AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Şeyx Şamil hərəkatının 190 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
İclası açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Qafqazın azadlıq mücadiləsi simvoluna çevrilmiş Şeyx Şamilin adı çəkiləndə cəsurluq, mərdlik, dözümlülük məfhumları yada düşür. Qafqazın bu məşhur qəhrəmanı illərlə çar Rusiyasına qarşı mübarizə aparıb və onun haqqında çoxsaylı kitablar yazılıb, tədqiqatlar aparılıb. Bu gün nəinki Qafqazda, Türkiyədən tutmuş Orta Asiyayadək hər yerdə Şeyx Şamilin igidliyindən, mərdliyindən danışılır.
Şimali Azərbaycanın XIX -XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri, professor Hacı Həsənov “XIX əsrdə müstəmləkəçilərə qarşı Qafqaz azadlıq hərəkatında Azərbaycanın yeri haqqında” adlı məruzə ilə çıxış edərək bildirib ki, Şeyx Şamil xalq qəhrəmanı kimi tarixə düşüb: “Böyük sərkərdə Şeyx Şamil haqqında hələ öz sağlığında maraqlı kitablar yazılıb. Hətta rus şairləri Şeyx Şamilə mədhiyyələr ithaf ediblər. Güclü natiqlik qabiliyyəti, qətiyyəti, möhkəm iradəsi və sərkərdəlik məharəti sayəsində böyük uğurlar qazanan İmam Şamilin şöhrəti qısa zamanda ətraf bölgələrə yayılıb. Bir çox yerli hakimlər onun Rusiya imperiyasına qarşı apardığı mübarizəyə qoşulub. Özündən əvvəlki iki imamın dövründə imperiyaya qarşı döyüşən Şamil imam seçildiyi gündən etibarən döyüşlərin coğrafiyasını genişləndirib, Rusiya ordusunu bir çox döyüşlərdə məğlub etmiş və çarizmə böyük zərbə vurub”.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Ramin Niftəliyev “Müridlərin Kaxetiya yürüşü” və Ənvər Məmmədov “Azərbaycanlıların müridizm hərəkatında iştirakına dair” adlı məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Şeyx Şamilin mübarizəsini bir sıra amillər şərtləndirib. İlk növbədə, çar Rusiyasının qətliamlara imza atması, xalqların milli-mənəvi dəyərlərinə qarşı apardığı siyasət Şeyx Şamilin fəaliyyət arealını genişləndirib. İmam Şamil hərəkatında müsəlmanları konsalidasiya etmək üçün zəmin məhz müridizm ideyaları idi. Bu ideyaların yayılması ilə həm insanlar ideoloji olaraq mübarizəyə qoşulur, müqavimət hərəkatında yer alırdılar.
Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.