Tacikistanın paytaxtı Düşənbə şəhərində “Kimya və kimya texnologiyası” mövzusuda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfrans Tacikistan Milli Elmlər Akademiyasının təşkilatçılığı və MDB-yə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (МФГС) dəstəyi ilə təşkil edilmişdir. Beynəlxalq konfransda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Nərmin Dadaşova və akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işçisi Günay Mustafayeva iştirak ediblər.
Konfrans proqramına əsasən üzvi və qeyri-üzvi maddələr, polimer materiallar, dərman kimyası, yaşıl kimya və aqrokimyanın ən son nailiyyətlərini əhatə edən müxtəlif mövzular üzrə məruzələr dinlənilib.
Tədbirdə gənc kimyaçılar konfransın bir sıra seksiyalarında biokütlə əsasında və katalizatorlar iştirakında sintez, ətirli maddələrin və ksantogenatların alınması, fiziki kimyəvi və triboloji tədqiqatları əhatə edən mövzuların müzakirələrində fəal iştirak etib və məruzələrlə çıxış ediblər.
Konfransın sonuncu günü iştirakçılara sertifikatlar təqdim edilib, Tacikistanın Milli Qədim Əsərlər Muzeyinə gəzinti təşkil olunub və xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.