2024-cü ilin 8 noyabr tarixi Azərbaycan xalqı üçün Vətən müharibəsində qazanılan parlaq qələbə, Zəfərin 4-cü ildönümü olub, yaxın tarixi yaddaşımızı canlandırır. Elə bir tarix ki, orada Vətən Müharibəsi Qəhrəmanı, şəhidlik zirvəsini fəth etmiş Şahin Allahyarov və silahdaşlarının da adları qürur hissi ilə yad olunur. Ötən illər şəhidlərimzin və qazilərimizin unudulmadığını, əksinə dövlət tərəfindən adlarının əbədiləşdirilməsi və ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli iş görüldüyünü təsdiq edir. Şahinin dediyi kimi: “Hər kəs öz işi ilə vətənə xidmət edir...” - hərbçi silahı ilə dövlətin suverenliyini qoruyursa, qələm əhlinin də vəzifəsi şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarla zəngin ömür və döyüş yolunu yazıb gələcək nəsillərə ötürməkdir.
Qeyd etmək istərdim ki, ötən illər ərzində Şahinlə bağlı bir sıra araşdırma, bioqrafik, ensiklopedik yazılar qələmə alınmışdır. Onların böyük əksəriyyəti məqalələrdə və xüsusilə də kitablarda öz əksini tapmışdır. Haqqında film çəkilmiş, döyüş yoluna, xatirəsinə şeirlər və mahnılar bəstələnmişdir. Bununla bitməmiş, Qubada şahmat-idman məktəbinə, həmçinin rayonun işlək küçələrindən birinə adı verilmiş, böyüyüb boya-başa çatdığı Qubanın Zizik kəndində adına bulaq tikilmiş, yaşıl park salınmışdır. Həmçinin, respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən məktəblərdə bəzi sinif otaqlarına da qəhrəman Şahinin adı verilmiş, divar qəzetlərində rəsmləri və haqqında mühüm məlumatlar öz əksini tapmışdır.
Vətənpərvər olmaqla yanaşı Şahinin uşaqlıqdan yardımsevər və xoşrəftar olduğu təkcə ailəsi, valideyni tərəfindən yox, “44 günlük” Vətən müharibəsində qəhrəman Vətən oğlunun qrup komandirləri, əsgər və döyüş yoldaşları, dostları, uzun illər bir parta arxasında əyləşdiyi sinif yoldaşları, uşaqlıq dostları tərəfindən də minnətdarlıq hissi ilə yad olunur. Hazırda Şahinin xidmət etdiyi Qazax “N” saylı hərbi hissəsində adının əbədiləşdirilməsi məqsədilə lövhə asılmış, çarpayısının üzərində adı yazılmış və üç rəngli dövlət bayrağı qoyulmuşdur. Ən əsası isə onun xidmət etdiyi bölükdə haqqında söylənən xatirələr, döyüş yolu və qəhrəmanlıqlarla zəngin həyatı haqqında yalnız xoş sözlər söylənir.
Komandirləri Şahinin döyüş yolundan bəhs edərkən onun yüksək fiziki hazırlığından heyranlıqla söz açırlar. Verilən tapşırığı vaxtında, böyük məsuliyyət hissi və dəqiqliklə yerinə yetirən Şahinin Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçısı kimi bu ada layiq olduğu əməlləri ilə II Qarabağ müharibəsində aparılan mürəkkəb döyüşlərdə öz əksini tapdı. Məktəb illərində professional idmanla məşğul olması, rayon üzrə yarışlarda birincilik qazanması Vətən oğlunun həm iradəsini, həm də fiziki cəhətdən cüssəsini möhkəmləndirmişdir.
Şahin haqqında müsahibə verən hər kəsin şəhidlə bağlı ilk cümlələri vətənpərvər, igid, böyükdən kiçiyə hər kəsin ehtiramını qazanan, nəhayət peşəkar hərbi qulluqçu olması ilə bağlıdır. Qrup komandirləri və silahdaşlarının Şahinlə bağlı fikirləri onun haqqında yüksək dəyər formalaşdırır. Xüsusilə, qeydə aldığım müsahibələr arasında Şahinlə bağlı xatirələrini və kövrək duyğularını dilə gətirən qəhrəmanın tarix müəlliminin şagirdinin Azərbaycan tarixinə olan böyük marağı haqqında söylədikləri diqqətimi çəkmişdir. Şahinin Qubanın Zizik kənd tam orta məktəbində təhsil aldığı 9 illik həyat təcrübəsi, digər fənlərdən fərqli olaraq tarix dərsində ön sıralara can atması vətən oğlunun bir qəhrəman kimi yetişməsində müəllimlərinin əhəmiyyətli rol oynadığından xəbər verir. Şahinin israrla tarix müəllimindən I Qarabağ müharibəsi ilə bağlı danışmasını xahiş etməsi, hətta başqa dərs saatının olmamasına baxmayaraq müəllimdən tarixi bilikləri onunla davamlı bölüşməsini arzu etməsi hər şagirddə müşahidə oluna biləcək hal deyil. Belə demək mümkündürsə Şahin hələ məktəb illərində öz xəyallarında Qarabağın azadlıq mübarizəsinə qoşulmuş və psixoloji olaraq özünü gələcək döyüşlərə hazırlamışdır.
Düşmənlə mübarizə cəbhəsində döyüşən əsgərin milli və mənəvi dəyərlər mühitində necə böyüməsi, onun fiziki və psixoloji hazırlığında özünü əks etdirən mühüm məqamlardan biridir. Bu baxımdan, əminliklə deyə bilərik ki, Şahin fərd olaraq, məktəb illərindən başlayaraq hərbi xidmət keçdiyi dövrdə özü-özünü, Vətənin bütövlüyü uğrunda canından keçmək üçün yetişdirmiş, amma onun yüksək amal uğrunda addımladığını valideynlərindən sonra duyan, hiss edən tarix müəllimi qədər ikinci pedaqoq olmamışdır. Bəlkə də digər müəllimləri Şahində olan Vətən sevgisini görmüş, lakin bir tarixçi qədər onu dəyərləndirməmiş və qəhrəmanın illər sonra dillərə dastan olacaq yüksək şücaətlər göstərməsindən xəbərsiz olmuşlar.
İnsanın qəhrəmanlıq kimi ali keyfiyyətlərinin üzə çıxmasında mübarizə meydanı böyük rol oynayır. Bəzən insanlar gözləmədikləri qohumundan, dostundan, qardaşından, şagirdindən, həyat yoldaşından, nəhayət övladından düşmənlə döyüşdə elə üstünlüklərə şahid olur ki, adi həyatda onu müşühidə etmək mümkün deyil. Şahin də təbiətcə hüzurlu, əməyə bağlı və yüksək ailə dəyərləri ilə böyüyən, idmanda ali nəticələr əldə edən gənc kimi ilahinin bəxş etdiyi ömrü yaşayırdı. Bu ömür yolu Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Şahinin qarşısında çoxdan arzuladığı bir dönüş mərhələsi, Zəfər salnaməsi idi. Zəfərin Şahini çox keçmədən Şahinin Zəfəri ilə tarix oldu, əbədiyyət ünvanı qazanan hünər və qəhrəmanlıq məktəbi kimi illər sonra xoş xatirələrə və kövrək duyğulara döndü.
Şahini həyat məktəbindən məzun edən ilk müəllimləri valideynləri onun ailə dəyərlərinə, torpağa və zəhmətə bağlı bir övlad kimi yetişməsində müstəsna rol oynamışlar. Şahinin davamlı olaraq anası Nərgizdən, atası Hüseynbaladan xeyr-dua istəməsi, müharibə dövründə isə halallıq diləməsi uzun illər keçdikdən sonra daha aydın anlaşılır. Şəhidin anası müsahibələrində Şahinin hərbi qulluqçu kimi yetişməsində keçdiyi təhsil həyatından danışarkən arxasınca tez-tez dua etməsini, imtahan verməyə gedərkən kəndin ağbirçəyi kimi tanınan seyid övladı, el arasında Roza bacı kimi tanınan mənəviyyat insanından da dua alaraq hərbidə müvəffəq olması kimi məqamlar onun haqqında yüksək fikir formalaşdırır və vətənpərvər simasını bizə tanıdır. Şahinin təmiz vicdan ilə yaşaması və sıx-sıx dualar alaraq hərb yolunda yürüməsi şəhidin milli dəyərlərlə yanaşı yüksək mənəvi dəyərləri yaxşı mənimsədiyindən xəbər verir.
Vətən Müharibəsi Qəhrəmanının atası Hüseynbala artıq aramızda olmasa da onun övladı haqqında söylədiyi fikirlər də illər ötdükcə öz təsdiqini tapır və övladının Vətən qarşısında nə əqədər şərəflə xidmət etdiyini göstərir. Şəhidin adını daşıyan bulaq və parka bir zamanlar göz bəbəyi kimi baxan ata artıq iki ildir ki, cənnətdə övladına qovuşmuş, bu dünyanın ağrı və acısından əl-ətək çəkərək əbədi yaşayacağı məkana köçmüşdür.
Şahinin məzarını ziyarət etdiyim vaxt və ya şəhid parkında müşahidə etdiklərim, rəhmətlik Hüseynbala kişinin hüzünlü və ağalamaqdan qızarmış nəmli gözlərini unutmaq olmur. Hər dəfə Şahinin xatirəsinə tikilmiş bulağın yanından keçərkən, ayaq saxlayıb sudan içib, ruhuna fatihə oxumadan getmirəm. Şahinin və general Polad Həşimovun şəkilləri ilə bəzədilmiş parkda, səliqə ilə əkilmiş güllərin ətrafında bir hüzur və səssizlik hiss olunur. Bu hüzur cənnətdən boylanan Şahinin sanki ruhunun oralarda dolaşdığını və fəxarət hissi keçirdiyini, dil açaraq mən buradayam deyir.
8 noyabr Zəfər gününü Azərbaycan xalqına bəxş edən şəhidlər və qazilər göstərdikləri qəhrəmanlıqlarla, yaratdıqları hünər və igidlik məktəbi ilə yazarlara yazmaq və gələcək nəsillərə ötürmək üçün məsuliyyət tələb edən şərəfli yol açmışlar. Sevinirik ki, bu yolda bizimdə zərrə qədərdə olsa izimiz var və Şahinin unudulmaz şücaətlərlə zəngin döyüş yolu haqqında sayca qələmə aldığımız 6-cı yazı beləcə ərsəyə gəlmiş oldu.
Şahin Allahyarov haqqında xatirələrin, döyüş yolunun, qısa, lakin şərəfli ömür yolunun bir məqalə və yazıdan daha da irəli gedərək, bir gün kitaba dönüşəcəyi gün də çox yaxındadır. Zəfərin Şahini bu gün bizim üçün Şahinin Zəfəri kimi böyük anlam daşıyır, geniş məna kəsb edir. Vətən yolunda canından keçmiş bütün Azərbaycan şəhidlərini rəhmət və minnətdarlıq hissi ilə anaraq demək istəyirik ki, - Zəfərin Mübarək Şahin !
Aqil ƏHMƏDOV, AMEA-nın Tarix İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.