Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

05.12.2024 15:18
  • A-
  • A
  • A+

AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi”

AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi”

I MƏQALƏ

 

AMEA-nın Rəyasət Heyəti 2025–2030-cu illər üçün İnkişaf Konsepsiyası və “Yol xəritəsi”nin hazırlanması ilə bağlı qərar qəbul etmişdir. Bununla bağlı xüsusi komissiya və işçi qrupu yaradılmışdır. İşçi qrupu artıq ilk müzakirəsini keçirmişdir. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konseptual xarakterli çıxışında sənədlərin hazırlanması üçün zəruri fəaliyyətin özəlliklərini diqqətə çatdırmışdır. Bu kontekstdə məsələnin bir sıra vacib və aktual məqamları üzərində dayanmağa çalışacağıq.

İnkişaf konsepsiyası

 

“Konsepsiya” latıncadan (conceptio) tərcümədə “anlamaq sistemi” mənasını verir. Əsas xüsusiyyətləri:

- hansısa məsələyə baxışların elə kompleksidir ki, qarşılıqlı əlaqələri vardır və vahid sistem əmələ gətirirlər;

- müəyyən hadisələrin anlamını, onların izahını, nöqteyi-nəzəri ifadə edən idarəedici ideyadır;

- fəaliyyətin konstruktiv prinsipidir, aparıcı fikridir;

- məsələlərin həlli yollarının sistemidir;

- konkret məsələlərə aid olan anlam, fərqləndirmə və interpretasiya üsuludur.

İnkişaf konsepsiyası təşkilatın ümumi sənədidir. O, ümumi fəaliyyət istiqamətlərini ifadə edir. Əsas məqsədə nail olmaq üçün hazırlanır. Bu zaman təşkilatın mövcud resursları ilə strateji məqsəd arasında uyğunluq olmalıdır. Əks halda, inkişaf konsepsiyası həyata keçirilmək şansını itirir. Burada həm əsas məqsəd dəqiq müəyyən edilməlidir, həm də ona nail olmaq üçün nəzərdə tutulan ümumi fəaliyyət planı təşkilatın imkanlarına uyğun olmalıdır. Əksər hallarda inkişaf konsepsiyaları pilləli (mərhələli) olur. Lakin onları vahid məntiqi məqam birləşdirir. Belə ki, öncədən hər sonrakı mərhələ üçün həyata keçirilməli olan proqramlar dəqiq müəyyən olunmalıdır.

Əgər təşkilat dövlət qurumudursa, onun inkişaf konsepsiyası mütləq surətdə dövlətin və ölkənin strateji inkişaf kursuna tam uyğun olmalıdır. Müəyyən olunan strateji məqsəd ölkənin inkişafının strateji məqsədinin məzmunu, məntiqi və məqsədi kontekstində konkretləşməlidir.

İnkişaf konsepsiyası açıq, dinamik və nəticəverici tərkibə malik olmalıdır. Zaman məsələsi ciddi surətdə nəzərə alınmalıdır.

Strategiya

 

“Strategiya”nın müxtəlif tərifləri vardır. Onları ümumi formada belə ifadə etmək olar: strategiya detallaşdırılmamış ümumi plandır. Uzun müddəti əhatə edir. Öncədən müəyyən edilmiş mürəkkəb məqsədlərə nail olmaq üsuludur. İnsan fəaliyyətinin hər bir sferasına aid ola bilər.

Strategiyanın vəzifəsi mövcyd resurslardan maksimum optimal (səmərəli) istifadə etməklə məqsədə çatmaqdan ibarətdir.

“Yol xəritəsi”

 

“Xəritə” sözü latınca (vərəq, kağız və yunanca papirus kağızı mənasını verir. Əvvəlcə, bu termin səyyahlar üçün yolların xəritəsi kimi işlədilmişdir. XX əsrdə əsas olaraq avtomobil sürücüləri üçün nəzərdə tutulmuşdur. İlk dəfə “xəritə” sözünü Avropada orta əsrlərdə intibah dövründə işlətmişlər. Ona qədər avropalılar “tabula” və “descriptionis” (rəsm) terminlərindən istifadə etmişlər. Xəritə çoxmənalı termindir.

“Yol xəritəsi” ingiliscədə “roadmap”dir. Bu, elə bir sənəddir ki, əyani surətdə hansısa layihənin strateji planını əks etdirir. Onun başlıca məqsədlərini, vəzifələrini, yerinə yetirilmə müddətini, məsul və əsas mərhələlərini ehtiva edir. Yol xəritəsinin plandan başlıca fərqi layihənin yalnız ümumi təsvirini (şərhini) verməkdən ibarətdir. Mərhələlərin detallaşdırılmasını nəzərdə tutmur. Belə alınır ki, işləyən komandanın hara istiqamətləndiyini və varmalı olduğunu vizuallaşdırır.

Yol xəritəsi prosesin mətn formasında qrafikidir. O, strategiyanı əks etdirməklə ideyadan tutmuş məsələlərin həllinə qədər bütün mərhələləri əhatə edir. Bura iştirakçılar, məsul əməkdaşlar, hər məsələnin müddəti və statusu da daxildir. Ümumi halda “Yol xəritəsi” müəyyən strateji məqsədə aparan tədbirlərin sistemidir.

Elm konsepsiyası

 

Təşkilatdaxili inkişaf konsepsiyası ilə ölkə miqyasında nəzərdə tutulan inkişaf konsepsiyası arasında ciddi məzmun və məqsəd fərqləri mövcuddur. Xüsusilə, elm kimi özünün strateji mahiyyətli və sosial-mədəni aspektdə son dərəcə həssas sahə olması bu baxımdan incə yanaşma tələb edir. Elmin inkişaf konsepsiyası təşkilatdaxili miqyasda elə müəyyən olunmalıdır ki, daxili məntiqi bağlantı əsasında, eyni zamanda, təşkilatın və ölkənin inkişaf yolu arasında əsaslı “ideya körpüsü” rolunu oynasın. Təşkilatın uğurlu inkişaf yolunu ölkənin inkişaf kursu çərçivəsində dəqiq müəyyən etsin. Bu mənada AMEA-nın inkişaf konsepsiyası qarşıdakı beş ildə Azərbaycanın inkişaf strategiyasının məntiqi daxilində təşkilatın yeniləşməsini sistemli, davamlı və konkret nəticəverici olaraq reallaşmasını nəzərdə tutur. Burada çox mühüm bir terminoloji transformasiya baş verməlidir. Daha dəqiqi odur ki, AMEA müasir Azərbaycan tarixində ilk dəfə olaraq strateji kontekstdə terminoloji transformasiyanı konkret məzmuna malik fəaliyyət planına transformasiyasının konseptual əsasını hazırlamalıdır. Bu tezisin fəlsəfi və semantik mənası aşağıdakı kimidir.

Təşkilatın yeniləşməsi

 

Biz “təşkilatın yeniləşməsi” ifadəsinin “elmin inkişaf konsepsiyası” anlayışına leksik və semantik keçidi ilə məzmun transformasiyasının sintezini nəzərdə tuturuq. Məlumdur ki, AMEA mühüm elmi dövləti təşkilatdır. Onun yeniləşməsi kursu avtomatik olaraq ölkənin və dövlətin inkişaf yolu kontekstində olmalıdır. Eyni zamanda, AMEA ayrıca bir qurum olduğundan özünün daxili elmi inkişaf konsepsiyası mütləq olmalıdır. Məhz bu məqamda təşkilatın avtonom inkişafı mütləq surətdə ölkənin strateji inkişaf kursu ilə vəhdət təşkil etməlidir. Ancaq bunun üçün öncədən terminoloji vəhdəti məzmun və fəaliyyət harmoniyasına “çevirə” biləcək konsepsiya və “Yol xəritəsi” olmalıdır. AMEA-nın 2025–2030-cu illər üçün hazırladığı inkişaf konsepsiyası və “Yol xəritəsi” bu zərurətdən yaranmışdır və ölkə miqyasında ilk təcrübədir.

Bununla AMEA müasir mərhələdə iki vacib məsələni aktuallaşdırır. Birincisi, nəzəri-konseptual səviyyədə terminoloji keçidi inkişaf konsepsiyasının məzmunu müstəvisinə necə transformasiya etməyin əsaslı elmi təhlilini verir. İkincisi, alınan ümumi qənaətlərin həyata keçməsinin sistemli “Yol xəritəsi”ni tərtib edir! Məsələnin birinci tərəfi inkişaf konsepsiyasında ifadə olunur, ikinci tərəfi “Yol xəritəsi”ndə əksini tapır. Lakin yekun mənzərə bu iki aspektin sintezində yaranır.

Burada başqa incə fəlsəfi məqam ondan ibarətdir ki, AMEA-nın yeniləşməsi kursu ilə İnkişaf Konsepsiyası və “Yol xəritəsi” eyni məzmuna malik deyil, yəni onları eyniləşdirmək olmaz. Yeniləşmə kursu bütövlükdə konkret müddəti nəzərdə tutmur – AMEA daim yeniləşməyə qadir struktur-funksional keyfiyyətə malik olmalıdır. Bununla yanaşı, yaxın beş il müddətində təşkilatın yeniləşməsinin fəlsəfəsi və “xəritəsi” kimi də təsəvvür edilə bilər.

Deməli, yeniləşmənin termin olaraq semantik və leksik transformasiyası, əslində, özündə konseptual və feili məqamları ehtiva edən məzmun transformasiyasının mahiyyətini ifadə edir.

Etiraf edək ki, AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi” hazır olanda aydınlaşacaq ki, bu elmi təşkilat, faktiki olaraq, ölkənin elmi gündəminə yeni bir çalar gətirir. Həmin məzmun çaları təşkilatdaxili inkişaf konsepsiyası ilə ölkə miqyasında strateji inkişaf kursunun məzmun cəhətdən vəhdətinə nail olmaqla əlaqəlidir.

“Yol xəritəsi” və strateji inkişaf

 

Qarşıdakı beş il üçün AMEA-nın “Yol xəritəsi”ni hazırlaması lazımlı bir addımdır. Onu təşkilatın fəaliyyətinin strateji planı kimi də təsəvvür etmək olar. Əsas cəhətlərdən biri ondan ibarətdir ki, “Yol xəritəsi” strateji planın təşkilatdaxili miqyasda başlıca məqsədlərini, vəzifələrini, yerinə yetirilmə müddətini, məsul və əsas mərhələlərini konkret müddəalarda ifadə edir.

Əlbəttə, “Yol xəritəsi” vurğulanan məqamların ümumi təsvirini verə bilər. Bununla AMEA-nın “Yol xəritəsi” faktiki olaraq, qarşıdakı beş il müddətində yaradıcı komandanın fəaliyyət istiqamətini və başlıca məqsədə çatmanın əyani obrazını yaratmalıdır. Obrazlı desək, “Yol xəritəsi” təşkilatdaxili inkişaf konsepsiyası ilə ölkənin strateji inkişaf kursunun əsas müddəalarının “ortaq münasibətlər (dialoq, təmas) məkanları”nı müəyyən etməlidir. Həmin anlamda “Yol xəritəsi” AMEA-nın yeniləşmə kursu fonunda təşkilatın inkişaf konsepsiyası ilə ölkənin strateji inkişaf kursunu birləşdirən mühüm tədbirlər “məkanı”dır.

Burada məsələnin başqa bir aspekti – AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi” ilə ölkənin elm, təhsil müəssisələri və beynəlxalq elmi mərkəzləri arasındakı münasibətlərin məzmunu aktual görünür. Çünki AMEA təcrid olunmuş fəaliyyət göstərə bilməz. Bundan başqa, Azərbaycanın strateji inkişaf kursu bütövlükdə ölkənin müxtəlif elm, təhsil ocaqları arasında müəyyən koordinasiyanı tələb edir. Təbii ki, bunlarla yanaşı, 2025–2030-cu illərdə AMEA-nın fəaliyyətinin beynəlxalq miqyasda əməkdaşlığa uğurlu proyeksiyası çox vacib vəzifədir. Onun baş verməsi isə yeniləşmə kursu çərçivəsində təşkilatdaxili inkişaf fəlsəfəsi ilə beynəlxalq əlaqələrin inkişaf fəlsəfəsinin harmoniyasını tələb edir.

(ardı var)

Füzuli QURBANOV,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: