlıdır. Bu, bütövlükdə qalıcı elmi tərəqqiyə nail olmaq baxımından maraqlı və əhəmiyyətli məsələdir.
Digər məqam isə Çin elmi təşkilatları ilə strateji inkişaf kursu çərçivəsində əməkdaşlıq platformasının ölkəmiz üçün əhəmiyyəti yüksək olan Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan dövlətlərin elmi təşkilatları ilə əməkdaşlıq strategiyası arasında harmoniyanın yaradılması ilə əlaqəlidir.
Niyə məhz TDT üzvləri? Əlbəttə, kimsə Avropa və Rusiya istiqamətini arxa plana atmır və bu, faydalı olmazdı. Lakin diqqət etsək, görərik ki, TDT istiqaməti Azərbaycanın strateji inkişaf kursunda xüsusi yer tutur və AMEA rəhbərliyi də bu reallığa uyğun addımlar atır. Eyni zamanda, Çin indi dünyanın ən sürətlə inkişaf edən və elmi potensialı yüksək olan dövlətidir. Çinlə elmi əməkdaşlıq sırf elmi çərçivəni aşır və geosiyasi, siyasi, mədəni və başqa anlamlar alır. Bu baxımdan strateji inkişaf müstəvisində TDT və Çin faktorlarının bütün sferalarda münasibətlərinin müstəqil dövlərtçilik maraqlarına uyğunlaşdırılması prinsipial mahiyyət daşıyır.
O da aydındır ki, məsələnin bu cür qoyuluşu özlüyündə AMEA faktorunu hər iki istiqamətdə – TDT və Çin istiqamətlərində daha da aktuallaşdırır. Məsələnin bu aspekti üzərində fəlsəfi kontekstdə geniş dayanmaq zərurəti meydana gəlr.
(ardı var)
Füzuli QURBANOV, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru