Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) magistr təhsilinin I kursunda oxuyan tələbələri ilə elmə dair maraqlı bir görüş keçirilib.
Tədbir təhsil prosesi çərçivəsində magistrantları elmi-tədqiqat laboratoriyalarının faəliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyıb.
Görüşdə Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının rəhbəri Taleh Yusifov çıxış edərək, bu laboratoriyada aparılan tədqiqat işləri barədə geniş məlumat verib. O, tələbələrə K+ kanallarının növləri, funksiyaları, quruluşu, həmin kanalların təbii və mutant formalarının sitoplazmatik domeninin klonlaşdırılması üçün istifadə olunan metodlar barədə geniş izah verib. Taleh Yusifov, həmçinin tədqiqatların daha da genişləndirilməsi, klonlaşdırma prosesinin təkmilləşdirilməsi və rekombinant ekspressiyanın vacibliyi barədə fikirlərini bölüşüb. Bu sahədə beynəlxalq səviyyədə aparılan araşdırmalar və əldə edilən nailiyyətlər də müzakirə edilib.
Daha sonra tələbələrə Hüceyrə siqnalının ötürülməsi və Molekulyar və hüceyrə biokimyası laboratoriyaları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Laboratoriyanın kiçik elmi işçisi Fidan Qüdrətova tələbələrə burada istifadə olunan cihazların iş prinsipləri barədə ətraflı məlumat verib. Tələbələr cihazlarla şəxsən tanış olmaq imkanı qazanıb, bu da onlarda öz sahələrinə dair bilik və bacarıqlarını əyani şəkildə artırmağına təkan verib. Xüsusilə cihazların texniki imkanları və müasir elmi tədqiqatlarda tətbiq sahələri diqqətə çatdırılıb.
Tədbirin sonunda tələbələrə laboratoriyaların faəliyyəti və elmi araşdırmaların aparılmasına dair şəxsi iş planı təqdim olunub. Bu plan tələbələrin təhsil və elmi-tədqiqat prosesində daha effektiv müsbət nəticələr qazanması üçün istiqamətləndirici rol oynayacaq. Şəxsi iş planları çərçivəsində tələbələrə qarşıdakı aylarda görüləcək işlərin mərhələləri və əsas prioritetlər açıqlanıb.
Görüş magistr tələbələrinə elmi aləmin sirrlərini kəşf etmək, onlara təcrübə şəraiti yaratmaq və gələcək elmi-tədqiqat çərçivəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək baxımından önəmli olub. Tədbir həm də tələbələr arasında elmə marağı artırmaq və onları daha fəal tədqiqatçılara çevirmək məqsədini uğurla həyata keçirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.