Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova açıb. Bildirib ki, 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmizin dörd ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illər düşmən işğalında qalmış torpaqlarımızı azad edib. Bu müharibənin həm də bizim xalq olaraq, millət olaraq həmrəyliyimizi, birliyimizin gücünü hər kəsə nümayiş etdiyini söyləyib. U.Həşimova qeyd edib ki, böyük çətinliklər bahasına əldə olunan bu qələbəmiz, Zəfər Günü tariximizin ən şanlı, ən qürurverici bayramlarından birinə çevrilib. İnstitut rəhbəri torpaqlarımız uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Daha sonra çıxış edən institutun icraçı direktoru, f.-r.e.d., professor Əhməd Hacıyev bildirib ki, xalqımızın yaddaşında əbədiləşən, düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə 2020-ci il sentyabr ayının 27-də başlayıb 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən İkinci Qarabağ Müharibəsi, Vətən Müharibəsi, tariximizin ən şanslı səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Həmin günlərdə xalqımız öz lideri - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müzəffər Azərbaycan Ordusunun gücünü, qüdrətini və yenilməzliyini bütün dünyaya nümayiş etdirməyə müvəffəq oldu. Alim vurğulayıb ki, Prezident İlham Əliyev müzəffər sərkərdə kimi həm hərb meydanında, həm də diplomatik cəbhədə öz yenilməz iradəsini ortaya qoydu, 8 noyabr 2020-ci il Ali Baş Komandanın və şanlı Azərbaycan əsgərinin yenilməz hünəri sayəsində şanlı qəhrəmanlıq dastanına çevrildi.
Tədbirdə, həmçinin Mühit amilləri və analizatorların formalaşması laboratoriyasının rəhbəri, b.ü.f.d., dosent Afiq Qazıyev, Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, b.e.d., professor Fəxrəddin Əskərov, 44 günlük müharibənin iştirakçısı, qazi Vüsal Yusifov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini İranə Qələndərli çıxış ediblər.
Sonda 8 noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.