Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Braziliya Xarici Əlaqələr Nazirliyinin müşaviri Qabriela Vieira Nizami Muzeyində qonaq olub
15.11.2024 17:46
  • A-
  • A
  • A+

Braziliya Xarici Əlaqələr Nazirliyinin müşaviri Qabriela Vieira Nizami Muzeyində qonaq olub

Azərbaycanın maddi-mədəni irsi, xalq yaradıcılığı və diğər nümunələri ilə tanış olmaq məqsədilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə olan nümayəndələr muzeyləri ziyarət edirlər.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi COP29-la bağlı ölkəmizə gələn qonaqları öncə xaricdən əzəmətli binası, gözəl görünüşü ilə, sonra isə daxili zənginliyi – həm quruluş, həm də təqdimat baxımından cəlb edir.

Tədbirlər ərəfəsində müxtəlif ölkələrdən muzeyə gələn maraqlı qonaqlar arasında braziliyalı Qabriela Vieira da var. O, Azərbaycan xalqının adət-ənənələri, tarixi, ədəbiyyatı, mədəniyyəti ilə daha yaxından tanış olmaq və məlumatlanmaq məqsədilə Nizami Muzeyini ziyarət edib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov qonaqla görüşüb. Onunla səmimi söhbətdən sonra muzeydən xatirə olaraq müəllifi olduğu “Nizami muzeyinin xalçaları” kitabını hədiyyə verib.

Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin müşaviri Qabriela Vieria COP29 tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib. O, bu tədbirlə bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, COP30 tədbirləri gələn il Braziliyada keçiriləcək. Həmçinin Qabriela Vieria ölkəmizdə keçirilən tədbirlərdən çox faydalandığını söyləyib. Xüsusən könüllülərin fəaliyyətindən razı qaldığından bəhs edən Qabriela Vieria ümid edir ki, COP30 tədbirləri onun da ölkəsində Azərbaycanda olduğu kimi yüksək səviyyədə təşkil olunacaq.

Nizami Muzeyinin ənənəsinə sadiq qalan ziyarətçimiz muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazaraq muzeydə sərgilənən sənət əsərlərindən təsirləndiyini, böyük zövq aldığnı və bu ölkənin mədəni irsinin zəngin olduğunu qeyd edib. O, Azərbaycanın dünyaya göstərəcək çox sərvətləri olduğunu yazıb. Qonaqpərvərliyimiz üçün təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: