“SETI” və Penn Dövlət İnstitutlarının tədqiqat qrupu Trappist-1 ulduz sistemində hər hansı bir sivilizasiyanın mövcudluğunu göstərən texnoloji fəallıq əlamətləri axtarmaq məqsədilə “Allen Telescope Array” radioteleskopu vasitəsilə 28 saat ardıcıl olaraq monitorinq aparıblar.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Yerdən 41 işıq ili məsafədə yerləşən Trappist-1 M8 spekral sinifli qırmızı cırtdan ulduzdur. 2016-cı ildə ulduzun həyat zonasında 3 planet, sonra isə əlavə 4 planet aşkarlanmışdır. Tapılmış 7 planetin ölçüləri Yerin ölçüsünə yaxındır və müşahidələrdən alınan nəticələr onlarda su və atmosferin olmasına işarə edir.
Qoyulmuş məsələ üçün alimlər çox geniş bir radiodiapazonu kiçik tezliklərə bölərək siqnalları qeyd ediblər. Alınmış materiallardan analiz nəticəsində ilkin olaraq 11127 siqnal seçilib. Onlardan isə cəmi 1627 siqnal gözlənilən ehtimal çərçivəsində olsa da, çox təəssüf ki, hər hansı bir sivilizasiyanın mövcudluğuna dair heç bir məlumat tapılmayıb. Qeyd edək ki, onlar Trappist-1b və Trappist-1c arasındakı ola biləcək əlaqəni detektə etməyə çalışıblar.
Komanda bu dəfə heç bir nəticə əldə etməsə də axtarış texnikalarını təkmilləşdirməyə və digər ulduz sistemlərini araşdırmağa davam etməyi planlaşdırırlar.
Tədqiqat işi “Astronomical Journal”da çap üçün təsdiq olunub və arxiv.org serverində yerləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.