Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2024 14:47
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu illik hesabat verib

Radiasiya Problemləri İnstitutu illik hesabat verib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının 2024-cü il ərzində həyata keçirilmiş elmi-tədqiqat və elmi-təşkilati işlərinin illik yekun hesabatına həsr olunmuş iclası keçirilib.

İclasda Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, RPİ-nin rəhbərliyi, Elmi şura üzvləri və laboratoriya əməkdaşları iştirak ediblər.

Tədbiri Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq iştirakçıları salamlamış və hesabatı təqdim etmək üçün sözü institutun icraçı direktoru, dosent Rəvan Mehdiyevaya verib. R.Mehdiyeva hesabat ilində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Fərman, Sərəncam, Milli Prioritetlər və Dövlət Proqramları, AR Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyinin qərarlarının icrası ilə əlaqədar həyata keçirilmiş elmi-tədqiqat işləri və tədbirləri, institutun strukturu, kadr potensialı, elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat mövzuları, əldə olunmuş nəticələri, elmi-təşkilati fəaliyyəti ilə bağlı məlumatı təqdim edib.

Radiasiya Problemləri İnstitutunda tədqiqatlar radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekoloji təmiz energetika kimi 4 elmi istiqamətdə, 10 mövzu və 27 iş üzrə həyata keçirilib. Əldə edilən nəticələr 278 nəşrdə, o cümlədən 27-i Q1 siyahısında olmaqla 133 impakt faktorlu jurnalda nəşr edilib, nüfuzlu konfranslarda təqdim olunub.

Radiasiya təhlükəsizliyinin elmi əsasları, radioaktiv material və maddələrin təbiətdə paylanması ilə əlaqəli ekoloji problemlər üzrə institutda 3 laboratoriya fəaliyyət göstərir. “Radioekologiya” və “Radiokimya və radioprotektorlar” laboratoriyaları Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər rayonlarında kəhrizlərin bərpası və radionuklid tərkibi üzrə, İstisu və bağırsaq dərəsi termal su mənbələrinin radionuklid və kimyəvi tərkibi, radiasiya fon səviyyəsi, Zəngilan rayonu ərazisindəki torpaqlarda pestisid qalıqlarının paylanması üzrə tədqiqatlar aparmış, su tərkibi qiymətləndirilmiş, radioaktiv risk səviyyələri müəyyənləşdirilmiş, tövsiyələr hazırlanmışdır. Radionuklidlərlə çirklənmiş torpaqların yeni dezaktivasiya üsulu işlənmiş və ixtiraya müvafiq patent alınmışdır (İ-20240029). Bununla yanaşı yağlı bitki meyvələrinin (qoz, fındıq, şabalıd, badam, fıstıq, püstə) saxlama müddətini artırmaq, səthlərinin mikroorqanizmlərlə çirklənməsini dayandırmaq və onlarda təbii toksinlərin əmələ gəlməsinin qarşısını almaq məqsədilə onların sterilizasiyası üzrə tədqiqatlar aparılmış və 10,0 kGy udulan doza ilə şüalandırılmanın kifayət olduğu müəyyənləşdirilmişdir.

Radiobiologiya laboratoriyasında Nüvə texnologiyalarının tətbiqi vasitəsi ilə xəstəliklərə, quraqlığa və şoranlaşmaya, ətraf mühitin ekstremal amillərinə qarşı davamlı toxum sortlarının alınması məqsədi ilə Qamma şüalanmanın Gəncə-160, Gəncə-182 və Gəncə-183 pambıq sortlarının üçüncü nəslində yaratdığı irsi və modifikasiya olunmuş dəyişkənliklər tədqiq edilmiş və respublikamızın pambıqçı alimlərinin öz-özünə tozlanmadan aldıqları və rayonlaşdırdıqları Gəncə-160, Gəncə-182 və Gəncə-183 sortlarının toxumlarının səpindən əvvəl γ-şüalarla işlənməsi bu bitkinin III nəslində çoxlu sayda genetik müxtəliflik və geniş spektrli mutasiyalar yaratmışdır. İstehsalat və məişətdə enerji təminatında bərpa olunan enerji mənbələrinin istifadəsi və enerji effektivliyinin artırılması üsullarının işlənməsi istiqamətində Şuşa şəhərində və Laçın, Zəngilan, Kəlbəcər rayonlarında mümkün olan günəş və külək enerjisi potensialları, həmçinin də bir-sıra iqlim göstəriciləri barədə araşdırmalar aparılıb. Günəş və külək enerjisindən istifadə imkanları dəyərləndirilib. Həmçinin 750 Vt gücə malik mini Günəş elektrik stansiyası işə salınıb və hazırda həmin stansiya gündüz saatlarında laboratoriyanın əməkdaşlarının fərdi kompüterlərini, axşam saatlarında institutun giriş hissəsində quraşdırılmış ümumi gücü 100 Vt təşkil edən iki ədəd elektrik lampasını qidalandırır.

İnstitutda elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, BDU-nun fizika, kimya, biologiya fakültələrinin bakalavr və magistr tələbələri, AzMİU, ATU, AMU-nun tələbələri elmi və istehsalat təcrübələrini institutda keçirlər. ADNSU, UFAZ, AzMİU-nun tələbələri magistr dissertasiyalarını institutda hazırlayırlar.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənayenin təhlükəsizliyi və Əməyin mühafizəsi və Neft-kimya texnologiyası və Sənaye ekologiyası” kafedralarının, baza kafedraları açılmışdır.

Gənc tədqiqatçı Kimyaxanım Baxışova “2024-il Gənclər üçün Prezident mükafatı”nı almışdır. 2024-cü ildə keçirilən “Sabahın alimləri” respublika müsabiqəsində institut alimlərinin hazırladığı Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri 2-ci yeri tutmuşlar.

İnstitutun beynəlxalq əlaqələri çox genişdir. Belə ki, təkcə İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyası 8 xarici ölkə universiteti və Elmi Mərkəzi ilə əməkdaşlıq edir.

Hesabat ilində Türkiyənin Ege Universiteti, Macarıstanın Nüvə Tədqiqatları İnstitutu, Özbəkistan Respublikasının Karşı Universiteti ilə əməkdaşlıq üzrə müqavilə imzalanmışdır.

İnstitutda patent və ixtiraçılıq sahəsində nailiyyətləri olmuşdur. 2024-cü ildə institut əməkdaşları tərəfindən 5 yerli, 1 beynəlxalq patent əldə edilmişdir. Əqli Mülkiyyət Agentliyi tərəfindən tərtib olunan siyahıda institut alimlərinin aldıqları 3 patent “Yaşıl Patentlər“ arasında yer almışdır.

Qrantlar hesabına aparılan elmi-tədqiqat işləri çox uğurludur. Belə ki, institutda Avropa Komissiyasının - 2 Horizon qrant layihəsi yerinə yetirilir. Bu tədqiqatlar institut alimləri tərəfindən hazırlanmış diodların müasir tibb və bioloji elmlər sahəsində tətbiqinə xidmət edir.

AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək instituta gələcək işlərində uğurlar arzulayıb.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb və yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: