AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.
Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsi rəhbərinin müavini akademik Fəxrəddin Qədirov, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəis müavini Cəsarət Camalov, AMEA-nın Yer Elmləri Bölməsinin üzvləri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin alim və mütəxəssisləri, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, əməkdaşları, digər aidiyyatı şəxslər iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edərək Azərbaycanda seysmologiya elminin inkişaf etdiyini, ölkə seysmoloqlarının ən müasir proqram və texnologiyalardan istifadə etdiklərini qeyd edib, RSXM-nin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. AMEA rəhbəri Respublika Seysmoloji Xidmət Mərkəzinin inkişaf etmiş Avropa ölkələri və ABŞ-ın seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
AMEA prezidenti bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni elmi yanaşmaların əksini tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışıb.
Sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur seysmik təhlükə xəritəsi haqqında təqdimatla çıxış edib, hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.
Daha sonra müzakirələr iştirakçıların sualları ilə davam edib.
Müzakirələrdən sonra xəritə iştirakçılar tərəfindən qəbul olunub və çap olunması təklif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.