COP29 çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn Qazaxıstanın ESGQ Reytinq Agentliyinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Yerlik Karacan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Yerlik Karacan Qazaxıstanın aparıcı universitetlərində dünya iqtisadiyyatı və beynəlxalq biznesdən dərs deyib və bir sıra iqtisadi tədqiqatlarda iştirak edib.
Ölkəmizdə COP29-un Yaşıl zonada təşkil olunan tədbirlərinin vacibliyindən və yüksək səviyyədə təşkilindən söz açan ziyarətçi, Azərbaycanla daha yaxından tanış olmaq məqsədilə muzeyləri də gəzib. Nizami Muzeyini şəhərimizə ilk gəldiyi günlərdən ziyarət etmədiyi üçün təəssüflənib.
Sonra muzeyin elmi işçisi Aygün Abbasquliyevanın vasitəsilə ekspozisiyası ilə tanış olan ziyarətçini daha çox dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinə ayrılmış ekspozisiya maraqlı olub. Nizami Gəncəvi irsi, həmçinin “Xəmsə”si əsasında işlənmiş sənət əsərləri, xalçalar və digər əyani vəsaitlərlə yaxından maraqlanıb.
Yerlik Karacan muzeyin rəylər və təəssüratlar kitabında Nizami Muzeyindən böyük zövq aldığını qeyd edib. Arzulayıb ki, həm Azərbaycana yolu düşən həmvətənləri, həm də Qazaxıstanda hər kəs Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə tanış olsun.
Qonağa Nizami muzeyinin nəşrlərindən rus dilində “Məhsəti Gəncəvi. Portret-oçerk”, ingilis dilində “Şirvan şairləri” və “Nizami muzeyinin xalçaları” kitabları hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.