Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmatalıyev və institutun bir qrup əməkdaşı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.ü.f.d. Mehman Həsənli ilə birgə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olublar.
Köklü keçmişi olan Qırğız-Azərbaycan ədəbi əlaqələri bu gün də davam etməkdədir. Azərbaycan oxucusu qırğız ədəbiyyatının görkəmli nümayəndələrinin, xüsusən ümumtürk dünyasının parlaq simalarından olan Çingiz Aytmatovun yaradıcılığını sevərək öyrənir və tədqiq edir.
Qonaqları muzeyin zəngin ekspozisiya ilə Ekspozisiya şöbəsinin elmi işçisi Aygün Abbasquliyeva tanış edib. O, qırğız ədəbiyyatının nümunəsi “Manas” dastanının “Kitabi-Dədə Qorqud” dastanı ilə bənzərliyindən, həmçinin ortaq türk ədəbiyyatının nümunələrindən – Mahmud Kaşğarinin “Divani-lüğət-it Türk”, Yusif Balasaqunlunun “Kudatku-bilik” və Orxon-Yenisey kitabələrindən bəhs edib.
Abdıldacan Akmataliyev və əməkdaşları Nizami Muzeyinin zəngin ekspozisiyasını heyranlıqla seyr edərək, çoxəsrlik Azərbaycan ədəbiyyatının təqdim və təbliğindən məmnun qaldıqlarını bildiriblər.
Məmnunluq hissi ilə muzeydən ayrılan alimlər “Rəy kitabı”na doğma dildə ürək sözlərini yazıblar.
Sonda qonaqlara xatirə olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun müəllifi olduğu “Söz məbədi” bukleti (rus dilində) hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.