COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Monqolustan Respublikasının prezidenti Uxnaaqiyn Xurelsuxa Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı Azərbaycan-Monqolustan mədəni-tarixi əlaqələri haqqında söhbət aparılıb. Ekspozisiya ziyarəti zamanı Monqolustan prezidenti muzeyin eksponatlarını nəzərdən keçirərək, Azərbaycanın qədim mədəni irsi və tarixi ilə tanış olub. Eyni zamanda, muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Monqolustanın tarixi ilə Azərbaycanın mədəni əlaqələrini birləşdirən, Mingəçevirdə arexeoloji qazıntılar zamanı tapılmış Monqol xalatı və dövrün nadir numizmatik nümunələri qonağın diqqətini cəlb edib.
Sonda qonaqlar muzeydən xoş təəssüratla ayrılıblar.
Bu cür ziyarətlər COP konfransı ilə yanaşı, ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, informasiya mübadiləsinə və mədəni irsin qorunması istiqamətində əməkdaşlığın güclənməsinə şərait yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.