Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 12:04
  • A-
  • A
  • A+

Nizami Muzeyində Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib

Nizami Muzeyində Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb. Vətən müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. Bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi və dövlət suverenliyimizin tam təmin edilməsi ölkə baçşısının xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir. 

“Zəfərdən zəfərlərə” adlı məruzə ilə çıxış edən alim qeyd edib ki, qədim və çoxəsrlik tarixə, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı çoxlu bayram və əlamətdar günlərə malikdir. Zəfər bayramı isə müasir Azərbaycan tarixinin ən şərəfli, şanlı tarixlərindən biridir.

Zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan alim bildirib ki, son 200 il ərzində azərbaycanlılar ermənilərin çoxsaylı zülmünə məruz qalıb. O, 1905, 1918-1920, 1948-1953-cü illərin deportasiya və soyqırımılarında azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığını, qırğınlara məruz qaldığını söyləyib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında yer alıb.

Onun sözlərinə görə, ölkə əhalisinin müstəqil dövlətçilik və vətənpərvərlik amalları ətrafında sıx birləşməsində milli ideya mühüm rol oynayır. Milli ideyanın qarşıdakı dövr üçün hədəfləri Prezident İlham Əliyevin apardığı siyasətdə öz əksini tapır. 

Akademik Rafael Hüseynov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyi daha da möhkəmlənib, eyni zamanda ölkə başçımız beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur.

Çıxışının sonunda akademik Rafael Hüseynov Zəfər Gününün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını deyib, bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını vurğulayıb. O, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümü və müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü münasibətilə əməkdaşları tədrik edib. 

Daha sonra muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli “Zəfər Günümüz mübarək!” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Zəfər Günü tarixi ədalətin bərpa olunduğu və Qarabağ nisgilinin sona çatdığı bir gündür. Vətən yolunda canından keçənlərin gələcək nəsillərə nümunə olmasından, onların ən böyük vəzifəsinin zəfərimizi qorumaq olduğundan bəhs edən məruzəçi, bu tarixi günün sevincini həmkarları ilə bölüşüb.

Sonra muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Zəfər savaşımız – Şərəf tariximiz” sərlövhəli məruzəsini təqdim edib. Xatirə Bəşirli 44 günlük savaş boyu xalqımızın, eləcə də müxtəlif xalqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi və hər şey Zəfər üçün şüarına köklənməsindən bəhs edib. Məruzədə müharibə boyu cəbhə ilə arxa cəbhə arasındakı sıx əlaqə, birlik, xalqımızın toparlanması, böyüklü, kiçikli Azərbaycan xalqının əsasən, anaların fədakarlığı, iradəsi diqqətə çatdırılıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində fəaliyyət göstərən filiallardan biri Xurşidbanu Natəvan adına Qarabağ filialıdır. Zəfər Gününün sevincindən onlara daha çox pay düşür. İllərdir Vətən nisgili, həsrəti ilə, bu gün isə qürur hissi ilə yaşayan filialın kiçik elmi işçisi Məhsəti Əhmədova “Qəhrəmanlıq dastanına dönmüş Zəfər Günümüz!” adlı məruzəsində 2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatmasından danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: