Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova Rusiya, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə onlayn formatda işgüzar görüş keçirib.
“Zoom” platforması vasitəsilə baş tutan görüşdə Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun direktor müavini, dünya səviyyəli elmi mərkəz “Pavlov Mərkəzi” və Pavlov Beynəlxalq Resurs Mərkəzinin rəhbəri b.e.d., professor Yelena Rıbnikova, aparıcı mütəxəssis Mariya Fazulyanova və laboratoriya müdiri t.e.d. Yuri Şelepin, Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universitetinin kafedra müdiri t.e.d., professor Marina Balabekova, t.e.n., dosent Baurjan Kasenov, Qırğızıstan Milli Elmlər Akademiyasının Dağ Fiziologiyası və Tibb İnstitutunun direktoru t.e.d., professor Gülnar Yunusova, İ.Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının kafedra müdiri t.e.d., professor Rüstəm Tuxatşin və başqaları iştirak ediblər.
İclasda müasir fiziologiyanın mühüm məsələləri və mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə, həmçinin Fiziologiya İnstitutunun laboratoriya müdiri vəzifəsini icra edən b.ü.f.d., dosent Leyla Qədirova, baş elmi işçi t.ü.f.d., dosent Aliyə Qaysina və aparıcı elmi işçi b.ü.f.d. Xatirə Səfixanova iştirak ediblər.
Tədbirdə orqanizmin fəaliyyətinin müxtəlif aspektlərinin öyrənilməsinə yönəlmiş müasir tədqiqatlar geniş müzakirə olunub. Mütəxəssislər xarici amillərin fizioloji proseslərə təsiri ilə bağlı məsələlər, orqanizmin ətraf mühitin dəyişmələrinə uyğunlaşma mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.
Sonda elmi əməkdaşlıq çərçivəsində gələcək planlar müzakirə edilib, ümumi məqsədlərə nail olmaq üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlinib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.