AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli liderə həsr edilmiş videoçarx nümayiş olunub.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev bütün ömrünü doğma vətənimizin, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr edib.
Ümumilli liderin həyat və fəaliyyətini təhlil edən professor K.Şükürov vurğulayıb ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki hakimiyyəti dövründə Azərbaycan nəinki SSRİ-də, o cümlədən dünyada tanınan bir respublikaya çevrilib, onun sovet dövlətinin sosial-iqtisadi həyatında rolu artıb. Heydər Əliyev qlobal düşüncələri, iti zəkası, ədalətlilik və humanizm uğrunda apardığı davamlı, sərt və prinsipial mübarizələri ilə tez bir zamanda bütün Sovetlər İttifaqında da böyük nüfuz sahibinə çevrilib.
Professor Kərim Şükürov bildirib ki, tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, Vətən qarşısında xidmətləri geniş tədqiqatların tədqiqatların mövzusudur və bu istiqamətdə məqsədyönlü tədqiqatlar aparılır: “Heydər Əliyev Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış edir. Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapmışdır. Heydər Əliyev dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqini də həyata keçirib. Heydər Əliyev eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırmışdır. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir”.
Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev, Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov, Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasiyev, çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər yetirib, təhlillər aparıblar. Müstəqil Azərbaycan dövlətini quraraq gələcək nəsillərə ötürən Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını tarixə qızıl hərflərlə yazdığını vurğulayıblar. Çıxışlarda qeyd edilib ki, tarixi şəxsiyyətin böyüklüyü onun zamanında gördüyü işlərin miqyası, fəaliyyət istiqamətlərinin genişliyi ilə ölçülür. Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bir-birini inkar edən müxtəlif ictimai-siyasi sistemlərlə bağlı olmasına baxmayaraq o, hər zaman xalqımızın, millətimizin yüksəlişi naminə çalışıb. Onun fəaliyyət tarixi çağdaş Azərbaycanımızın, milli dövlətçiliyimizin tarixidir. Bu gün müstəqillik və tərəqqi yollarında inamla addımlayan, dünyada özünə layiqli yer tutan Azərbaycanın müasir tarixinin yarım əsrdən çox dövrü və bu dövrdə qazanılan uğurlar, nailiyyətlər bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi illər ərzində dövlətimizi zamanın ağır sınaqlarından çıxararaq onun inkişaf strategiyasını müəyyənləşdirib, xalqımızı sosial, iqtisadi, mədəni tərəqqiyə aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.