Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.10.2024 17:50
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun əməkdaşları “BRICS”in təşkil etdiyi beynəlxalq forumlarda iştirak ediblər

Geologiya və Geofizika İnstitutunun əməkdaşları “BRICS”in təşkil etdiyi beynəlxalq forumlarda iştirak ediblər

“BRICS” ölkələrinin fəaliyyət planı çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq Dağ Universitetində “Mineral ehtiyatlar milli suverenliyin əsası kimi – kadr və innovasiya mühiti” forumu və gənc tədqiqatçılar üçün “Yer təkindən istifadənin aktual problemləri” mövzusunda beynəlxalq forum-müsabiqəsi keçirilib.

Forum dünyanın 42 ölkəsindən 800-dən çox nümayəndə, habelə dünyanın aparıcı texniki universitetlərinin rektorları, alimləri, transmilli enerji şirkətlərinin rəhbərləri, təhsil və elm sahəsində cavabdeh nazirlik və idarə rəhbərlərini bir araya gətirən, həmçinin elmi-innovativ kontekstdə müzakirələrin təşkilini təmin edən geniş platforma hesab olunur.

Beynəlxalq forumun müzakirələrində AR ETN Geologiya və Geofizika İnstitutunun Hidrogeologiya və geoekologiya şöbəsinin baş mütəxəssisi Tariel Hüseynov və Palçıq vulkanizmi şöbəsinin elmi işçisi Elnur Baloğlanov iştirak edib.

Tariel Hüseynov “Azərbaycanın mineral-xammal ehtiyatları və onların inkişaf perspektivləri” mövzusunda geniş məruzə edib. Eləcə də Sankt-Peterburq Dağ Universitetinin Elmi-pedaqoji kadrların hazırlanması üzrə prorektoru texnika üzrə elmlər doktoru, professor Dmitri Mardaşov və Beynəlxalq əlaqələr üzrə prorektoru Yevqeni Lyubin ilə görüş keçirib. İkitərəfli görüşlərdə Geologiya və Geofizika İnstitutunun fəaliyyət istiqaməti, kadr potensialı və analitik laboratoriya bazaları haqqında geniş məlumat verən T.Nüseynov həmin institutda hazırlanmış “Dünya palçıq vulkanlarının atlası”nı Sankt-Peterburq Dağ Universitetinə hədiyyə edib.

GGİ alimləri həm də Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki konsulu Rəhim Rəhimzadə ilə də görüşüb və müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

Gənc tədqiqatçı Elnur Baloğlanov həm də gənc tədqiqatçılar üçün keçirilən “Yer təkindən istifadənin aktual problemləri”  mövzusunda beynəlxalq forum-müsabiqədə “Azərbaycanın palçıq vulkanlarının ekoloji və iqtisadi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.   

GGİ nümayəndələrinin çıxışları iştirakçılarda böyük maraq doğurub.

Məlumat üçün bildirək ki, bu görüşlər Sankt-Peterburq Dağ Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Yevqeni Lyubinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadəyə göndərdiyi dəvət məktubu əsasında reallaşıb.

Bu ənənəvi Forum Sankt-Peterburq Dağ Universitetində 2005-ci ildən keçirilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: