Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2024 16:40
  • A-
  • A
  • A+

Gəncədə “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub

Gəncədə “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub

Gəncədə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçisi Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

AMEA-nın Gəncə Bölməsində keçirilən təqdimat mərasimində Tahir Əmiraslanov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində ərsəyə gətirilən kitab Azərbaycan və ingilis dillərində təqdim olunur. 215 səhifədən ibarət nəşrdə 58 mənbədən istifadə etməklə, 1500 Qərbi azərbaycanlıdan sorğu nəticəsində 100-ə yaxın şirniyyat, şirin xörək növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar əksini tapıb. Kitabın üz qabığında da ermənilərin özününküləşdirməyə çalışdığı şirniyyatların rəsmləri yer alıb. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev qeyd edib ki, Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların doğma yurda qayıdış məsələsi dövlətin əsas hədəflərindən biridir. Soydaşlarımız Qərbi Azərbaycana qayıdış zamanı mədəniyyətimizi, milli mətbəximizi, adət-ənənələrimizi də oraya qaytaracaqlar. Belə bir kitabın işıq üzü görməsi bu baxımdan da əhəmiyyət kəsb edib.

Sonda iştirakçılara kitablar paylanılıb.

AzərTac

  • Paylaş: