Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” proqramı dahi Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 105 illiyinə həsr olunub
18.10.2024 11:46
  • A-
  • A
  • A+

“Axşam görüşləri” proqramı dahi Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 105 illiyinə həsr olunub

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram bu dəfə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nakam ömür yaşamış və erkən həyatdan köçmüş oğlu Ərtoğrol Cavidə həsr edilib.

Proqramda akademik Rafael Hüseynov Ərtoğrol Cavidin dövrü, həyatı, mühiti, bədii yaradıcılığı, ədəbi və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Ərtoğrol Cavid yaradıcılıqda, istedadda atasının davamı idi. Bəlkə də o, yaşasaydı Hüseyn Caviddən daha üstün düha sahibi olacaqdı. Ancaq nə acı ki, zaman Azərbaycanı Ərtoğrolun yaza biləcəyi bir çox parlaq əsərlərdən məhrum etdi.

Ərtoğrol Cavidin çoxşaxəli yaradıcılığından, şair, bəstəkar, dramaturq, rəssam kimi fəaliyyətindən bəhs edən Rafael Hüseynov bu gənc insanda vulkan kimi istedadın püskürdüyünü vurğulayıb.

Verilişdə Ərtoğrul Caviddən yadigar qalmış bəstələr dinləyicilərə təqdim edilib. Bundan başqa, Ərtoğrul Cavidin Türkmən Xalq şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” adlı musiqisinin tarixçəsi barədə məlumat verilib.

Akademik Rafael Hüseynov Ərtoğruldan qalan əlyazmaları araşdırdığı zaman “Leylanın vəsfi” adlı lent yazısını tapdığını və unudulmaz bəstəkarımız Tofiq Quliyevə təqdim etdiyini bildirib: “Tofiq Quliyevdən Xalq artisti Rəşid Behbudovun səsinə uyğun olaraq bu lent yazısını işləməsini  istədim. Həmçinin Rəşid Behbudova nakam insan Ərtoğrul Cavidin həyatı barədə məlumat verərək, onun adını bir qədər ucalara qadırmaq üçün bu mahnını oxumasını xahiş etdim. Təəssüf ki, Rəşid Behbudovun vaxtsız ölümü səbəbindən Ərtoğrulun nəğməsi işıq üzü görə bilmədi. Daha sonra Əməkdar incəsənət xadimi Rauf Adıgözəlov bu mahnını bütöv halda hazırlasa da, həyatdan erkən getməsi səbəbindən o da bu nəğməni oxuya bilmədi. Hüseyn Cavidə həsr olunmuş "Qayıdış" filmində Tofiq Quliyevin müşayiəti ilə bu mahnının iki bəndi lentə yazıla bildi”.

“Axşam görüşləri”ndə Xalq artisti Tofiq Quliyevin ilk dəfə Rəşid Behbudov üçün hazırladığı Ərtoğrul Cavidin türkmən şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” adlı nəğmə səsləndirilib. Həmçinin Ərtoğrolun Konservatoriyada qrup yoldaşı olmuş görkəmli bəstəkar Fikrət Əmirovun onunla bağlı xatirələrindən bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: