AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı 25-29 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq “Mərkəzi Avrasiyada sosiohumanitar elmlərdə inteqrativ yanaşma: problemlər və perspektivlər” VII Forumunda iştirak edib.
Şərqşünas alim forumda “Rozen və Qaspıralının məktublaşması əsasında Avropanın İslama baxışı” mövzusunda məruz edib. Məruzədə bildirilib ki, 1881-ci ildə İsmayıl bəy Qaspıralı “Rusiya müsəlmanları” adlı ilk əsərini rus dilində yazıb nəşr etdirmiş və bu əsərində o, türklərin ruslardan və Avropa ölkələrində yaşayan xalqlardan geridə qalmalarının başlıca səbəblərini və problemlərini açıb göstərmişdi.
G.Qafqazlı İsmayıl bəyin öz ideyaları ilə türklərin şüurunda dönüş yaratmaq üçün mətbuatın rolunu əhəmiyyətli hesab etdiyini vurğulayıb: “1882-ci ildə o, yeni jurnalının nəşrinə başlayır. Bu məcmuənin birinci nüsxəsi “Tonğuç” (“İlkin”), ikincisi “Şafak”, üçüncüsü isə “Neşriyyat-İsmailiye” adları ilə işıq üzü görür. Lakin bu məcmuə İ.Qaspıralının tələblərinə yetərincə cavab verməmişdir. Ona müntəzəm nəşr olunan bir qəzet lazım idi ki, onun fikir və ideyalarını tək Krım çərçivəsində deyil, Rusiyanın və digər dövlətlərin əsarəti altında olan bütün xalqlara yaya bilsin. 1883-cü il aprelin 10-dan İ.Qaspıralının həftədə iki dəfə olmaqla “Tərcüman” qəzeti nəşr edilməyə başladı”.
Məruzəçi qeyd edib ki, həmin “Tərcüman” qəzetinin 3 iyul sayında Baronessa von Rozen adlı bir qadının məktubunun tərcüməsi çap edilmişdi. Həmin Baronessanın müsəlman qadınları haqqında ortaya qoyduğu məsələ təəssüf ki, bu gün də olduqca aktualdır. “Tərcüman” qəzeti Baronessaya 9 iyul 1910-cu ildəki 28-ci sayında “Alem-i Nisvan” rubrikasında öz cavabını bildirmiş, lakin bununla da kifayətlənməyən digər ərazilərdən də həmin qadına yetərli cavab verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.