AMEA-nın Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev Türk Tarix və Mədəniyyət Vəqfinin (TÜRKTAV) baş katibi Assel Lakhayeva ilə görüşüb.
Görüş zamanı TÜRKTAV-ın baş katibi Assel Lakhayeva Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi Müəllif Hüquqları Baş İdarəsinə təqdim etdiyi “100-cü ilində Bakı Türkoloji Qurultayı” layihəsi, eləcədə vəqfin həyata keçirdiyi beynəlxalq layihələr, kitab nəşrləri və təqdimatları barədə danışıb.
Görüşdə Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev institutda Azərbaycan, eləcə də, türk xalqları folklorunun öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib, toplama və araşdırma işlərinin daha geniş yayılması məqsədilə TÜRKTAV-ın rəqəmsal platformalarına inteqrasiya haqqında fikirlərini bölüşüb.
Eyni zamanda, AMEA Folklor İnstitutu, Türkiyənin müvafiq qurumları və TÜRKTAV-ın dəstəyi ilə türkoloq alim Ettori Rossinin aşkar etdiyi “Dədə Qorqud” dastanının Vatikan nüsxəsi ilə bağlı keçiriləcək mədəni və elmi tədbirlərdə alimlərimizin təmsil olunması məsələsi, eləcə də folklorşünaslıq istiqamətində TÜRKTAV-ın institutda icra olunan layihələrə və gələcək tədbirlərə dəstəyi, kitab təqdimatları və sərgilərdə iştirakı ilə bağlı perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin “Bir millət, iki dövlət” şüarı altında həyata keçirilən elmi-ictimai tədbirlərdən danışılıb. Çox böyük coğrafiyada yaşayan türk xalqlarının uzun əsrlər boyu formalaşmış mədəni yaddaşının, zəngin irsinin qorunması məsələləri və bununla bağlı gələcək nəsillərə çatdırılacaq fəaliyyətlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı kitab hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.
Görüşdə institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova da iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.