Azərbaycanın sosial-iqtisadi inkişafına dair 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılan beş milli prioritetdən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkənin gözəl təbiətinə, zəngin bioloji müxtəlifliyinə, yaşıl örtüyünə, o cümlədən əsrarəngiz bitkilər aləminə dövlətimiz tərəfindən göstərilən diqqətin, verilən yüksək qiymətin bariz göstəriciləridir.
Bu xüsusda uzun bir dövr ərzində Azərbaycanın bitki müxtəlifliyinin addım-addım, dərindən, hərtərəfli öyrənilməsi və qorunub saxlanılması sahəsində elmimizin və alimlərimizin çalışmaları, göstərdikləri fədakarlıqlar çox böyük əhəmiyyətə malikdir. Xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq bu cür alim şəxsiyyətlər sırasında ölkədə elm və təhsilin inkişafı üçün çox iş görmüş, əldə etdikləri nailiyyətlərlə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınmış qadın alimlərimizin də olması bizim üçün şərəfdir. Regionun bitki biomüxtəlifliyinin bu cür görkəmli tədqiqatçılarından biri də həyatını biologiya elminin inkişafına, yüksəkixtisaslı milli kadrların hazırlanmasına sərf etmiş, bütün varlığı, fəaliyyəti və əməlləri ilə yeni alim nəsillərinin yollarına işıq saçan Validə Xasbulat qızı Tutayuq olmuşdur.
Adını botanika elminin tarixinə yazmış, çoxprofilli biliyi ilə şöhrət qazanmış, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, akademik Validə Tutayuq 1914-cü ilin sentyabrında Qarabağın tacı Şuşa şəhərində meşəbəyi ailəsində dünyaya göz açmışdır. Atası Xasbulat bəy Tutayuq Çeçenistanın paytaxtı Qroznı şəhərində doğulmuş və Peterburq Meşəçilik Akademiyasını bitirmiş ali təhsilli dövlət məmuru, anası Südabə xanım isə məşhur Qacar soyuna mənsub bəy qızı idi.
Xasbulat bəy Tutayuq ali məktəbi əla qiymətlərlə bitirdikdən sonra təhsil illərində yaxın olduğu, atası tərəfdən qohumu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Şuşaya gəlmişdi. Qohumluq bağları ilə Xurşidbanu Natəvanın əri general Xasay xan Usmiyevlə də bağlı olan X.Tutayuq həvəslə işə başlamışdır. Qarabağ meşələrinin qorunması və inkişafında meşəbəyi kimi səmərəli fəaliyyət göstərmişdir. O, 1903-cü ildə Şuşada Qızlar Gimnaziyasında müəllim işləyən, rus dilini mükəmməl bilən, şəhərdəki savadlı qadınlardan biri sayılan Südabə xanımla evlənmişdi.
Xasbulat bəy və Südabə xanımın uşaqları - qızları Zinyət, Fatma, Ənbər, Validə və oğlu Murad yaxşı təhsil almış, lakin həyatları çox keşməkeşli olmuşdur. Qarabağda məşhur hesab edilən Tutayuq ailəsinin sonbeşiyi olan Validə Şuşa şəhərində 9 illik orta məktəbi bitirdikdən sonra 1930-cu ildə Səməd ağa Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik fakültəsinə daxil olmuşdur.
Təhsil aldığı institutda yüksək bilik və bacarığı, istedadı ilə fərqlənən Validə Tutayuq 1932-ci ildə axşam təhsili ilə yanaşı, meyvəçilik və tətbiqi botanika sahəsində görkəmli mütəxəssis, professor S.V.Krainskinin rəhbərlik etdiyi Meyvəçilik kafedrasında preparator vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, öz xatirələrində qeyd edirdi ki, mənim bir alim kimi formalaşmağımda görkəmli rus alimləri ilə birgə çöl ekspedisiyalarında iştirak etməyim böyük rol oynamışdır. Professor S.V.Krainski onu özünün bütün tədqiqatlarına və ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi məqsədilə Zaqafqaziya zonasında aparılan ekspedisiyalar xüsusilə maraqlı və məhsuldar olmuşdu.
Validə xanım professor S.V.Krainski ilə birgə qərzəkli meyvələr üzrə toplanmış materialları tədqiq edərək 100-ə qədər yunan qozu və fındıq bitkisinin təsvirini vermişdi. Bu, gələcək alimin ilk elmi işi idi.
Validə Tutayuq 1934-cü ildə "Bitkilərin yarpaq çilikləri ilə çoxaldılması" mövzusunda diplom işini yüksək səviyyədə müdafiə edərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, həmin ildə çalışdığı kafedrada aspiranturaya qəbul olunmuş, daha sonra aspirantura təhsilini davam etdirmək üçün K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilmişdi. Fenomenal tədqiqat qabiliyyətinə malik olmasını və bəzək bağçılığına marağını nəzərə alan akademik P.M.Jukovski gənc tədqiqatçı kimi Validə Tutayuqa çoxləçəkli çiçəyi olan bitkilərlə, xüsusilə onun ən maraqlı orqanı olan çiçəklərlə məşğul olmağı məsləhət görmüşdü.
V.X.Tutayuqun namizədlik dissertasiyasının mövzusu "Şəbbügülündə çoxləçəkliliyin təbiəti"nə həsr edilmişdi və o, bu dissertasiyanı 1939-cu ildə 25 yaşında K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinin elmi şurasında uğurla müdafiə etmişdir. Alim bu obyekt üzərində kiçik bir ixtira da etmişdi: şəbbügülünü xaricdən əhatə edən çoxləçəkli çiçəklərində ləçəyin içərisində tozcuqla birlikdə toz kisəciyinin inkişaf etdiyini ilk dəfə Validə xanım təyin etmişdi.
V.Tutayuq Kənd Təssərüfatı Akademiyasında aspiranturanı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qayıtmış və 1939-cu ildən ömrünün sonuna kimi fasilələrlə Botanika kafedrasına başçılıq etmişdir. Eyni zamanda alim SSRİ-nin və dünyanın müxtəlif zonalarını təmsil edən müəyyən sinif, sıra, fəsilə və cinslərə məxsus örtülütoxumlu bitkilərin nümayəndələrində çoxləçəkli çiçəklərin tədqiqini davam etdirmişdir. Onun doktorluq dissertasiyası da bu istiqamətdə apardığı çoxillik tədqiqatların mühüm nəticələrinə əsaslanırdı.
Validə xanım örtülütoxumlu bitkilərin müxtəlif fəsilələrinə aid 150 növdən artıq çoxləçəkli bitkinin öyrənilməsi nəticəsində çoxləçəkliliyin nəzəri əsaslarını vermiş, "Çoxləçəkli örtülütoxumluların embriologiyası" adlı dissertasiya işini 11 may 1949-cu ildə Sankt-Peterburqda, SSRİ Elmlər Akademiyası V.L.Komarov adına Botanika İnstitutunun elmi şurasında müdafiə edərək, 35 yaşında biologiya elmləri doktoru adına layiq görülmüş ilk azərbaycanlı qadındır.
Görkəmli botanik alim əldə etdiyi mühüm elmi nəticələrə, elmə gətirdiyi yeniliklərə və kadr hazırlığındakı nailiyyətlərinə görə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Validə xanım çiçəyin çoxləçəkliliyinə dair aldığı nəticələrlə bir çox elmi konqres, qurultay və konfransda məruzələr etmişdir.
Validə Tutayuq 1939-1957-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasında müdir vəzifəsində çalışmaqla yanaşı, 1954-1957-ci illərdə eyni zamanda elmi işlər üzrə direktor müavini işləmişdir. Özünü bütün vəzifələrdə bacarıqlı təşkilatçı kimi göstərmiş alim 1957-1962-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası L.Komarov adına Botanika İnstitutunun direktoru vəzifəsində bir sıra uğurlara imza atmış, 1958-1974-cü illərdə isə burada həmçinin laboratoriya rəhbəri olmuşdur. V.Tutayuq yenidən Gəncəyə dönərək 1962-1980-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika və seleksiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Respublikada aqrar sahənin inkişafında mühüm rol oynayan bu ali təhsil müəssisəsinin elmi inkişafında onun böyük və əvəzedilməz xidmətləri danılmazdır.
Görkəmli alim Botanika İnstitutuna rəhbərliyə gəldiyi zaman qarşısında duran ən mühüm vəzifə 1951-ci ildən yazılmağa başlanmış "Azərbaycan florası" kitabının qalan cildlərini hazırlayıb çapa verməkdən ibarət olmuşdur. 3 illik gərgin əməyin nəticəsi olaraq, "Azərbaycan florası"nın 7-ci və 8-ci cildləri hazırlanaraq çap edilmiş, beləliklə, Azərbaycan florasının nəşri tamamlanmışdır. Validə xanım institutun Sistematika və digər şöbələrinin, eləcə də nəzdində fəaliyyət göstərən Nəbatət bağının alimləri ilə birlikdə "Azərbaycanın ağac və kolları" ikicildliyini çap etdirmiş, "Qafqazın dendrologiyası" çoxcildliyinin V və VI cildlərinin həmmüəlliflərindən biri kimi də tanınmışdır.
Demək olar ki, təkcə botanikanın deyil, ümumən biologiya elminin inkişafı tarixində böyük xidmətləri ilə seçilmiş alim öz tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətləri bitkilərin anatomiyası, morfologiyası, sitologiyası, embriologiyası sahəsində fundamental və praktiki əhəmiyyət kəsb edən problemlərin həllinə yönəlmişdi. Validə xanım həm genişprofilli morfoloq və dendroloq, həm də bəzək bağçılığı və yaşıllaşdırma sahəsində mütəxəssis kimi şöhrət qazanmışdı.
V.Tutayuqun apardığı elmi işlərin nəticələri həmçinin "Çoxləçəkli örtülütoxumların embriologiyası", "Çoxləçəkli çiçəklərin quruluşu", "Örtülütoxumlu bitkilərin mənşəyinə dair", "Örtülütoxumlu bitkilərin çoxləçəkliliyinin anatomiyası və morfologiyası" monoqrafiyalarında və "Örtülütoxumlu bitkilərdə mikro və meqa sporogenezin anatomiyası", "Çiçəkli bitkilərdə meqasporogenez" və s. məqalələrində öz əksini tapmışdı.
V.Tutayuq dendrologiya sahəsində apardığı morfoloji-anatomik, karioloji tədqiqatlarla Talışın Üçüncü dövrə aid qədim relikt ağaclarının Dördüncü dövrün şəraitinə uyğunlaşması yollarını elmi şəkildə sübut etmişdir. Eyni zamanda bu ağacların quru subtropik Abşeron şəraitində də yaxşı inkişaf edəcəyi ilə bağlı mülahizələrini də bildirmişdi.
Validə xanım Azərbaycanda heyvandarlığın inkişafında müstəsna əhəmiyyəti olan yay və qış otlaqlarının invertarlaşdırılması, növ tərkibinin müəyyənləşdirilməsi, məhsuldarlığı və məhsuldarlığının artırılmasına dair həyata keçirilən layihələrdə məsləhətçi və ya iştirakçı olmuşdur. Alimin rəhbərliyi ilə 1968-1972-ci illərdə respublikanın otlaqları geobotaniki baxımdan geniş şəkildə öyrənilmişdir. Kəlbəcər, Laçın və Ceyrançöl yay və qış otlaqlarından 100 mindən artıq herbari toplanaraq təyin edilmiş, otlaqların vəziyyətinin yaxşılaşdırılmasına aid tövsiyələr verilmiş və geobotaniki xəritələr, aqrokimyəvi kartoqramlar tərtib edilmişdir.
Görkəmli alim faydalı bitkilərin aşkar edilməsi və istehsalata tətbiqinə ciddi maraq göstərirdi. Bu məqsədlə onun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarına çoxsaylı ekspedisiyalar təşkil edilmiş, herbarilər, analiz üçün bitki materialları toplanmış, faydalı bitkilərin yayılması, bəzilərinin isə həmçinin ehtiyatları öyrənilmişdir. Akademikin rəhbərliyi ilə dərman, efiryağlı, alkaloidli və qlikoalkaloidli bitkilərin introduksiyası və onlardan müxtəlif bioloji fəal maddələrin, efir yağlarının, aşı maddələrinin alınma texnologiyası işlənib hazırlanmış və onların bəziləri istehsalata tətbiq edilmişdir.
Elmi tədqiqatların nəticələrinə əsaslanaraq efir yağı istehsalını təşkil etmək məqsədilə respublikanın Abşeron, Lənkəran-Astara, Şəki-Zaqatala rayonlarında efiryağlı bitkilər sovxozlarının təşkili, Bakı şəhərində fəaliyyət göstərən "Efir yağı" zavodunun genişləndirilməsi məsələsi dövlət orqanları qarşısında qaldırılmışdır. Validə Tutayuqun təklifi və səyləri ilə 1960-cı illərdə Zaqatalada efiryağlı bitkilər sovxozu və onun nəzdində "Efir yağı" zavodu yaradılmışdır.
Validə Tutayuqun Botanika İnstitutuna rəhbərlik etdiyi dövrdə Nəbatat bağının inkişafına və genefondunun zənginləşdirilməsinə böyük diqqət göstərmiş, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 500 növdən artıq bitkinin toxumları introduksiya olunaraq kolleksiyaları yaradılmışdır. Validə xanım özü də elmi ezamiyyətlərə gedərkən xarici ölkələrdən çoxlu gül toxumları gətirir və onların Azərbaycan şəraitində çoxaldılmasının həyata keçirilməsinə rəhbərlik edirdi.
Validə xanımın Azərbaycan təbiətinin nadir incilərinin öyrənilməsi və qorunması sahəsindəki fəaliyyəti də çoxsahəli olmuşdur. Cəbrayıl rayonunda 3000, Gəncədə 1500, Ordubadda 1000-1200 il yaşı olan çinarlar, Şəkidə gövdəsi 6 metr olan çinar, Oğuz rayonunda 800 illik ağcaqayın, İsmayıllıda 700-800 yaşı olan fıstıq, Qax rayonunda 1500 il yaşı olan dağdağan, Tasmalı kəndində 1200 illik palıd və başqa təbiət abidələri onun tərəfindən qeydə alınmış, onların qorunması ilə bağlı müvafiq orqanlar qarşısında məsələlər qaldırılmışdır.
Validə xanım geniş tədqiqat diapazonuna malik alim kimi biologiyanın kənd təsərrüfatına tətbiqi istiqamətində də mühüm nailiyyətlər əldə etmiş, aqronomik botanikanın fundamental əsaslarını yarada bilmişdir.
Görkəmli alim 250-dən artıq elmi əsərin, o cümlədən 10 dərsliyin və 9 monoqrafiyanın müəllifi olmuşdur.
Qeyd etmək lazımdır ki, botanika və biologiya üzrə genişprofilli milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin yazılmasında akademik V.X.Tutayuqun xidmətləri əvəzsizdir.
Akademik Validə Tutayuqun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 30-dan çox elmlər namizədi və 3 elmlər doktoru hazırlanmışdır.
Akademik Validə Tutayuqun əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilmişdir. O, "Şərəf nişanı" ordeni (1943), "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə "B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə" yubiley medalı (1955), respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, "Əməkdar elm xadimi" adına (1974) layiq görülmüşdür.
Validə xanım Tutayuq həyatının son günlərini Gəncə şəhərində keçirmiş və 12 noyabr 1980-ci ildə dünyasını dəyişmişdir. Vəfatından illər keçməsinə baxmayaraq, onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən unudulmur və daim hörmətlə xatırlanır.
İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik
“Azərbaycan” qəzeti