Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2024 17:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Ümummilli Liderin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

Naxçıvan Bölməsində Ümummilli Liderin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

“Əbədi yaşar lider” adlı konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açıb.

Akademik çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur. Xalqın yaddaşına əsl xilaskar kimi həkk olmuş Heydər Əliyev Ümummilli Lider statusunu gərgin və uzaqgörən siyasi fəaliyyəti, Azərbaycanın sabahı üçün gördüyü mühüm işlərlə qazanmışdır.

Bölmə sədri Ümummilli Liderin yüksək idarəçilik bacarığından, yürütdüyü uzaqgörən siyasətdən və həmin siyasətin bu gün ölkənin inkişafına bəxş etdiyi töhfələrdən söz açıb.

Məruzələrin təqdimatı ilə öz işinə davam edən konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli Lider Heydər Əliyev və Türk dünyasının inkişaf strategiyası”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Vətənə və xalqa xidmətin nümunəsi”, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Ulu Öndər Heydər Əliyev və klassik irs” mövzusunda məruzə ediblər.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Ümummilli Liderin fəaliyyətində Türk dünyasının birliyi məsələsinin yerindən, türk dövlətləri arasında mədəni əlaqələrin genişləndirilməsi və türk xalqlarının mədəni-mənəvi birliyi məsələsi ilə bağlı həyata keçirdiyi işlərdən bəhs edib. Ulu Öndərin İstanbul Bəyannaməsinin imza mərasimində söylədiyi nitqdən gətirdiyi nümunələr əsasında Heydər Əliyevin türk dövlətləri qarşısında müəyənləşdirdiyi vəzifələri diqqətə çatdırıb. Bu gün daha da güclənən Türk dünyasının timsalında reallaşan Heydər Əliyev ideyalarından söz açıb.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məruzəsində Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə ölkədə baş verən inkişaf və yeniliklərdən danışıb.

Alim Heydər Əliyevin qanlı 20 Yanvar hadisəsinə verdiyi obyektiv qiyməti, nümayiş etdirdiyi qətiyyətli mövqeyi onun Azərbaycanın xilaskarı missiyasını uğurla yerinə yetirəcəyinə işarə kimi səciyyələndirib. Parçalanmaq təhlükəsi ilə üzləşən ölkənin xilası, Ermənistanla atəşkəsin imzalanması, neft strategiyası sahəsində görülən işlər, beynəlxalq investorların ölkəyə cəlb olunması, dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında Ulu Öndərin mühüm rolunu vurğulayıb. Ömrünü xalqın gələcəyinə həsr etmiş dahi liderin azad, müstəqil Azərbaycanın işıqlı sabahı üçün gördüyü işlərdən bəhs edib.  Heydər Əliyev ideyalarının bu gün də uğurla davam etdirildiyini dilə gətirib.

Filologiya elmləri doktoru Fərman Xəlilov “Ulu öndər Heydər Əliyev və klassik irs” mövzulu məruzəsində Ümummilli Liderin mədəniyyətimizə, ədəbiyyatımıza qayğısından danışıb.

Məruzə Heydər Əliyevin “Kitabi – Dədə Qorqud” irsinin gələcək nəsillərə daha dolğun çatdırılmasını və tədqiqatçıların əsərdən istifadəsini təmin etmək məqsədilə imzaladığı sərəncam, dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqi, təbliği və mühafizəsi, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılması ilə bağlı görülən işlər və dahi şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi kimi 4 mühüm məsələni əhatə edib. Fakt və mənbələrdən gətirdiyi nümunələr əsasında fikirlərini izah edən alim sonda Heydər Əliyev ideyaları əsasında irəliləyən Azərbaycanın müasir inkişafına nəzər yetirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: