Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dövlətçilik məsuliyyəti
24.10.2024 09:53
  • A-
  • A
  • A+

Dövlətçilik məsuliyyəti

II MƏQALƏ

Dünyanın müasir problemlərinin heç birini güc vasitəsilə həll etmək mümkün deyildir.
Fidel Kastro RUS

AMEA nümunəsi

AMEA-nı yeniləşmə nümunəsi kimi göstərməkdə məqsəd bu elm məbədi barədə hansısa fikir formalaşdırmaqla qətiyyən bağlı deyildir. Sadəcə olaraq, AMEA elmi yeniləşmə konsepsiyasını həqiqətən hazırlamışdır və orada dövlətçilik məsuliyyəti ilə əlaqəli məqamlar da az deyildir. Hər şeydən öncə, bu təşkilatın yeniləşmə kursunun ana xəttini və strateji məqsədini Azərbaycanın dövlət və cəmiyyət kimi strateji inkişafında elmin rolunu tələb olunan səviyyəyə yüksəltmək təşkil edir.

İkinci məqam ondan ibarətdir ki, ölkənin ali elmi təşkilatı yeniləşməni bütün sferalarda elmi yaradıcılığa və elmi fəaliyyətin təşkilinə dövlətçilik kontekstində yeni məzmun verən əsas amil kimi qəbul edir. Məsələn, elmi yaradıcılıqda Azərbaycanın fikir tarixində, müxtəlif sosial-humanitar elm sahələrində dövrləşdirmənin müəyyən edilməsinə azərbaycançılıq məfkurəsi və müstəqil dövlətçiliyin inkişafı kontekstində araşdırılması prizmasından yanaşılır. Bununla yanaşı, beynəlxalq elmi əməkdaşlığa da ilk növbədə Azərbaycan mədəniyyətinin və elminin aktual məsələləri kontekstindən baxılır. Bu cür yanaşma öz növbəsində iki miqyasın uyğunlaşdırılmasını tələb edir.

Birincisi, miqyas Azərbaycanın milli fikir tarixinin Azərbaycan dövlətçiliyinin ənənəsi və azərbaycançılıq məfkurəsinin təntənəsinin sintezindən ibarətdir.

İkincisi miqyas isə dövrləşdirmə konsepsiyalarının Türk dünyasının ümumi dəyərləri və bütövlükdə müasir dünyanın elmi tərəqqisi ilə bağlı müəyyən etdiyi kriteriyaların sintezi ilə bağlıdır. Dünya miqyasında elmi tərəqqinin keriteriyaları isə konkret olaraq, BMT-nin 2030-cu ilə qədər strateji inkişaf konsepsiyasının 17 istiqaməti ilə bağlılıqda götürülür.

Bununla da AMEA-nın yeniləşmə kursu milli-regional-qlobal miqyasların qarşılıqlı əlaqəsində dövlətçiliyin əsas götürülməsi şərti ilə əhatəli konseptual proses kimi xarakterizə oluna bilər. Bu konsepsiyanı reallaşdırmaq üçün AMEA prezidenti yüksək zəhmət və çalışqanlıq nümunəsi göstərir. AMEA kollektivinin əksər qismi də bu nümunəni götürərək böyük zəhmət sərf edir.

Digər nümunələr

Ölkə miqyasında götürəndə AMEA yeganə dövlət təşkilatı deyildir ki, yüksək dövlətçilik məsuliyyəti ilə yeniləşir. Azərbaycanın təhlükəsizlik orqanları, ayrı-ayrı nazirlikləri, müxtəlif icra orqanları eyni dərəcədə dövlətçilik məsuliyyətini dərk edərək çalışırlar. O cümlədən, Azərbaycan KİV-də milli, dövlətçi və azərbaycançı mövqeyi olan çox orqanlar vardır. Bəzi KİV təmsilçilərinin düzgün istiqamət seçməməsinə baxmayaraq, azərbaycançı və dövlətçi media vasitələri dominantlıq təşkil edirlər.

Azərbaycan təhlükəsizlik orqanlarının gecə-gündüz səmərəli çalışmasını kim inkar edə bilər? Və ya Azərbaycan Ordusunun qəhrəmancasına ərazilərimizi işğaldan qurtarmasını görməmək olarmı? Minlərlə Azərbaycan müəlliminin orta və ali məktəblərdə fədakarcasına çalışmasını necə qiymətləndirməmək olar? Məhz Azərbaycan elm və təhsil sistemi vətənpərvər, çalışqan, azərbaycançı və dövlətçi məmur, nazir, millət vəkili, alim, müəllim, əsgər yetişdirməmişdirmi? Bu işdə Azərbaycanın dövlət orqanları ilə ailənin və məktəbin ortaq fəaliyyəti yoxdurmu? Əlbəttə, bu sualların hər birinin cavabı müsbətdir. Azərbaycan dinamik fəaliyyət göstərən və məqsədini bilən müstəqil dövlətdir. Və hamıya nümunə olan şəxsiyyət də vardır. O, Azərbaycan Prezidentidir!

Azərbaycan Prezidenti 21 ildir ki, çox dinamik və intensiv fəaliyyətdədir. Vətən müharibəsində İlham Əliyev həm dövlət başçısı, həm lider, həm də Ali Baş Komandan kimi yüksək çalışqanlıq nümunəsi göstərdi. Bunu Azərbaycanda hamı görür və qiymətləndirir! Məhz bu nümunə milyonlarla azərbaycanlını savaş meydanına səsləyirdi!

Azərbaycan Prezidenti həm də təkbaşına informasiya müharibəsində müxtəlif ölkələrdən gəlmiş jurnalistlərlə mübarizə apardı və qalib gəldi. Bununla İlham

Əliyev yüksək dövlətçilik məsuliyyətinə malik olduğunu dünyaya sübut etdi!

Dövlətçiliyə yüksək bağlılığını minlərlə azərbaycanlı gənc döyüş meydanında göstərdi. Azərbaycan vətəndaşları Vətən və dövlət müstəqilliyi uğrunda mərd-mərdanə savaşdılar! Ölkənin bütün təbəqələrindən olan insanlar qələbə üçün əlindən gələni etdilər.

Bütün bunlar və burada nümunə kimi gətirilməyən çoxsayda faktlar Azərbaycanda hazırkı mərhələdə dövlətçilik məsuliyyətinin bütövlükdə mövcud olduğu nəticəsini çıxarmağa imkan verir. Lakin məsələ bununla yekunlaşmır. Məncə, bir sıra məsələlər vardır ki, onlara diqqət artırılmalıdır.

Koordinasiyalı fəaliyyət

Dövlət təşkilatlarının hər birinin qarşısında konkret vəzifələr qoyulmuşdur. Onlar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası” və digər sənədlərdə ifadə edilmişdir. Strateji inkişaf kursuna aid sənədlərdə hər bir icraçı təşkilat qarşısında duran vəzifələr konkret müəyyən edilmişdir. Deməli, həmin vəzifələrin öhdəsindən layiqli gəlmək üçün hər bir təşkilatın yeni tələblərə uyğun yeniləşmə konsepsiyasının olması vacibdir. Burada iki istiqamətin qarşılıqlı əlaqəsi gərəklidir.

Təşkilat strateji sənədlərdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş yeniləşmə kursu seçməlidir. Bu zəruridir. Çünki söhbət yeni tarixi mərhələdə qarşıya qoyulan məqsədlərdən gedir ki, onlar prinsipcə yenidir. Buna görə də onları həll etmyə imkan verən və bu zaman dövlətçilik xəttindən çıxmayan addımlar ardıcıllığı müəyyən edilməlidir.

İkinci istiqamət təşkilatların yeniləşmə kursları arasında uyğunluğun, məqsəd baxımından bir-birini tamamlamanın olması vacibdir. Konkret ifadə etsək, söhbət koordinasiyalı yenləşmə prosesindən gedir. Bunun üçün isə təşkilatların öz yeniləşmə konsepsiyalarını təqdim edərək müzakirə əsasında fəaliyyətləri eyni məqsəd uğrunda fokuslandıra bilərlər. İkinci istiqamət həm də dövlət təşkilatlarının dövlətçiliyə vahid baxışlarının formalaşmasına və o əsasda da dövlətçilik məsuliyyətinin eyni mənada yüksəlməsinə imkan yaradacaqdır.

Yeni tələblər və dövlətçilik məsuliyyəti

Dövlətçilik məsuliyyəti məsələsinin Azərbaycan üçün daha da aktuallaşmasının daxili və xarici (beynəlxalq) səbəbləri vardır. Daxili səbəblər Azərbaycan Respublikasının müstəqil dövlətin özünütəsdiqi üçün yetərli ola biləcək qədər uğurları, nailiyyətləri vardır. Azərbaycan həm müstəqil inkişaf qabiliyyətini ortaya qoydu, həm də Avrasiyada bütün geosiyasi konyukturaları və siyasi avantüraları sındıraraq, hərbi, siyasi, diplomatik və informasiya meydanlarında böyük qələbə əldə etdi – tarixi baxımdan çox qısa müddətdə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan bununla artıq müstəqil dövlət kimi özü üçün dövlət kimliyini (və ya identikliyini) müəyyən etmiş ölkədir! Dövlətçilik məsuliyyəti məsələsinin daha da aktuallaşmasının daxili səbəbləri bununla bağlıdır, lakin onunla məhdudlaşmır.

Məsələnin digər mühüm tərəfi dünya miqyasında geosiyasi proseslərin daha mürəkkəb və ziddiyyətli mərhələyə yüksəlməsi (bunu liderlər və təhlilçilər etiraf edirlər) ilə əlaqəlidir. Bu prosesin tərkibində Azərbaycanın dövlətçiliyinə qarşı qəsdlərin davam etməsi isə xüsusi yer tutur. Həmin qəsdlər haqqında Prezident İlham Əliyev müxtəlif kontekstlərdə konkret faktlar əsasında bəhs etmişdir. Vətən müharibəsindən sonra Azərbaycan dövlətçiliyinə qarşı aparılan kampaniyalar barədə Prezident andiçmə mərasimində söylədiyi nitqdə, II Şuşa Qlobal Media Forumunda və başqa tədbirlərdə açıq fikirlər ifadə etmişdir.

Həmin fikirlərdən aydın olur ki, qlobal miqyasda bir sıra dairələr anti-Azərbaycan fəaliyyətlərini davam etdirirlər və onun əhatə dairəsi genişlənir. Buna, təbii ki, Azərbaycan adekvat reaksiya verməlidir. Müasir dünyada müstəqil dövlətlərin beynəlxalq miqyasda fəaliyyəti üçün bu, təbii normadır. Əslində, dövlətin mövcud ola bilməsi üçün zəruri şərtlərdən biridir. Bir nəzəri arqumentə baxaq.

Henri Kissincer 1994-cü ildə qələmə aldığı “Diplomatiya” adlı əsərində yazırdı ki, hər bir dövlətin həyati əhəmiyyəti olan maraqları olur. Həmin maraqlar daxili və xarici mənzərənin qarşılıqlı əlaqəsi müstəvisində dövlətin müstəqilliyinin və dövlətçiliyinin saxlanması fonunda müəyyən edilir. Burada baza rolunu dövlətin özü haqqında ideoloji və siyasi mövqeyi oynayır. H.Kissincerin bu istiqamətdə apardığı araşdırmalardan gəldiyi qənaət ondan ibarətdir ki, əgər cəmiyyət və dövlət həyati əhəmiyyətli maraqlarını mövcud şərtlərə adekvat müəyyən etməsə, onda daxildə və ətraf aləmdə elə vəziyyət yaranar ki, dövlətin milli təhlükəsizliyi çox ciddi risklər altına düşə bilər.

Deməli, əsl müstəqil olmaq istəyən dövlət gözlənilən təhlükələrə qarşı dayanmaq qüdrətində və real imkanında olmalıdır. Bunun üçün isə konseptual səviyyədə dövlət özünün həm müstəqillik identikliyini müəyyən etməli, həm də dövlətçilik məsuliyyətini dəyişən situasiyalara adekvat ola biləcək səviyyədə dinamik olaraq inkişaf etdirməlidir.

Məsələnin bu cür qoyuluşu avtomatik olaraq müasir şərtlər daxilində dövlətin özünü daxildən daim yeniləşdirməyə məhkum olduğunu ifadə edir. İndiki şəraitdə bunu bacarmayan dövlətin müstəqil aktor kimi dünya proseslərində iştirakı mümkün deyildir. Ondan başqa, Azərbaycan artıq regional liderdir. Bu statusda onun dünyada rolu yeniləşir və imici də yeni səviyyəyə yüksəlir. Zirvədə qalıcı olmaq üçün daimi yeniləşmə və daha məsuliyyətli cəmiyyət formalaşdırmaq mühüm şərtdir.

Azərbaycanda dövlətçilik məsuliyyətinin inkişafını şərtləndirən faktorlar sırasında regional təşkilatlar çərçivəsində dövlətin fəaliyyətinin faktiki olaraq yeni mərhələyə qədəm qoymasını mütləq nəzərə almaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan Qoşulmama Hərəkatı, MDB və TDT-də birləşdirici, inteqrasiyaedici və regionlararası əməkdaşlığa yönləndirici güc rolunu oynayır. Bu, asan məsələ deyildir və Azərbaycan cəmiyyətinin öz dövlətinin fəaliyyətinə ciddi dəstək verməsi zəruridir. Bunun üçün hər şeydən öncə, dövlətçilik qarşısında məsuliyyət daşımaq duyğumuz olmalıdır. Cəmiyyət daha da güclənməlidir ki, dövlətin potensial imkanlarını reallaşdırmaq üçün əlavə imkanlar yaransın.

Nəhayət, Azərbaycan II Qarabağ müharibəsində əldə etdiyi Qələbə ilə regionda və qlobal miqyasda geosiyasi dinamikaya yeni çalarlar gətirdi. Bu nailiyyət dövlətlə yanaşı, cəmiyyət qarşısında da yeni məsuliyyət tələbləri qoyur. Dövlətçilik məsuliyyətinin bu sırada ilk yerdə olması şübhə doğurmur.

Bütün bunlardan məntiqi olaraq belə nəticə çıxarmaq olar: dövlətçilik məsuliyyəti faktiki olaraq cəmiyyəti daxili və xarici risklərdən sığortalaya bilən əsas mənəvi faktor rolunu oynaya bilər. Onun cəmiyyətdəki rolu birləşdirici və motivəedicidir.

Füzuli QURBANOV,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalq qəzeti"

  • Paylaş: