Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi Əməkdar jurnalist, “Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlunu anadan olmasının 65 illiyi münasibətilə və mediada elmin populyarlaşdırılmasında xidmətlərinə görə fəxri fərmanla təltif edib.
AMEA Rəyasət Heyətində mükafatı jurnalistə təqdim edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Tahir Aydınoğlunu səmimi təbrik edib, onun Azərbaycan Televiziyasında və “Xalq qəzeti” redaksiyasında 40 ildən artıq müddətdə peşəkar fəaliyyətinin AMEA-nın həyatı, onun qurumlarının elmi-humanitar axtarışları ilə sıx bağlı olduğunu söyləyib. Elm və medianın səmərəli əməkdaşlığının ölkəmizin hərtərəfli tərəqqisinə bundan sonra da töhfələr verəcəyini qeyd edən akademik bu prosesdə həmkarımıza uğurlar arzu edib.
“Xalq qəzeti”nin ölkəmizin ictimai-siyasi həyatının media xronikasını yaratmaqda, obyektiv ictimai rəy formalaşdırmaqda rolunu yüksək qiymətləndirən AMEA prezidenti bu yaxınlarda 105 yaşını qeyd etmiş bu qocaman və avanqard nəşrin son illərdəki yaradıcılıq axtarışlarının çağdaş media çağırışlarını əhatəli cavablandırdığını vurğulayıb. O, alimlərimizin redaksiya ilə əməkdaşlığa önəm verdiyini, elmi maarifləndirmə işinə dəstəyini artıracağını da bildirib.
Tahir Aydınoğlu göstərilən diqqətə, fəaliyyətinin elmi-humanitar yönünə verilən dəyərə görə təşəkkürünü ifadə edib, təqdir edilən xidmətini bundan sonra da davam etdirəcəyini söyləyib.