Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.11.2024 16:45
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti Fizika İnstitutunda olub

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti Fizika İnstitutunda olub

Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikovun rəhbərlik etdiyi nümayəndə heyəti BNTİ-də Azərbaycanın tam səlahiyyətli nümayəndəsi akademik Arif Həşimovla görüşüblər.

Qonaqlar ilk olaraq Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və tanınmış dövlət xadimi Əziz Əliyevin məzarını ziyarət ediblər. BNTİ-nin rəsmisi dünyaşöhrətli sənətkar Müslüm Maqomayevin də məzarı önünə gül dəstəsi qoyub.

Qonaqlar Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Daha sonra Q.Trubnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın BNTİ-dəki səlahiyyətli nümayəndəsi akademik Arif Həşimovun iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzini və Nüvə Təbabəti Mərkəzini ziyarət ediblər. Görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev, Azərbaycan Nüvə Təbabəti Mərkəzinin müdiri Fuad Novruzov iştirak ediblər. Görüşdə məqsəd Nüvə Təbabəti Mərkəzi ilə tanış olmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək və s. olub.

BNTİ-nin direktoru Q.Trubnikov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri haqqında məlumat verib. Bildirib ki, son 10 il ərzində Azərbaycandan Dubnaya gələn gənc alimlərin sayı artıb. Hazırda institutda 26 nəfər azərbaycanlı alimin çalışdığını vurğulayıb.

Qonaqlara Nüvə Təbabəti Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz 2016-cı ildə yaradılıb. Xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyəti olan Nüvə Təbabəti Mərkəzində təcrübəli kadrların çalışdığını, onların xarici ölkələrdə təhsil aldıqlarını və təcrübə keçdikləri qeyd olunub. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda qonaqlar Nüvə Təbabəti Mərkəzindəki avadanlıqlarla tanış olub, onlara bu avadanlıqlar haqqında ətraflı məlumat verilib.

Daha sonra qonaqlar Fizika İnstitutunu ziyarət ediblər. İnstitutun baş direktoru, Azərbaycanın BNTİ-dəki səlahiyyətli nümayəndəsi akademik Arif Həşimovla görüşüblər. Görüşdə institutun icraçı direktoru Hüseyn İbrahimov, elmi katib Afət Kərimova və Elmi innovasiylar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov iştirak ediblər. A.Həşimov Fizika İnstitutunun əməkdaşlarının Dubnanın alimləri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

Q.Trubnikov da öz növbəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu ifadə edib. Burada əsas məqamlardan biri Azərbaycanın BNTİ çərçivəsində birgə layihələrin gerçəkləşdirilməsində BNTİ-də çalışan azərbaycanlı alimlərin daha miqyaslı iştirakını təmin etməkdir.

Üç günlük səfər çərçivəsində BNTİ nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xəzər Univesitetində qonaq olublar. Qarşılıqlı maraq doğuran müzakirələr aparılıb, əməkdaşlıq imkanları, görülən işlər, aparılan tədqiqatlar, əldə olunan nəticələr haqqında ətraflı müzakirələr aparılıb. Eyni zamanda BNTİ ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalanıb və BNTİ əməkdaşları tərəfindən müxtəlif elmi mövzular üzrə mühazirələr oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: