Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) və onun Bakı şəhər bölməsində Ulu Öndərin xatirəsinə həsr edilmiş anım tədbirləri keçirilib. Tədbirlərdə ŞAR rəhbərliyi, şöbə müdirləri, elmi və texniki işçilər olmaqla bütün rəsədxana kollektivi iştirak edib.
Anım mərasiminin rəsmi hissəsindən öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Tədbirlərdə Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu, o cümlədən ictimai-siyasi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, liderlərin gücü, ağlı, cəsarəti və siyasi iradəsi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu mənada, bu gün Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi güc və hərbi qüdrət baxımından lider dövlət olmasında Heydər Əliyevin müdrikliyi, onun müxtəlif sahələrdəki islahatlarının rolu danılmazdır.
Belə ki, onun təşəbbüsü ilə hələ XX əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. Həmin gənclər hazırda müstəqil Azərbaycanda müxtəlif sahələrdə peşəkar fəaliyyətləri ilə dövlətimizə, millətimizə xidmət göstərirlər. Eyni zamanda, Heydər Əliyev 70-ci illərin əvvəllərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına müvəffəq oldu ki, bu da öz növbəsində ordu quruculuğu, peşəkar hərbi kadrların yetişdirilməsindəki müstəsna səmərəsini məhz 44 günlük Vətən müharibəsində göstərdi. Həmin kadrlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpasında böyük rol oynadılar. Bundan başqa, keçmiş SSRİ-nin başqa bir şəhərində tikilməsi nəzərdə tutulsa da, Heydər Əliyevin təşəbbüsü ilə məhz Azərbaycanda tikilən Bakı Dərin Özüllər Zavodu müstəqillik illərində "Əsrin Müqaviləsi"nin imzalanmasında bazis oldu. Ulu öndərin gələcəyə hesablanmış bu təşəbbüsləri, sonralar müstəqillik əldə etmiş Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına, tərəqqisinə rəvac verdi.
Daha sonra bir sıra rəsədxana əməkdaşları da çıxış edərək Heydər Əliyev fenomeninin elm, təhsil, səhiyyə, iqtisadiyyat, incəsənət, ordu quruculuğu və s. kimi istiqamətlərdə fəaliyyətinin aspektlərindən danışıblar. Onun astronom alimlərə diqqət və qayğısı, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasını ziyarətləri və alimlərin rifahını yüksəltmək üçün həyata keçirdiyi quruculuq işləri xüsusi olaraq vurğulanıb.
Tədbirlərə Ümummilli Liderin Şamaxı şəhərində yerləşən abidəsini, o cümlədən Fəxri xiyabanda yerləşən məzarını ziyarət etməklə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən Ulu Öndərin abidələri önünə tər çiçəklər qoyulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.