Nyu-Yorkdakı Türk Evində Mahmud Kaşğarinin “Divanı lüğət-it türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbək əsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazmasının nəşrinin təqdimatı və sərgisi keçirilib.
Bu təqdimatı əsərin 950 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən fərqləndirən ən əsas məqam Xalid Səid Xocayevin yadigarı – Kanadada yaşayan nəvəsi Əfruz Məmmədovanın ailəsi ilə birgə məclisdə iştirak etməsi olub. Təqdimatda, həmçinin Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, Türk Amerikan Yönləndirmə Komitəsinin (TACS) üzvləri və digər türk ölkələrinin nümayəndələri iştirak ediblər.
Layihə rəhbərinin UNESCO Elektoral qrupunun eksperti, Dünya Dilləri Atlası layihəsinin koordinatoru, AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva olduğu və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə keçirilən təqdimatda əvvəlcə “Divan”ın tarixinə həsr olunmuş video göstərilib.
Sonra nəşrin “Ön söz” müəllifi - AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk aləmində rezonans yaradan bu böyük tapıntı barədə danışıb.
Tədbirdə Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA Dilçilik İnstitutunun direktoru, Türk Dil Qurumunun fəxri üzvü, professor Nadir Məmmədli, Türk Mədəniyyəti və İrsi Fondunun 1-ci katibi Leyla Həsənova, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Bəhrəm Abdulxalimov, Xalid Səid Xocayevin nəvəsi Əfruz Məmmədova, tədqiqatçı-jurnalist, Azərbaycan folklorşünası, publisist, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun şöbə müdiri Almaz Ülvi Binnətova və BDU-nun professoru Yeganə İsmayılova çıxış ediblər.
Təqdimatda Xalid Səid Xocayevin həyatı, yaradıcılığı, ailəsi haqqında qısametrajlı film və sərgi də nümayiş olunub. Sərgidə kitabın elmi redaktorunun Türk Dil Qurumunun rəhbəri, professor Osman Mertin olduğu, professor Nadir Məmmədlinin rəhbərliyi ilə hazırlanaraq, çap olunmuş yeni nəşri, Xalid Səid Xocayevin arxivi – “Keçmiş günlər”, “Müxtəsər üslubiyyat” və s. elmi-publisistik əsərlərinin siyahısı, özü yazdığı tərcümeyi-halı, ailə fotoları, görkəmli türkoloqdan bəhs edən kitablar yer alıb.