AMEA-nın Əsas binasında “Memarlıq və incəsənətdə yaşıl dünya” adlı beynəlxalq elmi konfrans keçirilib.
Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan sözügedən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edib. Bununla bağlı ölkəmizdə qlobal xarakter daşıyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı - COP 29-un noyabr ayında baş tutduğunu və yüksək səviyyədə öz işini başa vurduğunu bildirib. Bu mötəbər tədbirin məqsədinin atmosferin çirklənməsini minimuma endirmək olduğundan və İqlim Sammiti ərzində bir çox qlobal əhəmiyyətli məsələlərin ətraflı müzakirə edildiyindən bəhs edib.
O, zaman və məkan kimi fəlsəfi kateqoriyalarla yanaşı mədəniyyət və təbiət anlayışlarının bəşəriyyətdə mövcud olduğu fikrini söyləyib. Hələ qədimdən mədəniyyətlə təbiət arasında ziddiyətin baş verdiyindən, bu anlayışların sənətdə, bədii obrazlarda, müxtəlif təzahür formalarının varlığından bəhs edib. O cümlədən, ekoloji baxımdan memarlıq və şəhərsalma sahəsində də problemlər mövcud olduğunu qeyd edib.
Qeyd edilib ki, XX əsrdə texniki inkişafla bərabər dünya əhalisinin artması, sənayeləşmənin təbiət üzərindəki təsiri ilə təhlükəli problemlər ortaya çıxdı. Bu da biosferə mənfi təsirini göstərib.
Ə.Salamzadə cəmiyyətin hərtərəfli inkişaf etməsində incəsənətin, eləcə də memarlığın əhəmiyyətli rolu olduğu bildirib. Qeyd olunub ki, memarlıq maddi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də incəsənət növü kimi mənəvi mədəniyyətə aiddir. Memarlıq elə sənət növüdür ki, o, incəsənət və elm arasında körpü rolunu oynayır. Müxtəlif sahələri əhatə edən incəsənət isə rəngarəngdir. Lakin incəsənətin hər bir sahəsində yaşıl rəng aparıcı rola malikdir.
Sonra AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Şəbəkə sənətində təbii dövriyyələr və təbiətin rəmzləri” mövzusunda fikirlərini iştirakçılarla bölüşüb. Qeyd edilib ki, şəbəkə sənəti qeyri-maddi mədəni irs nümunəsi kimi Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətdə XI -XII əsrlərdən isə Azərbaycan memarlığında tətbiq edilir. Ə.Salamzadə şəbəkə kompozisiyaları, bu sənətdə mövcud olan zəngin ornament növləri, həmçinin həndəsi fiqurların təzahür edilməsi məsələlərinə toxunub.
Sonra institutun elmi katibi v.i.e., sənətşünaslıq ü.f.d. Ramil Quliyev “Təsviri sənətdə insan və xurma ağacının simvolik bağlılığı” mövzusunda çıxış edib. Qeyd edib ki, qədim zamanlardan xurma ağacı həyatın, yeni doğuşun, dözümlülüyün simvolu kimi qəbul edilib. Mesopotamiya, Misir və Ərəb mədəniyyətlərində xurmanın dini, eləcə də iqtisadi baxımdan vacib rolu yalnız həyat üçün deyil, həm də mədəniyyətlərarası dəyərlər üçün əhəmiyyət kəsb edir. O, həm konkret, həm də mifoloji anlamda xurma ilə insan arasında oxşarlığın təsvir vasitələrindən bəhs edib.
Daha sonra Rusiyadan gələn nümayəndələrdən sənətşünaslıq üzrə fəlsəfə doktorları Lyudmila Şklyayeva, Mars Axmadullin, Memarlıq və İncəsənət İnstitutunun dissertantı Sayko Svyatoslav mövzu ətrafında məruzələr ediblər.
Memarlıq və İncəsənət İnstitutundan dosent Xəzər Zeynalov “Xalq rəssamı Fərhad Xəlilovun yaradıcılığında yaşıl rəngin realist və abstrakt xarakteri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Xalq mahnılarında yaşanan təbiət”, memarlıq doktoru, dosent Rahibə Əliyeva “Memarlıq abidələrinin qorunmasında “yaşıl dünya” həmrəyliyi”, kulturologiya ü.f.d., dosent Namiq Abbasov “İnsan ekologiyası”, memarlıq ü.f.d., dosent Samirə Abdullayeva “Landşaft elementlərinin şəhər mühitinə inteqrasiyasının ekoloji aspektləri” və digər çıxış edənlər maraqlı fikirlərini iştirakçılarla bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.