AMEA-da elmi potensialın innovativ təşəbbüslərlə sintezini təşviq edən daha bir mühüm tədbir reallaşıb. AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına həsr olunmuş infosessiya keçirilib.
İnfosessiyada AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri, gənc alim və mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri açaraq proqramın strateji əhəmiyyətinə toxunub. O, vurğulayıb ki, bu təşəbbüs yalnız yeni texnologiyaların yaradılmasına deyil, onların tətbiqi vasitəsilə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Proqramın innovasiya, ekoloji davamlılıq və rəqəmsal transformasiya sahələrində yeni imkanlar yaratdığını qeyd edən Sərxan Xavəri AMEA-nın bu istiqamətdə elmi potensialı ilə fəal iştirak etməyə hazır olduğunu ifadə edib.
Tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov geniş təqdimatla çıxış edərək proqramın məqsədləri, mərhələləri, iştirak şərtləri, tərəfdaşlıq imkanları və startaplara göstəriləcək mentorluq və təlim dəstəyi haqqında ətraflı məlumat verib. O, həmçinin qeyd edib ki, proqram Mərkəzi Asiya və qədim İpək Yolu üzərində yerləşən ölkələrdən olan startapların iştirakı ilə beynəlxalq əməkdaşlığın və innovativ inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
“Yaşıl və Rəqəmsal İpək Yolu” akselerasiya proqramı regionda innovasiya mədəniyyətinin yayılması, startap ekosisteminin gücləndirilməsi və rəqəmsallaşma ilə yaşıl texnologiyaların tətbiqinin təşviq olunması məqsədi daşıyır. Proqram çərçivəsində iştirakçılara mentorluq, təlim və investisiya imkanları təqdim olunur. İştirakçı ölkələrdə yeni startapların formalaşması və inkişafı üçün münbit mühitin yaradılması gözlənilir.
Tədbirin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir həm də elmi biliklərin innovasiya sektoruna ötürülməsi baxımından bilik mübadiləsinin təşviqi üçün əhəmiyyətli platforma rolunu oynayıb.
Əlavə məlumat və qeydiyyat üçün buradan istifadə edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.