“Tarix və onun problemləri” elmi-nəzəri jurnalında AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunan “105 yaşlı Bakı Dövlət Universitetinin 85 yaşlı akademiki” adlı məqalə dərc olunub. Məqalənin müəllifi BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elvira Lətifovadır.
Həmin məqaləni təqdim edirik:
Bu il Azərbaycan Respublikasının ən qədim ali təhsil ocağı, Azərbaycan Xalq Cümhuriyyətindən millətimizə, dövlətimizə yadigar qalan ən dəyərli miraslardan biri olan Bakı Dövlət Universitetinin 105 illik yubileyi tamam olur. Mövcud olduğu illər ərzində Bakı Dövlət Universiteti çox təlatümlü, keşməkeşli, eniş və yoxuşlarla dolu bir yol qət edib, universitetin adı dəfələrlə dəyişdirilib, amma onun siması heç vaxt dəyişməyib. Universitetin simasını təşkil edənlər isə ilk öncə onun görkəmli məzunları, alimləri olub: Heydər Əliyev, Yusif Məmmədəliyev, Həsən Əliyev, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə, Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Abdulla Qarayev, Ziya Bünyadov, Aida İmanquliyeva, Bəkir Çobanzadə, Heydər Hüseynov, Mirəli Qaşqay, Cəfər Xəndan, Yaqub Mahmudov...
Hazırkı məqaləmizdə biz yuxarıda sıraladığımız görkəmli şəxsiyyətlərdən biri - Bakı Dövlət Universitetinin həm şöhrətli məzunu, həm görkəmli alimi, dövlət xadimi, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov haqqında bəhs edəcəyik. Niyə məhz Yaqub Mahmudov? Çünki Yaqub Mahmudovun taleyi, keçdiyi ömür yolu da Bakı Dövlət Universitetinin keçdiyi yol kimi, həm çox ağır, həm də çox şərəfli olmuşdur. Bəlkə də təsadüfi deyil ki, Bakı Dövlət Universiteti və Yaqub Mahmudov yubileylərini eyni illərdə qeyd ediblər, bu il də belədir - Bakı Dövlət Universitetinin 105, Yaqub Mahmudovun isə 85 yaşı tamam oldu. Yaqub Mahmudovun 85 illik ömür yolunun 67 ili birbaşa BDU ilə bağlı olub.
Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, tarix elmləri doktoru, professor Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində Rəhimoğulları (Rəhimuşağı) nəslində dünyaya göz açmışdır. Bu nəsil mərd, döyüşkən mübariz nümayəndələri ilə yanaşı, həm də sayılıb-seçilən müdrik ağsaqqalları ilə təkcə Göynük mahalında deyil, həmçinin Şəki və ətraf ərazilərdə də yaxşı tanınırdı. Nəsilə xas ağsaqqallıq və mübarizlik keyfiyyətinin bu gün də davam etməsi heç də təsadüfi deyil. Atası Mikayıl Mahmud oğlu 1918-1920-ci illərdə Şəki bölgəsində, o cümlədən Göynük mahalında azərbaycanlıları kütləvi surətdə qırmağa çalışan daşnaklara qarşı fəal mübarizə aparmışdır. Bütün bunların nəticəsində təqiblərə məruz qalan Mikayıl Mahmud oğlu öz ailəsi ilə birlikdə Şəki rayonunun doğma Baş Göynük kəndindən didərgin düşür və bir müddət qonşu Qax-Zaqatala rayonları ərazisində gizli həyat keçirdikdən sonra, nəhayət Balakən rayonunun Sarıbulaq kəndində qərar tutur. Atası Mikayıl Mahmud oğlunun sovet rejimi tərəfindən təqib olunması və dönməz mübarizliyi, göstərdiyi igidliklər, keçirdiyi məşəqqətli günlər hələ uşaqkən Yaqub Mahmudovun xatirində dərin iz buraxmışdır.
1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbini bitirən Y.M.Mahmudov ilk pedaqoji fəaliyyətə də burada başlamışdır. Bir müddət ilk məzunu olduğu doğma Sarıbulaq kənd tam orta məktəbində tərbiyəçi-müəllim işləyir.
Y.M.Mahmudov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olur. Dərs əlaçısı olduğu üçün əvvəlcə Stalin, sonra isə Lenin təqaüdlərinə layiq görülür. Fakültə həmkarlar və komsomol təşkilatlarına başçılıq edir. Elmi axtarışlara xüsusi maraq göstərdiyi üçün Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri seçilir. 1962-ci ildə Universiteti əla qiymətlərlə bitirir və Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə orta əsrlər tarixi ixtisası üzrə aspiranturada saxlanılır. Həmin vaxtdan da görkəmli ortaəsrşünas alim professor Ə.M.Şahmalıyevin rəhbərliyi ilə orta əsr Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri problemi ətrafında elmi axtarışlara başlayır.
1966-cı ildə Y.M.Mahmudov XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə edir. Alimin o vaxtadək tədqiqatçılara məlum olmayan bir çox yeni mənbələr əsasında XV əsrdə Azərbaycanın xarici aləmlə, o cümlədən Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr saxladığını ilk dəfə olaraq aşkara çıxaran bu elmi tədqiqatına görə Tarix fakültəsinin Elmi Şurası ona, yekdilliklə, birbaşa tarix elmləri doktoru elmi dərəcəsi verməyi qərara alır. Lakin bu qərarı bəzi tarixçilər qısqanclıqla qarşılayır. Onların təzyiqi ilə Yaqub Mahmudova tarix elmləri doktoru elmi dərəcəsi verilməsi haqqında qərar Universitetin Böyük Elmi Şurasında təsdiq olunmur. Bunun ardınca gənc alimə qarşı daha bir haqsızlıq edilir. Uğurlu müdafiəsinə və gənc mütəxəssis olmasına baxmayaraq, Y.M.Mahmudova Universitetdə iş verilmir. O, doğma təhsil ocağından uzaqlaşmağa məcbur olur.
1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru kimi fəaliyyətə başlayan Y.M.Mahmudov 1975-ci ilədək burada böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, nəhayət elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışır.
Ensiklopediya illəri (1966–1975) Yaqub Mahmudovun elmi dünyagörüşündə kəskin dönüş yaradır. İlk Azərbaycan Ensiklopediyasının Baş redaktoru Rəsul Rzanın Azərbaycanın tarixi keçmişi ilə bağlı məsələlərdə barışmaz milli təəssübkeşliyi, sovet rejiminin məddahları olan bəzi ziyalıların, o cümlədən tanınmış tarixçilərin xalqa zidd mövqeyi, onların Mərkəzdən yeridilən milli ayrı-seçkilik siyasətini canfəşanlıqla müdafiə etmələri alimin həyatında dərin iz buraxır. O, Azərbaycan tarixinin bir çox taleyüklü məsələlərinin saxtalaşdırılmasına qarşı çətin mübarizə yolunu seçir.
Uzun illər ərzində BDU-da, həmçinin Azərbaycan Elmlər Akademiyasında (sonralar Azərbaycan Milli Elmlər Akademiyasında) ixtisaslaşdırılmış namizədlik və doktorluq şuralarının elmi katibi (1983-1987), həmsədri (1995-1997) və sədri (1987-1991, 1995-1998, 2004-2021) kimi fəaliyyət göstərən, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri, opponenti, rəyçisi olan Y.M.Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasına böyük əmək sərf edir. Göstərilən dövrdə həmin elmi şuralarda 300-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Yaqub Mahmudov 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub. O, həmin illərdə tarixçi kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi, tarix elminin tədrisinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi üçün genişmiqyaslı fəaliyyət göstərib və KİV-də konkret təkliflərlə çıxış edib. Onun təşəbbüsü ilə “Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə” Dövlət və Hökumət proqramları hazırlanıb, Respublika Tarix Liseyi yaradılıb, Tarix fakültəsində yeni ixtisaslar - “tarixçi-arxivşünas”, “tarixçi-şərqşünas”, “çinşünas”, “tarixçi-arxeoloq”, “tarixçi-etnoqraf”, “beynəlxalq münasibətlər”, “sosiologiya”, “psixologiya”, “etnopsixologiya”, “etnososiologiya” və “sosial psixologiya” ixtisasları açılıb, “Azərbaycan tarixi” fənninin saatları artırılıb, “Azərbaycanın maddi-mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyaları, “Tarixi tədqiqatlarda elektron-hesablama maşınları və riyazi üsulların tətbiqi” tədris laboratoriyası, Arxeologiya və Etnoqrafiya muzeyi yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb. 1980-ci illərin ikinci yarısında Tarix fakültəsinin əlaçı tələbələrinin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi genişləndirilib. 1989-cu ilin payızında Tarix fakültəsinin 70 illiyi Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Gürcüstandan olan tarixçi alimlərin iştirakı ilə SSRİ miqyasında qeyd olunub.
1980-ci illərin sonlarında BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri olmuşdur. 1989-cu ildə Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırılıb. Elə həmin dövrdə onun təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyasının Tarix fakültəsindəki ilk partiya təşkilatı buraxılıb. O, 1990-cı ildə milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən qovulmasının qarşısını alıb və bununla bağlı ona qarşı olan ağır təzyiqlər şəraitində dekan vəzifəsindən istefa verib. Onun istefasından sonra - 1991-1994-cü illərdə Tarix fakültəsində işgüzar elmi-pedaqoji mühit pozulub: onun təşəbbüsü ilə açılan yeni ixtisaslar, Respublika Tarix Liseyi və “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyası bağlanıb. 1991-ci ildə isə Tarix fakültəsi parçalanaraq onun əsasında iki yeni fakültə yaradılıb. Yaqub Mahmudov 1991-ci ildən Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir və həmin kafedranın formalaşması onun adı ilə bağlıdır. Yaqub Mahmudov Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. Hələ 1991-ci ildə - Azərbaycanda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu dövrdə onun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün ilk “Azərbaycan tarixi” proqramı nəşr olunub. O, 1991-1992-ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. O vaxt əhali, o cümlədən təhsil sistemi işçiləri konsepsiya və qanun layihələrini geniş müzakirə edərək bəyəniblər. Hətta 1992-ci ildə - Əbülfəz Elçibəyin prezidentliyinin 100 günü tamam olanda Təhsil Konsepsiyası Xalq Cəbhəsi iqtidarının uğuru kimi qeyd olunub. Lakin buna baxmayaraq, Xalq Cəbhəsi iqtidarının bəzi nümayəndələri Təhsil Qanununun qəbul olunmasına kəskin müqavimət göstərib və hətta Prezidentin qanunu imzalamamasına (veto) da nail olublar. Bununla belə, 1992-ci il dekabrın 16-da Milli Məclis Yaqub Mahmudovun təqdimatı ilə Təhsil Qanununun qüvvəyə minməsi barədə qərar qəbul edib və beləliklə, ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərinin (orta ümumtəhsil məktəbləri üçün) yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq türk imperiyalarının tarixi “Orta əsrlər tarixi” dərsliyinə daxil edilib və bu imperiyaların dünya tarixində yeri və rolu geniş işıqlandırılıb. Onun hazırladığı “Ata yurdu” dərsliyi isə 2003-cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə “İlin dərsliyi” seçilib.
1992-ci il noyabrın 12-də o, Naxçıvana səfər edib, ümummilli lider Heydər Əliyevlə görüşüb və Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində çıxış edib. Daha sonra 1992-ci ilin dekabrında “Səs” qəzetində ardıcıl çıxış edərək bildirib ki, Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Elə həmin dövrdə o, tez-tez cəbhə bölgələrinə - Xocalı, Şuşa, Ağdam, Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli, Köhnəkənd, Qubadlı, Horadiz, Füzuli və başqa döyüş məntəqələrinə gedib, gəncləri qəhrəmanlığa ruhlandırıb. Yaqub Mahmudov 1993-cü ilin iyununda - vətəndaş müharibəsinin reallaşmaqda olduğu bir vaxtda qarşı duran tərəflər arasında barışıq yaratmaq üçün bir neçə ziyalı ilə birlikdə Navahı kəndinə də səfər edib. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə o, yenidən BDU Tarix fakültəsinin dekanı seçilib. 1994-2004-cü illərdə Tarix fakültəsində əvvəlki işgüzar elmi-pedaqoji mühit yenidən bərpa olunub: “Qafqazşünaslıq” və “Amerikaşünaslıq” ixtisasları açılıb, yeni fənlər - “Azərbaycan toponimikası”, “Tarixi demoqrafiya”, “Altayşünaslığın əsasları”, “Beynəlxalq münasibətlər tarixi”, “Türk xalqları tarixi” və “Din tarixi” fənləri tədris planına daxil edilib, fakültədə Azərbaycanşünaslıq, Altayşünaslıq və Amerikaşünaslıq mərkəzləri, “Türk odası” yaradılıb və “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyası yenidən fəaliyyətə başlayıb.
Yaqub Mahmudovun Bakı Dövlət Universitetinin həyatında, o cümlədən ümumiyyətlə Vətən tarixşünaslığında göstərdiyi xidmətlər və yuxarıda işıqlandırdığımız məsələlərlə yanaşı, onun tarix elmimizdə yeni konsepsiya və istiqamətlərin - xüsusilə də “itirilmiş torpaqlar” və “saxtalaşdırılmış tarix” istiqamətlərinin yaradılmasındakı fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Bu istiqamətdəki ilk addımlar Yaqub Mahmudov tərəfindən keçən əsrin 90-cı illərindən atılmağa başlandı. Tarixçi alim bu istiqamətdə xüsusilə sərhəd bölgələrinin tarixinin obyektiv araşdırılmasının bünövrəsini qoydu - Qarabağ, Naxçıvan, İrəvan, Dərbənd, Şimal-Qərbi Azərbaycan tarixinə dair dissertasiyaların işlənməsi həmin illərdə gənc aspirantlara həvalə olundu və nəticədə 90-cı illərin sonları - 2000-ci illərin əvvəllərində bu problemlərə həsr olunmuş ilk monoqrafiyalar, o cümlədən də hazırkı məqalənin müəllifinin ilk monoqrafiyası işıq üzü gördü, ilk dissertasiyalar müdafiə edildi.
Yaqub Mahmudov 2004-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru olub. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Onun Tarix İnstitutunun direktoru olduğu dövrdə Azərbaycan tarix elminin təhriflərdən və saxtalaşdırmalardan təmizlənməsi sahəsində mühüm uğurlar qazanılıb. O, tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb.
Yaqub Mahmudovun rəhbərliyi ilə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi reallaşıb və respublikaya Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrdən on minlərlə arxiv sənədi gətirilib. Bu sənədlər əsasında ermənilərin Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülməsi, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövlətinin olmaması, Stepan Şaumyanın “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü olması və onun “26 Bakı komissarı” sırasında güllələnmədiyi sübut edilib.
2013-2018-ci illərdə Yaqub Mahmudovun təşəbbüsü və dünyanın görkəmli alimlərinin iştirakı ilə Bakı, Quba, Şamaxı, Lənkəran və Qusarda 5 beynəlxalq soyqırımı konfransı keçirilib və bu konfranslara Prezident İlham Əliyev müraciətlər ünvanlayıb.
Onun yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsi sahəsində də mühüm xidmətləri var. O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 73 nəfər fəlsəfə və elmlər doktoru yetişib.
2021-ci il yanvarın 22-də isə o, Tarix İnstitutunun direktoru vəzifəsindən kənarlaşdırılaraq, AMEA-nın müşaviri vəzifəsinə keçirilib. Bütün bunlara rəğmən, Prezident İlham Əliyev onu Azərbaycan tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edib. Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb. Yaqub Mahmudov Azərbaycan Respublikasının “Şöhrət” (1999), “Şərəf” (2009) və 1-ci dərəcəli “Əmək” (2019) ordenlərinə layiq görülüb. O, Azərbaycanın Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” və “Ekologiyanın dostu” mükafatları laureatıdır. O, təkcə Azərbaycanda deyil, həm də dünya miqyasında tanınır. Onun əsərləri indiyədək 15 dilə - türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, ukrain, urdu və rumın dillərinə tərcümə edilib. Beynəlxalq Sokrat Komitəsi 2012-ci ildə onu dünya elminə verdiyi töhfələrə görə “Elmdə ad” (“The Name in Science”) fəxri titulu və “Dünya elminə töhfə” (“For Contribution to World Science”) medalı ilə təltif edib. Bununla da, o, XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib. Dünya şöhrətli tarixçi alim Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının və Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının həqiqi üzvü, Türk Tarix Qurumunun fəxri üzvü, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Oksford Akademik Birliyinin fəxri professorudur. O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) “Beynəlxalq Qızıl Ulduz” medalı, TDABEA-nın Beynəlxalq Atatürk Mükafatı, TDABEA-nın 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” Beynəlxalq mükafatı, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) “Qotfrid Vilhelm Leybnits” medalı, ATEA-nın “Fəxri Legion” ordeni, “Simurq” beynəlxalq medalı, Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalı, “Ən yaxşı baş menecer” fəxri adı, “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, “Ataman Anton Qolovatıy” ordeni, Millətlərin Birləşmiş İctimai Təltif Şurasının (UN Council for Public Awards - UNCOPA) “XXI əsrin lider şəxsiyyəti” Beynəlxalq mükafatı, UNCOPA-nın “Lider”, “Avropa xidmət” və “Avropa lideri ulduzu” ordenləri ilə təltif olunub. Tarixçi alim həm də UNCOPA-nın “Sülh səfiri” fəxri tituluna layiq görülüb. Yaqub Mahmudov, eyni zamanda, bu mükafatlarla da təltif olunub: “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, Milli Məclisin “Parlament” medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, “General Səməd bəy Mehmandarov” yubiley medalı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı və Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı.
Böyük alim bu gün də Bakı Dövlət Universitetində kafedra müdiri olaraq aktiv fəaliyyətini davam etdirir, gənc tarixçilərin doğru istiqamətləndirilməsinə, Tarix fakültəsinin və bütövlükdə Bakı Dövlət Universitetinin uğurlu fəaliyyətinə mühüm töhfələr verməkdə davam edir.