XIX əsrin sonu XX əsrin əvvəlində Bakı dünya neft sənayesinin mərkəzinə çevrilmişdi. Bakı neft sənayesində Avropa və çar Rusiyasının maliyyə maqnatları ilə bərabər, milli kapital nümayəndələri də təmsil olunurdu. 1901-ci ildə dünya neft hasilatının 52, Rusiya neft hasilatının isə 95 faizi Bakı neft sənayesinin payına düşürdü. 1914-cü ildə Birinci Dünya müharibəsinin başladılmasının əsas səbəblərindən biri Bakı neft sənaye mərkəzinin hansı dövlətin əlinə keçməsi idi. Bakı neftinə sahib olmaq üçün çar Rusiyası və sovet Rusiyası ilə bərabər, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya dövlətləri bir-biri ilə kəskin mübarizə aparırdı. Həmin dövrdə Böyük Britaniyanın baş naziri olmuş L.Corc yazırdı: "…müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatlar xeyli uzanar və onun hansı nəticələri verəcəyini qabaqcadan söyləmək olmazdı". İranda Böyük Britaniyanın Əlahiddə Korpusunun komandanı general Denstervil bu fikri təsdiq edirdi: "Bakının əhəmiyyəti böyük idi… Bizim planımız Xəzər dənizində üstünlüyü ələ almaq idi, bunu isə yalnız Bakını tutmaqla həyata keçirmək mümkün idi, yəni bu şəhəri "düşmən işğalından müdafiə etmək lazım idi". Sonralar İngiltərənin "The Times" qəzeti elə belə də yazırdı: "Biz ora getdik ki, Bakının neft mənbələrini ələ keçirək". Bu fikrin təsdiqi olaraq Uinston Çörçill 1918-ci ildə Böyük Britaniyada nəşr olunan "Nur İST" jurnalında çap etdirdiyi məqaləsində qeyd edirdi: "Neft məsələsində Bakının tayı-bərabəri yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər neft kraliçadırsa, Bakı onun tacıdır". Regionda baş verən hadisələrlə yanaşı, onun hüdudlarından kənarda da Bakı nefti ilə bağlı gizli və açıq siyasi sövdələşmələr aparılırdı.
1918-ci il avqustun 27-də sovet Rusiyası və Kayzer Almaniyası arasında Osmanlı Türkiyəsindən gizli bir saziş imzalanmışdı. Razılaşmaya əsasən Bakıda neftin çıxarılması sovet Rusiyasının iştirakı və nəzarəti altında olmalı, dörddəbiri isə Almaniyaya verilməli idi". Qeyd etmək lazımdır ki, həmin dövrdə Bakı neftini ələ keçirmək uğrunda mübarizə aparan dövlətlərin Cənubi Qafqaz siyasətində erməni amili, onlardan istifadə hər addımda özünü büruzə verirdi. Buna görə də bu dövrdə gedən hərbi-siyasi proseslər fonunda Azərbaycan xalqı Osmanlı Türkiyəsinin yardımına ümid edirdi. 1918-ci il may ayının 24-də Tələt Paşa Batum konfransındakı Osmanlı Türkiyəsi nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazırdı: "Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerikada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər". Çox müdrikliklə deyilən bu sözlər bu gün öz ağır dəhşətləri ilə reallığa çevrilmişdir. 1918-ci il mayın 29-da keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə iki dəfə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə səlahiyyəti olmadığı halda, onun güzəştə gedilməsinə qarşı etiraz ərizəsi ilə müraciət etsələr də, iştirak edən 20 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verdilər. Sual olunur: İrəvan şəhəri ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdurmu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv və bağışlanılmaz bir siyasi addım olduğunu bir daha təsdiq edir. Bu zaman Azərbaycan xalqının legitimlik hüququ pozuldu. Çünki güzəştə gedilən ərazinin mülkiyyət hüququ ona məxsus idi. Bu hüququ çox təəssüflər olsun ki, biz özümüz pozmuş olduq. Digər tərəfdən, İrəvan şəhərinin ermənilərə verilməsi məsələsi Erməni Milli Şurası tərəfindən Azərbaycan XC Milli Şurasına müraciətindən sonra müzakirə olunmuşdu və çox təəssüflə qeyd etmək lazımdır ki, İrəvan şəhəri və onun quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 100.6 min kv.km təşkil edirdi.
Qeyd etmək lazımdır ki, dövrün arxiv sənədlərində bu tarixə qədər bütün Cənubi Qafqazın ərazisi 210.000 kv.km olmuşdur ki, onun da 61.5 min kv.km-i Gürcüstana, 9.000 kv.km-i güzəştə gedilən ərazi kimi ermənilərə, Brest və Batum konfranslarının qəbul etdikləri qərarlara görə 45.5 min kv.km isə Osmanlı Türkiyəsinə məxsus idi. Ermənilər onlara edilən güzəşt nəticəsində hüquqi məkan əldə etdikdən dərhal sonra Şimali Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər, halbuki ermənilər 1918-ci ilin mayında Batum danışıqları zamanı bu ərazilərə iddia etməyəcəkləri barədə öhdəlik qəbul etmişdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də Şimali Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və daşnak Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan SSR nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya milliyyətcə ermənilər, ya da gürcülər təmsil edirdilər. 1920-ci ilin iyunundan avqustun 10-dək aparılan danışıqların nəticəsi olaraq İrəvan şəhərində sovet Rusiyası ilə daşnak Ermənistanı arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycan SSR-in milli dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın daşnak Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, "…məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər". İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı, ki, həmin sazişlə Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində Azərbaycanın tarixi torpaqlarının daşnak Ermənistana verilməsi planı V.Leninin razılığı ilə İ.Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da İ.Stalin tərəfindən həyata keçirilmişdi. 1920-ci il noyabrın 4-də İ.Stalin, S.Orconikidze, T.Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda sovet Rusiyası ilə daşnak Ermənistanı arasındakı müqavilənin şərtlərinə toxunularkən İ.Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: "Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər" . İclasda, həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə edilmiş, habelə İ.Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq haqqında razılaşma əldə olunmuşdu. Bu qərarın özü bir daha göstərir ki, Azərbaycan torpaqları sovet Rusiyası tərəfindən hərraca qoyulmuşdu. Həmin qərarın "B" bəndində yazılırdı: "Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, "D" bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyini göstərilirdi. Zəngəzurun Qərb hissəsinin ermənilərə verilməsi, sadəcə sovet Rusiyasının təzyiqi ilə "bağışlanması" istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə bildirmişdi: "Dekabrın 1-də sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir, Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir". 1920-ci il dekabrın 2-də İ.Stalinin "Azərbaycanın fatehi" adlandırdığı S.Orconikidze V.İ.Leninə və onun özünə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş vermədi.
1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının iclasında Zəngəzurun müsəlman əhalisi yaşayan hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar qəbul etdi. Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi: Nüvədi, Ernəzir və Tuğut-Ermənistan SSR-ə verildi. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə "bağışlanması" və burada Mehri rayonunun təşkili ilə Azərbaycan SSR özünün tərkib hissəsi olan Naxçıvan diyarından ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Naxçıvan Muxtar Respublikasının 1921-ci il Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Osmanlı Türkiyəsi dövlətinin razılığı olmadan Cənubi Qafqaz Sovet MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km ərazisi Ermənistan SSR-ə verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistan SSR-ə keçdi. Bundan sonra bu ərazilərin avtavton əhalisi olan azərbaycanlılar üçün faciələr dövrü başlandı.
(davamı növbəti saylarımızda).
Cəbi BƏHRAMOV, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent
“Respublika” qəzeti