Azərbaycanda keçirilən qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu konfransı ölkəmizin tarixindəki ən böyük beynəlxalq tədbirdir. Bu münasibətlə dünyanın hər yerindən ölkəmizə səfər edən nümayəndələr, həmçinin Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə maraqlanır.
“Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammiti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə təşkil olunub. Nüfuzlu dini mərkəzlərin başçılarının – Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri arasında yer alan Türkiyə Respublikasının Dini İşlər Baş İdarəsinin sədri, professor Dr. Ali Erbaş da həmkarları ilə birlikdə Dini Liderlərin Qlobal Bakı Sammitində iştirak edib.
Bu çərçivədə ölkəmizdə səfərdə olan Ali Erbaş xanımı ilə, Türkiyə Səfirinin Dini Xidmətlər üzrə məsləhətçisi İhsan Açık, mətbuat müşaviri Burak Orhan, Abdullah Kırkıl, Ahmet Fatih Erturan, Uğur Bulut və Hasan Uza Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar. 2017-ci ildən Dini İşlər Baş İdarəsinin sədri vəzifəsində çalışan, ərəb və fransız dillərini bilən Ali Erbaş 12 kitab və çox sayda məqalə müəllifidir.
Qonaqları muzeyin ekspozisiyası ilə fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva tanış edib.
Ali Erbaş Nizami Muzeyinin ekspozisiyasında Albaniya dövləti, Təbriz xalçaçılıq sənətinin əvəzsiz nümunəsi “Dörd fəsil” xalçası, ümumtürk ədəbiyyatının yazılı eposu “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş guşə, Şamaxıdakı Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn Xanəgahı və memar Əcəmi Naxçıvaninin Mömünə Xatun, həm də “Atabəy Günbədi” kimi tanınan tarix-memarlıq türbəsinin maketi və s. nümunələr haqqında məlumatlarla yaxından maraqlanıb.
“Əgər ölmək istəmirsənsə ölməz bir əsər qoyub get” – deyə duyğularını muzeyin “Rəy kitabı”nda ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.