Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda görkəmli coğrafiyaşünas alim AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun 85-illik xatirə yubileyinə həsr olunmuş tədbir keçirilib.
İclasda Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri prof. Rza Mahmudov tanınmış hidroloq alimin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, Şahvələd Xəlilov coğrafiya, xüsusilə hidrologiya elmi sahəsində böyük alim olmaqla yanaşı tədqiqatçı, təbliğatçı, həm də bacarıqlı təşkilatçı alim olub.
Onun əsas tədqiqat sahəsi ölkənin iri su anbarları, onların lillənməsi və sahillərinin dinamikası, su təsərrüfatı tədbirlərinin, o cümlədən su anbarlarının ətraf mühitə təsiri, onların mühafizəsi, səmərəli istifadəsi problemlərinin tədqiqidir. Bu sahədə alimin 5 monoqrafiyası, 100-dən çox məqaləsi işıq üzü görüb, 12 elmi əsəri xarici ölkələrdə nəşr olunub.
Ş.Xəlilov 20 il Azərbaycan Televiziyasında “Səyahət” verilişinin aparıcısı olub, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini və BDU-da prorektor vəzifəsində çalışıb, O eyni zamanda uzun müddət AMEA-nın ilk partiya təşkilatının katibi, Bakı Şəhər Sovetinin deputatı olub.
Ş.Xəlilov “Fədakar əməyə görə” yubiley medalı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.