Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasının aparıcı elmi işçisi Kamil Bəxtiyar oğlu Qurbanov 1942-ci il dekabrın 9-da Ağdam rayonunda anadan olmuşdur.
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra Azərbaycan MEA Fizika İnstitutunda fəaliyyətə başlamışdır. 1965-1968-ci illərdə Azərbaycan MEA Fizika İnstitutunda Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında kiçik elmi vəzifəsində çalışmışdır. 1968-1971-ci ildə Fizika İnstitutunun əyani aspiranturasına daxil olaraq, Rusiya Federasiyası Leninqrad şəhəri “Yüksək molekullu birləşmələr” İnstitutunda aspirantura təhsili almışdır. 1974-cü ildə “Yüksək molekullu birləşmələr” İnstitutunun Müdafiə Şurasında “Amorf-kristallik polimer sistemlərdən rentgen şüalarının difraksiyasının bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika - riyaziyyat elmlər namizədi adını almışdır. 1971-ci ildən etibarən Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, institutun elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş və “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 1976-1992-ci ilə qədər Azərbaycan MEA Fizika İnstitutunda Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir.1992-ci ildən Kamil Qurbanov Fizika İnstitutunun Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2000-ci ildən “Energetika Problemləri” jurnalının məsul katibi və texniki redaktoru olmuşdur.
Kamil Bəxtiyar oğlu Qurbanov 2002-ci ildə Fizika İnstitutunun elmi katibi və həmin ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
K.B.Qurbanov güclü elektrik sahələrinin və qaz boşalmalarının texnoloji proseslərə təsiri istiqamətində tədqiqat işlərinə rəhbərlik edərək elektrik təsirlərinin qaz, maye və bərk cisimlərə tətbiqi nəticəsində materialların səthində, həcmində, strukturunda və xassələrində baş verən dəyişikliklərin mexanizmlərinin aydınlaşdırılmasına yeni fiziki anlayışlar gətirmişdir. K.B.Qurbanov kütləvi informasiya vasitələrinin elmi proqramlarında mütəmadi çıxış etmiş, təbiət hadisələrinin mahiyyətinin açıqlanması və yeni elmi nəaliyyətlər haqqında dinləyiciləri məlumatlandırmışdır. K.B.Qurbanov institutun ictimai həyatında fəal iştirak edir, 2022-ci ildə Yeni Azərbaycan Partiyasının Fəxri fərmanı ilə təltif edilmişdir.
Kamil Bəxtiyar oğlu Qurbanov elektrofizika sahəsində, polimer materialların strukturunun fizikası və mexanikasının tədqiqi üzrə tanınmış alimdir, 200-ə yaxın elmi məqalələrin, 11 müəlliflik şəhadətnaməsi, 3 patentin, 1 kitab, 2 sayda dissertasiya işinin elmi rəhbəri, o cümlədən 15 ixtiranın müəllifi olmuşdur.
O, yaddaşlarda həyatsevər, təvazökar bir insan kimi qalacaqdır. Kamil Qurbanovun əziz xatirəsi Fizika İnstitutunun əməkdaşlarının, dostlarının və bütün kollektivin qəlbində əbədi yaşayacaqdır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun kollektivi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.