Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəifləmiş, maksimal sinifli alışma 3901 oblastında baş vermiş M2.5 sinifli alışma olmuşdur. Alışmaya bağlı olaraq II tip radioemissiya və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 164 ləkə müşahidə olunur. Həftənin ilk günlərində Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 21-22 noyabr tarixlərində yüksəlmiş, S1-S2 səviyyəli proton qasırğaları qeydə alınmışdır.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 488 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 416 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6.5 nT, radial istiqamətdə isə 3.6 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olmuşdur. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 2.3-dür və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (25 noyabr – 1 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətlənmiş Günəş küləyinin isə nominal qiymətlərə geri dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.