AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 2-3 dekabr 2024-cü il tarixlərində Böyük Britaniyanın Oksford Universitetində keçirilən Fənlərarası Tədqiqat və Təhsil üzrə 11-ci Beynəlxalq Tətbiqi Tədqiqatlar Konfrasında iştirak edib.
Azərbaycanlı alim “Siyasi dünyanın postklassik mənzərəsi” mövzusunda məruzə ilə çıxış edib.
Professor məruzəsində qeyd edir ki, informasiya inqilabının qanunları siyasi məkanın yeni qaydalarını diktə edir. Siyasi quruluşun əsas məntiqi ideya və obrazların axınları ilə təmsil olunur, informasiya siyasi təşkilatımızın əsas struktur komponenti kimi çıxış edir. Vurğulanır ki, bu gün müşahidə olunan siyasi reallığın özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin hər biri öz diskursunda özünü göstərir. Məruzədə həmçinin bildirilir ki, siyasi məkan siyasi dünyanın postklassik mənzərəsinin mühüm xüsusiyyəti kimi çıxış edən yeni prinsipə - şəbəkəyə əsasən təşkil olunub. Siyasət şəbəkə texnologiyaları sayəsində daha əlçatan olur. Nəticə etibarilə, bu gün siyasi ölçüdə müasir informasiya cəmiyyətinin yeni reallıqlarından danışmaq olar. Bu kontekstdə Roida Rzayeva qeyd edir ki, dövlətin informasiya potensialı onun informasiya bazarında informasiyanın təşkili və müvafiq əlaqələrin qurulması prosesində səmərəli fəaliyyəti ilə ölçülür. Sistem təfəkkürü, bu və ya digər hadisə və prosesləri müəyyən etməyə və peşəkar şəkildə təhlil etməyə, hadisələrin inkişafını qabaqcadan görməyə, sosial, iqtisadi və siyasi inkişaf meyllərini proqnozlaşdırmağa imkan verən zəruri bilik və məlumatlara sahib olmaq getdikcə daha çox tələb olunacaq, çünki dünya getdikcə daha da mürəkkəbləşir və anlaşılması çətinləşir.
Коnfransın təşkilatçıları professora mükəmməl təqdimatına və işinə görə təşəkkür edərək, məruzədə əksini tapan məsələlərin onları çok düşünməyə vadar etdiyini qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.