AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Bakı Dövlət Universitetinin 105 illiyinə həsr olunan “Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı” adlı geniş məqalə qələmə alıb.
Həmin məqaləni təqdim edirik:
Bakı Dövlət Universiteti hər bir azərbaycanlı üçün müqəddəs ziyalı ocağıdır. Bu elm və təhsil ocağı ona görə müqəddəsdir ki, bu ocaq Gülüstan və Türkmənçayda parçalanmış və bundan sonra torpaqları dəfələrlə bölüşdürülmüş Azərbaycanda, son dərəcə mürəkkəb və çətin tarixi şəraitdə, dövlət bayrağı qaldırmağı bacarmış unudulmaz əqidə-məslək insanlarımızın doğma xalqına əmanətidir. Elə bir əmanət ki, onun yaratdığı bünövrə üzərində bizim bütövlükdə müasir elm və təhsil sistemimiz təşəkkül etdi. Ən başlıcası: cümhuriyyətçilərimizin yaratdığı universitet bolşevik rejimi dövründə başına açılan bütün müsibətlərə sinə gərdi və milli şüurumuzda istiqlal bayrağını enməyə qoymadı.
Azərbaycan xalqının milli dövlətçilik tarixində elm və təhsilin inkişafında misilsiz xidmətləri olan Bakı Dövlət Universitetinin yaranması günü təkcə təhsil sisteminin deyil, bütün Azərbaycan ziyalılığının müqəddəs bayram günüdür.
105 yaşlı Bakı Dövlət Universiteti (BDU) təkcə ölkəmizdə deyil, bütün müsəlman Şərqində yaranan ilk müasir ali təhsil ocağıdır. BDU ölkədə ali təhsilin və elmin inkişafında əvəzsiz rol oynayıb. Universitetimiz hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil ocağıdır – ali təhsil sistemimizin bayraqdarıdır.
BDU-nun təsis olunması Azərbaycan Xalq Cümhuriyyətinin millətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Çar mütləqiyyəti dövründə yeridilən qəddar milli müstəmləkəçilik siyasəti nəticəsində Rusiya imperiyası Cənubi Qafqazda heç bir ali təhsil müəssisəsinin açılmasına imkan vermədi. Fevral inqilabı (1917) nəticəsində Romanovlar mütləqiyyəti devrildikdən sonra yaradılmış Müvəqqəti hökumət də Cənubi Qafqazda yeganə ali məktəbi - “rus universiteti”ni Bakıda deyil, Tiflisdə açmaq niyyətində idi. Tiflisdə universitet açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət bir komissiya da yaradılmışdı. Həmin komissiyaya sonralar BDU-nun yaradılmasında mühüm rol oynamış professor V.İ.Razumovski başçılıq edirdi. Komissiya Tiflisdə açılması nəzərdə tutulan “rus universiteti”nin layihə və smetasını hazırlayıb Zaqafqaziya Respublikası hökumətinin müzakirəsinə verdi. V.İ.Razumovski xatırlayırdı: “İşimiz qurtarana yaxın (Rusiyada Oktyabr çevrilişindən sonra - Y.M.) Cənubi Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən (azərbaycanlılardan - Y.M.) ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarifi naziri bakılı Xan Xoyski (Fətəli xan Xoyski - Y.M.) idi. Biz Tiflisdə “rus universiteti”nin təşkili üçün gördüyümüz işlərdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir (Xan Xoyski) bizi dinlədi, Qafqazda “rus universiteti”nin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: “Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti... Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?” O, bizim məlumat məktubumuzu nəzərdən keçirmək üçün götürdü və məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi”.
Göründüyü kimi, Zaqafqaziya Respublikası hökumətinin xalq maarifi naziri olan Fətəli xan Xoyski, faktiki olaraq, yeni universitetin Tiflisdə deyil, Bakıda açılması təklifini irəli sürüb. Lakin hökumət bu məsələyə baxmağa imkan tapmadı. Zaqafqaziya hökuməti süquta uğradı. Cənubi Qafqazda üç müstəqil respublika yarandı. Bununla belə, yeni universitetin Bakıda deyil, məhz Tiflisdə açılması gündəmdə saxlanıldı. 1918-ci ilin iyulunda Ali qadın kursları üç fakültədən - Təbiət, Tarix-filologiya və Tibb fakültələrindən ibarət, tədrisin rus dilində aparılacağı Zaqafqaziya Universitetinə çevrildi. Universitet Tiflisdə açıldı. V.İ.Razumovski universitetin rektoru seçildi. Lakin Zaqafqaziya Universiteti yarandığı ilk günlərdən böyük maliyyə çətinlikləri ilə rastlaşdı və çox keçmədən məlum oldu ki, onun Tiflisdə fəaliyyət göstərməsi mümkün olmayacaqdır. Beləliklə, yenicə açılmış universitetin Yekaterinodar (indiki Krasnodar), İrəvan və ya Bakıya köçürülməsi məsələsi meydana çıxdı.
Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakı şəhərində Universitetin açılmasına böyük önəm verirdi. Bu xətti Nəsib bəy Yusifbəyli Hökuməti də davam etdirdi. Beləliklə, Cümhuriyyət hökuməti yaranmış əlverişli imkandan istifadə edərək yeni universitetin Bakıda fəaliyyətə başlaması üçün xüsusi qətiyyət nümayiş etdirdi. V.İ.Razumovski yazırdı: “1919-cu ilin əvvəlində Azərbaycan Respublikası xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, “rus universiteti”ni Bakıya köçürmək təklifi ilə gəlmişdi, yaxşı binalar, maddi təminat və s. vəd etdi”.
Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Bakıda universitet açmaq niyyəti ictimai ehtiyacdan doğurdu. Xalq Cümhuriyyətinin qurucuları da daxil olmaqla Azərbaycanın bir çox ictimai xadimləri və ziyalıları millətin gələcəyini elmdə və təhsildə görür, öz mütərəqqi ideyalarının gələcəyini də maariflə, ali məktəblə bağlayırdılar. Bütün bunlarla yanaşı, Azərbaycanın real intellektual potensialı da ölkədə universitetin fəaliyyətə başlamasına imkan verirdi. Digər tərəfdən, Zaqafqaziya Universitetinin Tiflisdə fəaliyyət göstərə bilməməsi yeni yaradılmış universitetin professorlar şurasını da qətiyyətli hərəkət etməyə vadar etdi. 1919-cu ilin martında rektor V.İ.Razumovski universitet şurasının iclasında Bakıya köçmək haqqında təklif irəli sürdü. Çünki Bakıdan alınmış təkliflər daha real, sanballı və ümidverici idi. Universitet şurasında müzakirə zamanı əksəriyyət universitetin Bakıya köçürülməsinə tərəfdar oldu. Lakin şura üzvlərindən bir qrup, xüsusən ermənilər, bunun əleyhinə çıxdılar. Məsələnin qəti həlli üçün komissiya yaradıldı. N.A.Dubrovski, L.A.İşkov və İ.S.Sitoviçdən ibarət nümayəndə heyəti Cümhuriyyət Hökumətilə danışıqlar aparmaq, real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi. V.İ.Razumovskinin xatirələrindən məlum olur ki, nümayəndə heyətinin Bakıda apardıqları danışıqlar nəticəsində bir daha aydın oldu ki, Azərbaycan Hökuməti öz universitetinin olmasında o dərəcədə israrlıdır ki, “hətta Zaqafqaziya “rus universiteti” köçməsə də, Bakıda universitet yaradılacaqdır, ultimativ müddət də müəyyən olunmuşdu - 1 may”. Bu zaman Azərbaycan xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski V.İ.Razumovskiyə teleqram göndərib bildirdi ki, Bakıda yeni universitet açılır və bu universitetin təşkilini öz üzərinə götürsün. V.İ.Razumovski öz həmkarları ilə məsləhətləşmələr apardıqdan sonra, təklifi qəbul etdi, Tiflisdə açılmış Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən imtina etdi və Cümhuriyyət hökumətinin təklifinə razılıq verdiyini teleqraf vasitəsilə Bakıya bildirdi. Beləliklə, Tiflisdə fəaliyyət göstərə bilməyən “rus universiteti”nin Krasnodara və İrəvana köçürülməsi cəhdləri baş tutmadı.
Çox keçmədən Azərbaycan Xalq Maarifi Nazirliyi nəzdində Universitet komissiyası haqqında əsasnamə qəbul edildi. 1919-cu il mayın 19-da Hökumət Xalq Maarifi Nazirliyi nəzdində Universitet komissiyasının tərkibini təsdiq etdi. Komissiyanın tərkibinə prof. V.İ.Razumovski (sədr), prof. A.M.Levin, prof. N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarifi Nazirliyindən V.İrzayev, M.A.Şahtaxtinski, şəhər özünüidarəsindən şəhər idarəsinin üzvü Əlicabbar Orucəliyev, “Neft sənayeçiləri qurultayı” şurasından A.N.Sarapov, M.Sultanov daxil idilər. Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi də məşvərətçi səslə komissiyanın fəaliyyətinə cəlb edildilər. Kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq magistri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə cəlb olunmuşdular. Komissiyanın 1919-cu il mayın 21-də keçirilən birinci iclasında xalq maarifi naziri Rəşid bəy Qaplanov çıxış edərək Azərbaycan Hökumətinin Bakıda universitet açılması barədə qəti qərarı olduğunu bildirdi.
Cümhuriyyət hökuməti Universitet komissiyasına geniş hüquqlar verdi. Komissiya üzvləri Hökumət başçısı da daxil olmaqla, hər bir yüksək vəzifə sahibinə birbaşa müraciət etmək səlahiyyətinə malik idi. Hökumət iyunun 16-da Universitet komissiyasının ştatlarını təsdiq edib, maaşlarını müəyyənləşdirdi. Komissiya qısa müddətdə universitetin təsis edilməsi haqqında 1919-cu il 31 may tarixli bəyannaməni, qanun layihəsini, universitetin nizamnamə layihəsini, həmçinin, 1919-1920-ci tədris ili üçün ştat cədvəli və smeta layihəsini Hökumətə təqdim etdi. Hökumət komissiyanın təqdim etdiyi layihəni iyulun 7-də müzakirə etdi. Müzakirənin gedişində Cümhuriyyət hökumətinin universitet təsis olunması məsələsində nə qədər qətiyyətli olduğu bir daha aydın oldu. Belə ki, ölkənin iqtisadi vəziyyətinin mürəkkəb olduğu bir şəraitdə universitetin açılması üçün tələb olunan 3,5 milyon manatlıq maliyyə vəsaiti nəinki azaldılmadı, əksinə, 5 milyon manata qədər artırıldı. Müəllimlərin əmək haqqına da nəzərdə tutulduğunun 1/3-i qədər əlavə olundu. 1919-cu il avqustun 21-də Parlamentdə universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsi keçirildi. Müzakirə göstərdi ki, universitetin açılmasına əksəriyyət tərəfdar olsa da, əleyhdarları da var. Bakıda universitet açılmasının əleyhinə olanlar rus dilində açılacaq universitetin ruslaşdırma ocağı olacağından ehtiyat edirdilər. Universitet açılmasının əleyhdarlarının fikrincə, yeni universitet rus dilində açılarsa, milliləşdirilən orta məktəblərin hamısı universitet fəaliyyətə başladıqdan sonra ləğv olub gedəcəkdir. Onların fikrincə, Bakıda Universitet açılmalıdır, lakin Azərbaycan dilində, həm də onun açılışı orta məktəblərin milliləşdirilməsinin başa çatması ilə bir vaxtda həyata keçirilməlidir.
Universitetin rus dilində təsis olunmasının əleyhinə olanların bütün iddiaları mütərəqqi və uzaqgörən Parlament üzvləri və qabaqcıl ziyalılar tərəfindən qəbul olunmadı. Həmin ziyalılar real vəziyyətlə hesablaşaraq rus dilində açılacaq universitetin tədriclə milliləşdirilməsi və türkləşdirilməsinə tərəfdar idilər. Universitetin açılmasında onun ilk təşəbbüsçüsü F.x.Xoyskinin, həmçinin, N.Yusifbəylinin, R.Qaplanovun, H.Şahtaxtinskinin, M.Ə.Rəsulzadənin böyük xidmətləri oldu. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” qəbul etdi. Parlamentdə universitetin açılması barədə qanunun qəbul olunmasında Müsavat fraksiyasına başçılıq edən M.Ə.Rəsulzadə mühüm rol oynadı. Elə həmin iclasda Parlament 1919-1920-ci dərs ilində 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə də qərar qəbul etdi.
Universitetin açılması haqqında qanunda onun dörd fakültədən: Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və Tibb fakültələrindən ibarət olduğu göstərilmiş, 1919-cu il sentyabrın 1-dən başlayaraq birillik müvəqqəti ştat və smeta cədvəli, Universitet komissiyasına üç il müddətinə ilk rektor və dekanları, kollegiyaya isə professorları dəvət etmək, elmi şuraya idarə heyəti təşkil etmək hüququ verildiyi öz əksini tapmışdı. Qanunda 1919-1920-ci dərs ilində tədrisin təşkili, zəruri avadanlıqlarla təchiz olunması üçün universitetə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş, xüsusi olaraq göstərilmişdi ki, türk (Azərbaycan) dili bütün fakültələrdə icbari fənn kimi tədris olunmalıdır. BDU 1919-cu il sentyabrın 1-dən etibarən fəaliyyətə başlamış sayılırdı. Universitetə həm kişilər, həm də qadınlar bərabər hüquqla qəbul olunurdular. Qəbulda Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Universitetin təsisi haqqında qanunun Parlament tərəfindən təsdiq olunması münasibətilə V.İ.Razumovski Parlamentdəki çıxışında demişdi: “Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisənin - Darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm...”.
Universitetin təşkilat komissiyası V.İ.Razumovskini yekdilliklə universitetin rektoru, görkəmli tarixçi, publisist N.A.Dubrovskini Tarix-filologiya fakültəsinin, prof. İ.İ.Şirokoqorovu isə Tibb fakültəsinin dekanı seçdi. İ.İ.Şirokoqorov bu zaman Bakıda olmadığına görə prof. A.M.Levin Tibb fakültəsinə müvəqqəti dekan seçildi. Beləliklə, Bakı Dövlət Universiteti iki fakültə ilə - Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başladı. Sentyabrın 10-da Universitet komissiyası A.A.Oşman, M.S.Milman, L.Q.Qurviç və A.N.Derjavini Tibb fakültəsinə, Y.İ.Baybakov, L.A.İşkov, L.Q.Lopatinski və A.B.Selixanoviçi Tarix-filologiya fakültəsinə professor vəzifəsində işə dəvət etməyi qərara aldı.
1919-cu il sentyabrın 15-də Universitet komissiyasının son iclası oldu. İclasda Müvəqqəti Şura və Universitet İdarə Heyəti yaradıldı. 1919-cu il sentyabrın 29-da “Bakı Dövlət Darülfünunun Nizamnaməsi” Parlamentdə təsdiq edildi. 5 fəsildən, 72 maddədən ibarət Nizamnamədə universitetin təşkilati quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirildi. Çatışmayan işçiləri cəlb etmək üçün V.İ.Razumovski və N.A.Dubrovski 1919-cu ilin sentyabrında Rostov-Don, Yekaterinoslav (indiki Dnepr) və Xarkova gedərək, orada bir sıra görkəmli alimlərin razılığını aldılar. Universitet komissiyasının üzvü prof. B.K.Finkelşteyn avadanlıq, ədəbiyyat və s. almaq üçün Qərbi Avropaya göndərildi. 1919-cu il noyabrın 10-da Universitet Şurasının birinci iclası oldu. İclasda professor-müəllim heyətinin tərkibi təsdiq edildi. 1919-cu il noyabrın 15-i universitetdə birinci dərs günü elan olundu. “Azərbaycan” qəzeti 17 noyabr tarixli nömrəsində “Darülfünunun açılması” başlığı altında xüsusi məqalə dərc etdi. Məqalədə yazılırdı: “Dün Azərbaycan Darülfünunu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı”. Bununla əlaqədar universitetin rektoru V.İ.Razumovski yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı, türk (Azərbaycan - Y.M.) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl şölələndi”.
Bakı Dövlət Universiteti dünyanın o nadir ali təhsil müəssisəsidir ki, onun şanlı tarix salnaməsinə dünya elm və təhsil tarixinin çox nadir korifeylərinin adları qızıl hərflərlə həkk olunmuşdur. Qürurverici haldır ki, Universitetimizin tarix salnaməsində, onun təşəkkülündə iştirak edən və şöhrətini dünyaya yayan V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşşaninov, A.A.Qrossheym, A.N.Samoyloviç, S.F.Oldenburq, A.Y.Krımski, V.A.Qordlevski, Ə.S.Qubaydullin, M.Qubaydullina, B.V.Çobanzadə, İ.M.Cəfərzadə, Y.A.Ratqauzer, İ.P.Tokin, M.F.Nağıyev, M.M.Mirqasımov, Y.H.Məmmədəliyev (1954-1958-ci illərdə rektor), Ş.F.Mehdiyev, Ə.İ.Hüseynov, M.L.Rəsulov, M.S.Qaşqay, A.O.Makovelski, P.K.Juze, V.M.Xuluflu, M.K.Ələkbərli (1934-1935-ci illərdə rektor), S.Hüseynov, H.N.Hüseynov, A.İ.Qarayev (1944-1950-ci illərdə rektor), V.P.Qəhrəmanov, Ə.Ə.Əlizadə, Ə.S.Sumbatzadə, İ.A.Hüseynov, H.M.Araslı, A.F.Zamanov, Məmməd Arif, Z.İ.Xəlilov, F.Ə.Məlikov, F.S.Qasımzadə, M.H.Rəfili, Ə.A.Sultanlı, Cəfər Xəndan (1950-1954-cü illərdə rektor), Həsən Dadaşov, C.H.Cəfərov, Z.İ.İbrahimov, Ə.M.Şahmalıyev, M.M.Erivanski, Z.M.Bünyadov, Ə.N.Quliyev və b. kimi onlarla tarixi simaların və görkəmli alimlərin adları var. Görkəmli yazıçı, şair, mədəniyyət və dövlət xadimlərinin böyük bir nəsli Bakı Dövlət Universitetinin məzunlarıdır.
İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, universitetə 217 azad dinləyici də qəbul edilmişdi. BDU özünün ilk bəhrəsini 1922-ci ildə verdi: 30 nəfər gənc ali təhsilli həkim adına layiq görülmələri barədə universitet diplomu aldı. Bu məzunların ikisi azərbaycanlı qızlar idi: Ədilə xanım Şahtaxtlı tibb sahəsində ilk azərbaycanlı qadın elmlər doktoru, Cənnət xanım Sultanova isə respublikanın adlı-sanlı həkimi oldu.
1920-ci ilin 28 aprelində baş vermiş bolşevik işğalından sonra BDU yeni tarixi şəraitdə - kommunist rejiminin hökmranlığı şəraitində fəaliyyət göstərməli oldu. Universitetdə təlim-tərbiyə və elmi fəaliyyətin əsas istiqamətlərinin sinfilik və partiyalılıq prinsipləri əsasında yenidən qurulmasına başlandı. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 10 və 22 may tarixli dekretləri ilə universitetdə yenidənqurma işləri aparıldı. Universitetin yeni Əsasnaməsi qəbul olundu. 1920-ci ildə qəbul edilmiş “Bakı Dövlət Universiteti haqqında” yeni Əsasnaməyə görə bütün məcburi kurslar və məşğələlər müvəqqəti olaraq rus dilində aparılmalı idi. Bu, bolşeviklərin Bakı Dövlət Universitetini ruslaşdırma mərkəzinə çevirmək siyasəti ilə bağlı idi. 1920-ci ilin dekabrında universitetdə Fəhlə fakültəsi açıldı. Bununla belə, 1920-1922-ci illər ərzində, bütövlükdə ölkəmizdə olduğu kimi, universitetin həyatında da nisbi müstəqillik dövrü davam etdi. 1920-ci ildə Fizika-riyaziyyat, 1922-ci ildə Şərqşünaslıq fakültələri təşkil edildi. Azərbaycan Xalq Maarifi Komissarlığının 1922-ci il 6 dekabr tarixli qərarı ilə universitetin əvvəlki tarixi adı dəyişdirilərək, Azərbaycan Dövlət Universiteti adlandırıldı. 1923-cü ildə Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə çevrildi, 1924-cü ildə isə İctimai elmlər və Fizika-riyaziyyat fakültələri əsasında Pedaqoji fakültə yaradıldı. 1924-cü il yanvarın 23-də universitetə V.İ.Leninin adı verildi. 1927-ci ildə Hüquq şöbəsi açıldı və həmin şöbə bir ildən sonra müstəqil fakültəyə çevrildi. Birinci onilliyin sonunda İqtisadiyyat fakültəsi yaradıldı. 1930-cu il yanvarın 12-də universitetin onillik yubileyi təntənəli surətdə qeyd edildi. Bununla da, əslində universitetin Cümhuriyyət dövründə deyil, guya 1920-ci ildə bolşevik işğalından sonra yaradıldığı təsbit olundu.
İlk Azərbaycan universitetində elmi dərəcələr və elmi adların da verilməsinə başlanmışdı. Doktorluq elmi dərəcəsi almaq üçün universitetdə ilk dissertasiya 1921-ci il iyunun 15-də Tarix-filologiya fakültəsinin elmi şurasında müdafiə olundu. Təkcə tibb elmi sahəsində 10 il ərzində 27 tədqiqatçı tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdü. 2 fakültə və 40 müəllimlə fəaliyyətə başlayan universitet 10 il ərzində respublika üçün ümumən 1500-dən artıq gənc mütəxəssis yetişdirmişdi.
V.İ.Razumovskidən sonra İ.İ.Şirokoqorov, S.M.Davidenko, A.D.Qulyayev universitetin rektoru oldular. 1926-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinə ilk azərbaycanlı rektor - görkəmli dövlət xadimi, yazıçı və alim Tağı Şahbazi rəhbərlik etdi. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti bağlandı. Onun əsasında 4 müstəqil institut açıldı: Tibb fakültəsi Azərbaycan Tibb İnstitutuna, Pedaqoji fakültə Ali Pedaqoji İnstituta, Hüquq fakültəsi Sovet Quruculuğu və Hüquq İnstitutuna, İqtisadiyyat fakültəsi isə Ticarət-Kooperasiya İnstitutuna çevrildi. Bununla Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ziyalı ocağına növbəti ağır zərbə vuruldu. 1934-cü ildə universitet 4 fakültə (Fizika-riyaziyyat, Kimya, Biologiya və Tarix) əsasında yenidən bərpa edildi. 1938-ci ildə Filologiya, 1940-cı ildə isə Hüquq fakültələri də bərpa olundu. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinə xalqımızın cəlladlarından biri olan S.M.Kirovun adı verildi.
XX yüzilliyin 30-cu illərində həyata keçirilmiş bolşevik repressiyaları zamanı azadlıq ideallarını qoruyub saxlayan, milli şüurumuzun əsas mərkəzi və başlıca ziyalı ocağı olan universitetimizə olduqca ağır zərbə vuruldu. Həmin dövrdə universitetin 100-dən çox professor, elmi işçi və müəllimi, 40-a qədər tələbəsi təqib və təzyiqlərə məruz qaldı, güllələndi. Universitetə müxtəlif illərdə rəhbərlik etmiş 7 azərbaycanlı rektor - Tağı Şahbazi (1926-1929), Müseyib Şahbazov (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Balabəy Həsənbəyov (1935-1937), Abdulla Yusupov (1937), Hüseyn Quliyev (1937), habelə Tarix və Şərq fakültələrinin dekanları və dekan müavinləri, kafedra müdirləri və digər rəhbər işlərdə çalışanlar da repressiyaya məruz qaldılar. Bu, əslində milli şüurun, istiqlal təfəkkürünün və milli azadlıq ənənələrinin boğulması məqsədilə vəhşicəsinə törədilmiş cinayətkarlıq aktı idi.
1941-1945-ci illər müharibəsinin əvvəlində Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Qiyabi Pedaqoji İnstitutu, Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi İnstitutu, Xarici Dil Müəllimləri İnstitutu universitetlə birləşdirildi. 1943-cü ildə Geologiya-coğrafiya fakültəsi, Filologiya fakültəsi yanında Şərq şöbəsi təşkil edildi. Həmin dövrdə universitetdə müharibənin tələblərinə müvafiq olaraq elmi-tədqiqat işləri genişləndirildi. Görkəmli alim Yusif Məmmədəliyevin işləyib hazırladığı orijinal metodlar istər yüksək oktanlı aviasiya yanacaqlarının, istərsə də trotil hazırlanması üçün əsas xammal olan toluolun istehsalının xeyli artırılmasına imkan verdi. Onun tətbiq etdiyi kimyəvi proseslər neft sənayesinin inkişafında yeni istiqamətin əsasını qoydu. Müharibə illərində Bakıda tikilən alkibenzol istehsalı zavodu Yusif Məmmədəliyevin metodu ilə işləyirdi. O, 1944-cü ildə aviasiya yanacaqları üçün yüksək keyfiyyətli əlavələr alınmasının yeni metodunu hazırladığına görə yüksək dövlət mükafatına layiq görüldü. Beləliklə, böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin Universitetdə həyata keçirdiyi kəşflər faşizm üzərində tarixi qələbədə mühüm rol oynadı.
1945-ci ildə universitetin kadr potensialı və elmi bazası əsasında Azərbaycan Milli Elmlər Akademiyası təsis olundu. Bu, BDU-nun Azərbaycanın elm tarixinə böyük töhfəsi idi. Universitetin professorları Heydər Hüseynov, Aleksandr Qrossheym, Yusif Məmmədəliyev və Mirəli Qaşqay Akademiyanın təsisçiləri sırasında idilər.
Müharibədən sonrakı dövrdə Azərbaycan Dövlət Universiteti daha sürətlə inkişaf etdi, tədris və elmi-tədqiqat bazası təkmilləşdi və möhkəmləndi, yeni fakültələr, şöbələr, kafedralar və laboratoriyalar təşkil olundu. 1945-1946-cı tədris ilində Tarix fakültəsi nəzdində Fəlsəfə şöbəsi açıldı, sonrakı ildə isə Filologiya fakültəsinin Şərqşünaslıq şöbəsi müstəqil fakültəyə çevrildi.
1950-ci ilin ortalarında universitet ölkədə ən güclü təhsil və elm mərkəzinə çevrildi. 1964-cü ilin sentyabrında Universitetin indiki binasının ilk növbəsi istifadəyə verildi.
1960-cı illərdə universitet həyatında atılan mühüm addımlardan biri də müstəqil Fizika fakültəsinin açılması oldu.
XX əsrin 60-cı illərinin sonundan 80-ci illərinə qədər universitetin Azərbaycan təhsil sistemi və elminin inkişafında əldə etdiyi tarixi nailiyyətlər xalqımızın dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1930-cu ildən sonra ilk dəfə universitetin 50 illik yubileyi keçirildi. 1969-cu ildə universitetin 50 illiyinə həsr olunmuş möhtəşəm yubiley mərasimində Heydər Əliyev məzunu olduğu doğma universitetdə doğma Azərbaycan dilində çıxış etdi. Bu çıxış bütün respublikada böyük sevinc və razılıqla qarşılandı. Azərbaycan rəhbərinin cəsarətli hərəkəti yubileydə iştirak edən Moskvadan gəlmiş rəhbər işçiləri və xarici qonaqları da təəccübləndirmişdi. Çünki dövlət dilinin rus dili olduğu halda, respublikanın Moskvanın nəzarəti altında olduğu şəraitdə belə bir addımı atmaq böyük cəsarət, eyni zamanda milli qeyrət tələb edirdi. Məhz Heydər Əliyevin prinsipial mövqeyi sayəsində 1971-ci il fevralın 11-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti 50 illik yubileyi münasibətilə və ölkə qarşısında böyük xidmətlərinə görə Azərbaycan Dövlət Universitetini Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi. Bu yüksək mükafatı məzunu olduğu universitetə Heydər Əliyevin özü təqdim etdi.
Azərbaycan rəhbərinin gündəlik qayğısı sayəsində XX əsrin 70-ci illərində universitetin maddi-texniki bazası gücləndirildi və tədris prosesində texniki vasitələrdən istifadə olunmasında əsaslı dəyişikliklər baş verdi. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kitabxanasına elmi kitabxana statusu verildi. 1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriyyatı 1980-ci illərdə yenidən fəaliyyətə başladı. Həmin dövrdə universitetin beynəlxalq əlaqələri yeni mərhələyə daxil oldu. 1970-1990-cı illərdə universitetin 40-dan artıq müəllimi müxtəlif ölkələrə pedaqoji işə göndərilmiş, həmin müddət ərzində universitetin 300-dən artıq müəllim və tələbəsi Asiya və Afrika ölkələrində tərcüməçi işləmiş, 30 nəfər müəllim və elmi işçisi Avropa ölkələrinə, ABŞ və Yaponiyaya uzunmüddətli elmi ezamiyyətə göndərilmiş, 50-dən artıq müəllim xarici ölkələrdə qısamüddətli səfərlərdə olmuşdur. Universitetin professor və müəllimləri xarici ölkələrdə 50 müxtəlif beynəlxalq simpozium və konfranslarda iştirak etmişlər.
Universitetin elmi-pedaqoji kollektivinin fədakar əməyi sayəsində qazanılmış böyük uğurlar Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13 mart tarixli qərarı ilə yüksək qiymətləndirildi. Azərbaycan Dövlət Universiteti “İttifaqın aparıcı universitetləri” sırasına daxil edildi.
1980-ci illərin sonunda başlayan milli azadlıq hərəkatında - meydan hərəkatında (1988) və 20 Yanvar hadisələrində universitetin müəllim-tələbə kollektivi ön sıralarda idi. Müstəqillik dövründə də universitet ictimai-siyasi proseslərdə - Yeni Azərbaycan Partiyasının təşəkkülündə, vətəndaş müharibəsinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında fəal iştirak etdi. Hələ 1992-ci ildə aralarında BDU ziyalılarının da olduğu 91 nəfər ictimai və elm xadimi Heydər Əliyevə müraciət edərək, ondan böyük siyasətə - respublika rəhbərliyinə qayıtmasını xahiş etmişdi. Universitetin onlarla tələbə və məzunu isə Birinci Qarabağ savaşlarında və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı.
Ümumdünya tarixinin dahi şəxsiyyətləri sırasında ən uca zirvəyə yüksələn Heydər Əliyev BDU-nun Tarix fakültəsinin məzunudur. Universitetin çoxminli kollektivi öz dahi məzunu ilə - Heydər Əliyevlə fəxr etdiyi kimi, Heydər Əliyev də BDU-nun məzunu olduğu üçün fəxr etdiyini dəfələrlə vurğulayırdı: “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”.
Universitetin inkişafına göstərdiyi böyük qayğıya, onun şöhrətini və tərəqqisini yüksəklərə ucaltdığına, Azərbaycan xalqı və dövləti qarşısında böyük xidmətlərinə görə universitetin Böyük Elmi Şurası 1994-cü il 28 oktyabr tarixli qərarı ilə Heydər Əliyevə Bakı Dövlət Universitetinin Fəxri Doktoru adını verdi. Universitetin 90 illik yubileyi tədbirində isə Prezident İlham Əliyev BDU-nun Fəxri Doktoru adına layiq görüldü.
2008-ci il sentyabrın 15-də Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsinin də yerləşdiyi yeni tədris korpusunun açılışında iştirak etdi. Heydər Əliyevə həsr edilmiş stendlə, fakültənin kafedraları, auditoriyaları, akt zalı ilə tanış olması dövlətimizin başçısının universitetə və onun yaşıdı olan Tarix fakültəsinə xüsusi önəm verməsinin və qayğısının bariz nümunəsidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra BDU-nun beynəlxalq nüfuzu artmış, dünya dövlətləri və xalqları ilə əlaqələri genişlənmişdir. Ölkəyə rəsmi səfərə gələn bir çox dövlət rəhbərləri, siyasət və mədəniyyət xadimlərinin universitetin fəxri doktoru adına layiq görülməsi onun böyük nüfuza malik olduğunu sübut edir, dünya şöhrətini daha da artırır.
Son illərdə Bakı Dövlət Universiteti təhsilin və elmi araşdırmaların səviyyəsini yüksəltmək, səmərəliliyini daha da artırmaq üçün mühüm uğurlar qazanmışdır. Universitetimiz təhsildə və elmi araşdırmaların müxtəlif sahələrində əldə etdiyi böyük nailiyyətlərə görə dünyanın ən aparıcı universitetləri sırasına yüksəlmişdir. BDU-nun beynəlxalq reytinqlərdə irəliləyişi yüksəlməkdə davam edir: “QS World University Rankings 2025” - ilk minlik (951-1000), “QS Europe 2025” - 336-cı yer, “QS Western Asia 2025” - 15-ci yer. Bu göstəricilər Bakı Dövlət Universiteti kollektivinin məqsədyönlü və gərgin əməyinin nəticəsidir.
105 illik fəaliyyəti dövründə BDU-nun 7 dəfə yubileyi keçirilib: 1930-cu ildə 10 illiyi, 1969-cu ildə 50 illiyi, 1979-cu ildə 60 illiyi, 1994-cü ildə 75 illiyi, 2000-ci ildə 80 illiyi, 2009-cu ildə 90 illiyi və 2019-cu ildə 100 illiyi. Diqqətəlayiq haldır ki, Bakı Dövlət Universitetinə həsr olunmuş 7 yubiley mərasimindən 4-ü Ulu Öndər Heydər Əliyevin, 2-si isə Prezident İlham Əliyevin təşəbbüsü və fəal iştirakı ilə keçirilib.
105 yaşlı Bakı Dövlət Universitetinin bütün tarixi inkişaf mərhələlərində Tarix fakültəsi aparıcı rol oynayıb. Universitetimizin yaşıdı olan bu fakültə şərəfli inkişaf yolu keçib və bütün bu illər ərzində tarix elminin, milli ideologiyanın, milli mənlik şüurunun formalaşmasında və inkişafında müstəsna rol oynayıb.
Tarix fakültəsi milli mədəniyyətimizin inkişafına, milli-mənəvi ənənələrimizin qorunub saxlanmasına, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə güclü təkan verib, tarixçi kadrlar hazırlayan əsas təhsil və elm mərkəzinə çevrilib.
105 yaşlı Tarix fakültəsi Bakı Dövlət Universiteti ilə eyni zamanda fəaliyyətə başlayan ilk iki fakültədən biridir. Cümhuriyyət xadimləri xalqın milli şüurunun oyadılmasında və müstəqil dövlətçilik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayan tarix elminin inkişafına xüsusi önəm verirdilər. Bu baxımdan heç də təsadüfi deyil ki, Tarix fakültəsi çox keçmədən bütün Cənubi Qafqazda tarix elminin ən mühüm inkişaf mərkəzinə çevrildi.
Bakı Dövlət Universitetinin fəaliyyətinə cəlb olunmuş V.V.Bartold, N.Y.Marr, A.Y.Krımski, V.A.Qordlevski, İ.İ.Meşşaninov, Ə.S.Qubaydullin, M.Qubaydullina, P.K.Juze, P.P.Fridolin, A.O.Makovelski kimi bir çox görkəmli tədqiqatçılar Azərbaycan alimləri V.M.Xuluflu, M.K.Ələkbərli, Ə.M.Şahmalıyev, M.M.Erivanski, İ.M.Cəfərzadə və başqaları ilə birlikdə BDU-da müasir tarix elminin bünövrəsini qoydular. Bolşevik rejiminin ağır təqibləri şəraitində Azərbaycan tarix elmini müxtəlif səviyyələrdə layiqincə təmsil edən İ.A.Hüseynov, Ə.Ə.Əlizadə, Ə.S.Sumbatzadə, Z.M.Bünyadov, Ə.N.Quliyev və b. kimi onlarla tədqiqatçılar nəsli yetişdi.
Sovet hakimiyyəti illərində mərkəzdən yeridilən milli ayrı-seçkilik və milli oyanışın qarşısını almaq siyasəti şəraitində bir sıra cəsarətli Azərbaycan tarixçiləri öz tədqiqatları ilə tariximizin araşdırılmasına mühüm töhfələr verməyi bacardılar.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə milli müstəqillik ruhunun oyanışı BDU-nun Tarix fakültəsində də xüsusi canlanmaya səbəb oldu.
Ötən əsrin 80-90-cı illərində Azərbaycanda tarixçi kadrların hazırlanmasında, tarix elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında Tarix fakültəsinin rolu daha da artdı.
1986-1990-cı illərdə Tarix fakültəsində yeni ixtisaslar - “tarixçi-arxivşünas”, “tarixçi-şərqşünas”, “çinşünas”, “tarixçi-arxeoloq”, “tarixçi-etnoqraf”, “beynəlxalq münasibətlər”, “sosiologiya”, “psixologiya”, “etnopsixologiya”, “etnososiologiya” və “sosial psixologiya” ixtisasları açıldı, Tarix fakültəsinin təşəbbüsü ilə “Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə” Dövlət və Hökumət proqramları hazırlandı, Respublika Tarix Liseyi yaradıldı, “Azərbaycan tarixi” fənninin saatları artırıldı, “Azərbaycanın maddi-mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyaları, “Tarixi tədqiqatlarda elektron-hesablama maşınları və riyazi üsulların tətbiqi” tədris laboratoriyası, Arxeologiya və Etnoqrafiya muzeyi yaradıldı, qədim türk dili və folklorunun tədrisinə başlanıldı. 1980-ci illərin ikinci yarısında Tarix fakültəsinin əlaçı tələbələrinin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi genişləndirildi. 1989-cu ilin payızında BDU-nun 70 illik yubileyinin keçirilməsinə imkan verilmədiyi halda, Tarix fakültəsinin 70 illiyi Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Gürcüstandan olan tarixçi alimlərin iştirakı ilə SSRİ miqyasında qeyd olundu. 1991-ci ildə Tarix fakültəsində fəaliyyət göstərən “beynəlxalq münasibətlər” ixtisasının bazasında Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi (indiki Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi), həmçinin fakültədə tədris olunan “etnososiologiya”, “etnopsixologiya” və “sosiologiya” ixtisaslarının bazasında universitetdə daha bir fakültə - Sosial elmlər və psixologiya fakültəsi yaradıldı.
Bəhs olunan dövrdə Tarix fakültəsi milli azadlıq hərəkatının əsas mərkəzlərindən biri idi. Hərəkatın qabaqcılları olan tarixçi tələbələr fakültənin otaqlarından birində üçrəngli bayrağımız altında fəaliyyət göstərirdilər. 1989-cu ildə Tarix fakültəsinin Elmi Şurası “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti”nin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul etdi və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırıldı. Fakültə dekanının təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyasının Tarix fakültəsindəki ilk partiya təşkilatı buraxıldı. Elə həmin dövrdə tələbələrimiz BDU-nun girişindəki “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti” adlı lövhəni öz əlləri ilə söküb atdılar. Bu, 1939-cu ildə Kommunist rejiminin Azərbaycan xalqının cəlladlarından birinin adının universitetimizə verilməsi barədə qərarına tələbə gəncliyimizin haqlı cavabı idi. Çox keçmədən Tarix fakültəsi Elmi Şurasının qərarı öz nəticəsini verdi. Azərbaycan SSR Xalq Təhsili Nazirliyi universitetin tarixi adını bərpa etdi. Nazirliyin 1990-cı il 1 mart tarixli əmrində deyilirdi: “S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın”.
BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında respublika gənclərinin önündə gedirdilər. Həmin dövrdə BDU-nun rəhbərliyi yuxarıdan verilən göstərişə əsasən universitetin Böyük Elmi Şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tarixçi tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarmağa cəhd göstərdi. Fakültə rəhbərliyi buna kəskin etiraz etdi. Buna cavab olaraq Tarix fakültəsinin rəhbərliyinə qarşı ağır təqib rejimi işə salındı. Və fakültə dekanı 1990-cı ildə istefa verdi. Bununla tələbələrin universitetdən qovulmasının qarşısı alındı.
Müstəqillik dövrü Tarix fakültəsi tarixinin ən şanlı səhifələridir. Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının təsviri olan ilk “Azərbaycan tarixi” proqramının nəşri, orta ümumtəhsil məktəbləri üçün müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərinin yaradılması, qəbul proqramlarının tərtibi və təkmilləşdirilməsi, test bankının yaradılması və fənlər üzrə metodiki vəsaitlərin hazırlanması BDU-nun, o cümlədən Tarix fakültəsinin tarixi ilə sıx bağlıdır.
Tarix fakültəsi yeni Azərbaycanın müstəqil təhsil sisteminin yaradılmasında yaxından iştirak etdi. Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik etdi. O vaxt təhsil sistemi işçiləri, həmçinin əhalinin geniş təbəqələrinin geniş ictimai müzakirələrindən sonra konsepsiya və qanun layihələri bəyənildi. Lakin buna baxmayaraq, o zamankı iqtidarın bəzi nümayəndələri Milli Məclisdə Təhsil Qanununun qəbul olunmasına kəskin müqavimət göstərdilər. Bununla belə, 1992-ci il dekabrın 16-da Milli Məclis Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdirinin təqdimatı ilə müstəqillik dövrünün ilk Təhsil Qanununun qüvvəyə minməsi barədə qərar qəbul etdi və beləliklə, ölkədə müasir təhsil sisteminə keçildi. Bu sənəddə bir çox müsbət və mütərəqqi cəhətlər: ali təhsilin çoxpilləli sisteminə keçilməsi, qeyri-dövlət təhsil müəssisələrinin yaradılması, mütəxəssis hazırlığı aparmaq üçün ixtisaslara lisenziya verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının keçirilməsi, yeni tipli təhsil müəssisələrinin yaradılması, dərs yükünün azaldılması, müəllimlərə sosial qayğının artırılması, təhsil müəssisələri rəhbərlərinin təyinatının seçki yolu ilə müəyyən edilməsi və başqa məsələlər öz əksini tapmışdı.
Respublikamızda xaosun hökm sürdüyü və Heydər Əliyevə qarşı rüsvayçı kampaniya aparıldığı bir vaxtda - 1992-ci il noyabrın 12-də Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Naxçıvana səfər etdi, Ümummilli Lider Heydər Əliyevlə görüşdü və Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində çıxış etdi. Bunun ardınca, 1992-ci ilin dekabrında “Səs” qəzetində ardıcıl çıxışlar edərək bəyan etdi ki, Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır.
Tarix fakültəsinin professor-müəllim heyəti və tələbələri Birinci Qarabağ müharibəsi dövründə erməni-faşist işğalçılarına qarşı xüsusi fəallıq nümayiş etdirdilər. Professor-müəllim heyətinin ayrı-ayrı nümayəndələri döyüş bölgələrinə səfərlər etdilər. Fakültə dekanı həmin dövrdə tez-tez cəbhə bölgələrinə - Xocalı, Şuşa, Ağdam, Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli, Köhnəkənd, Qubadlı, Horadiz, Füzuli və başqa döyüş məntəqələrinə gedərək gəncləri düşmən üzərində qələbəyə ruhlandırırdı. 1993-cü ilin iyununda - vətəndaş müharibəsinin reallaşmaqda olduğu bir vaxtda Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Navahı kəndinə də səfər etdi və qarşı duran tərəflər arasında barışıq yaratmaq üçün danışıqlar apardı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Tarix fakültəsinin həyatında yenidən canlanma baş verdi. 1990-cı ildə istefa verməyə məcbur edilmiş fakültə dekanı 1994-cü ildə yenidən dekan seçildi. Fakültə kollektivinin elmi-pedaqoji fəaliyyəti üçün normal mühit bərpa olundu. Tarix fakültəsi, əvvəlki illərdə olduğu kimi, yenidən ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başladı. Ulu Öndərin tapşırığına əsasən Tarix fakültəsinin dekanı bir qrup ziyalı ilə birlikdə separatçıların qondarma “Car-Balakən Respublikası” yaratmaq cəhdinin (1994) qarşısının alınmasında fəal iştirak etdi. Dünya azərbaycanlılarının Vaşinqtonda keçirilən II konqresində (1998) bundan əvvəlki konqresdə bayrağımıza qarşı edilmiş hörmətsizliyin təkrar olunmasının qarşısı alındı. 1994-2004-cü illərdə Tarix fakültəsində “Qafqazşünaslıq” və “Amerikaşünaslıq” ixtisasları açıldı, yeni fənlər - “Azərbaycan toponimikası”, “Tarixi demoqrafiya”, “Altayşünaslığın əsasları”, “Beynəlxalq münasibətlər tarixi”, “Türk xalqları tarixi” və “Din tarixi” fənləri tədris planına daxil edildi. Azərbaycanşünaslıq, Altayşünaslıq və Amerikaşünaslıq mərkəzləri, “Türk odası” yaradıldı və “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyası yenidən fəaliyyətə başladı. Bütün bunlar Tarix fakültəsinin tarixinin şanlı səhifələridir.
2004-cü ildə ölkə başçımızın xeyir-duası ilə Tarix fakültəsinin dekanının Milli Elmlər Akademiyasının Tarix İnstitutuna direktor təyin edilməsi o zaman fakültənin nüfuzunun ölkədə nə qədər yüksək olmasının daha bir göstəricisi idi. Tarix fakültəsi üçün xarakterik olan işgüzar yaradıcılıq mühiti Tarix İnstitutunda da davam etdirildi. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq son 20 ildə onlarla qiymətli tədqiqatlar, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), ilk “Azərbaycan tarixi atlası”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev” (2 cilddə), “İlham Əliyev və Azərbaycan tarix elmi”, “Azərbaycan Respublikasının tarixi” (2 cilddə), “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları və “Tariximizin keşiyində”, “Dahi azərbaycanlı”, “İrəvan: gizlədilmiş həqiqətlər”, “Zəngəzur”, “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmləri işıq üzü gördü və bu tədqiqatlar müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayıldı. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezidentimiz bir sərəncamla 13 nəfər tarixçi alimi, o cümlədən BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri və Tarix İnstitutunun direktorunu Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Prezident İlham Əliyev tarix elminin dərin bilicisidir və ərsəyə gələn bütün yuxarıda göstərilən elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq İlham Əliyev onu yaradıcılıqla və böyük uğurla davam etdirir.
Bakı Dövlət Universitetinin yaşıdı olan 105 yaşlı Tarix fakültəsi hazırda öz zəngin tarixi ənənələrini uğurla davam etdirir. Tarix fakültəsi yenə Universitetin aparıcı fakültəsidir. Ölkənin əsas ideoloji mərkəzlərindən biri kimi öz tarixi missiyasını uğurla davam etdirir. Fakültəyə Azərbaycanın müasir tarixinin tanınmış tədqiqatçısı və təcrübəli pedaqoq professor İbrahim Zeynalov başçılıq edir.
Hazırda Tarix fakültəsində 10 kafedra - Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Arxeologiya və etnoqrafiya, Qədim dünya və orta əsrlər tarixi, Türk xalqları tarixi, Asiya və Afrika ölkələri tarixi, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika, Slavyan ölkələri tarixi, Qafqaz xalqları tarixi kafedraları, həmçinin, “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” və “Azərbaycanın maddi-mədəniyyət tarixi” elmi-tədqiqat laboratoriyaları, “Tarix, dil, tədris, metodika” mərkəzi fəaliyyət göstərir.
Fakültədə tarix elmləri doktoru, professor Ə.İ.Muxtarovanın baş redaktorluğu ilə nəşr olunan “Tarix və onun problemləri” jurnalı elmi araşdırmaların genişlənməsinə və yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsinə mühüm təsir göstərir.
2200-ə yaxın tələbə kontingenti olan Tarix fakültəsi ölkə üçün Tarix, Tarix müəllimliyi, Regionşünaslıq (Qafqaz və Amerika üzrə) ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlayan əsas mərkəzdir.
BDU-nun Tarix fakültəsi ölkə üçün yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasında da fəal iştirak edir. Fakültədə Vətən tarixi və Ümumi tarix ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri vermək səlahiyyəti olan Dissertasiya Şurası fəaliyyət göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.