Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda (PMİ) 2024-cü ildə yeni fizioloji aktiv funksional monomerlərin, polimerlərə müxtəlif təyinatlı əlavələrin, tənzimlənən quruluşlu bioloji fəal, istiliyə və odadavamlı, elektroaktiv, şüalara qarşı həssas, bioloji dağılan və optiki şəffaf polimer materialların, smart polimer materialların, polimer-polimer kompozisiyaların və hibrid polimer nanokompozisiyaların yaradılması istiqamətində 2 problem, 4 mövzu, 18 iş, 24 mərhələ üzrə elmi-tədqiqat işləri həyata keçirilib.
2024-cü ildə institutda aparılan elmi-tədqiqat işləri 8 mühüm elmi nəticə ilə yekunlaşıb, 1 laboratoriya texnoloji reqlamenti işlənib hazırlanıb və tətbiq üçün tövsiyə olunub.
Respublika ərazisində olan təbii mineral ehtiyatlardan - mədən süxurlarından, eyni zamanda alüminium hidroksiddən, bazalt lifindən, metal oksid nanohissəciklərindən və digər əlavələrdən istifadə olunmaqla polietilen, polipropilen, random polipropilen, etilen-heksen birgəpolimeri və polivinilxlorid əsasında polimer kompozit nümunələri alınıb və 26 sifariş əsasında 176 nümunənin fiziki-mexaniki xassələri müəyyən edilib.
Cari ildə PMİ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Lənkəran Dövlət Universiteti, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Mikrobiologiya İnstitutu, Radiasiya Problemləri İnstitutu, “Metak MMC”, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Tibb Universiteti və Sumqayıt Dövlət Universiteti arasında imzalanan elmi-texniki əməkdaşlıq müqavilələri üzrə işlər davam etdirilib, tədqiqatlar üzrə məqalə və məruzə tezisləri nəşr olunub, tədqiqatların nəticələrini təsdiq edən yeni sınaq aktları alınıb.
İnstitutun alimləri D.İ.Mendeleyev adına Rusiya Kimya Texnologiya Universiteti, Belarus Milli Elmlər Akademiyasının Metalpolimer Sistemlərin Mexanikası İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının Polimerlər İnstitutu, Başqırdıstan Dövlət Universiteti (Rusiya Federasiyası), Özbəkistan Respublikası Elmlər Akademiyasının U.A.Arifov adına İon-Plazma və Lazer Texnologiyaları İnstitutu və b. ilə əməkdaşlıq edirlər. Müqavilələr üzrə aparılan tədqiqatlar nəticəsində məqalə və tezislər nəşr edilib.
İl ərzində aparılan elmi tədqiqatların nəticələri 5 monoqrafiyada, 54 məqalədə, 156 məruzə-tezisdə öz əksini tapıb. Nəşr olunan məqalələrdən 44-ü indeksləşmiş – 24-ü “Web of Science”, 20-si “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunub. “Clarivate Analytics” bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 1-i Q2, 14-ü Q3, 14-ü Q4 qrupuna daxildir.
2024-cü ildə institutun elmi işçilərinin əsərlərinə 665 istinad olunub.
İnstitutun əməkdaşları tərəfindən 3 patent alınıb, ixtiraya patentin verilməsi üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 4 iddia sənədinə “Qərar” verilib.
Azərbaycan Elm Fondunun elan etdiyi 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinə 1 layihə təqdim edilib.
PMİ-nin baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
AMEA-nın müxbir üzvü Valeh Cəfərov Rusiya Təbiət Elmləri Akademiyasının (Российская Академия Естествознания) 6 noyabr 2024-cü il tarixli 1251 saylı qərarına əsasən “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb.
İnstitutun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Türkan Quliyeva gənc alimlər arasında elmi fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” diplomu ilə təltif olunub.
2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2018-2023-cü illər üzrə “Scopus” elmmetrik bazasında ən çox elmi işi dərc olunan müəlliflər içərisindən seçilən 100 ən yüksək göstəricili müəllif sırasında yer alan institutun 6 alimi – Nəcəf Qəhrəmanov, Nüşabə Qurbanova, Məhruzə Şatirova, Xəyalə Allahverdiyeva, Fatimə Mustafayeva və Nüşabə Arzumanova müvafiq olaraq mükafatlandırılıb.
2024-cü il ərzində institut əməkdaşları tərəfindən 50 yeni məqalə tərtib olunub, 50 məqalə isə əsaslı redaktə olunaraq Vikipediya Virtual Ensiklopediyasının məlumat platformasına daxil edilib. İnstitutun 5 əməkdaşı “Vikipediya” üzrə təlimdə iştirak edib.
İnstitutda hal-hazırda fəlsəfə doktoru hazırlığı üzrə 2 əyani doktorant və 2 dissertant, elmlər doktoru hazırlığı üzrə isə 5 dissertant təhsil alır.
2024-cü il ərzində institutun 2 əməkdaşı elmlər doktorluğu dissertasiyası müdafiə edib, 1 əməkdaş kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2 əməkdaş isə dosent elmi adı alıb.
İnstitutun alimləri ölkəmizin ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edirlər. PMİ ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında kadr hazırlığı və elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair 2023-cü ildə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən müvafiq işlər aparılır, institutda 2016-cı ildə yaradılan SDU-nun Elm və Tədris Mərkəzi fəaliyyətini davam etdirir.
İl ərzində institutda baş verən mühüm hadisələr haqqında 86 xəbər hazırlanıb, 12 qəzet materialı, 1 TV çıxışı olmaqla ümumilikdə 639 xəbər emal edilərək institutun saytında və facebook səhifəsində, eləcə də bir çox kütləvi informasiya vasitələrində işıqlandırılıb.
2025-ci ildə Polimer Materialları İnstitutunda səciyyəvi quruluşlu və məxsusi xassəli polifunksional monomer, oliqomer və polimerlərin, polimer qarşılıqlarının, polimer-polimer, polimer-oliqomer və polimer əsaslı hibrid kompozisiyaların və nanokompozisiyaların yaradılması, xassələrinin və tətbiq imkanlarının öyrənilməsi istiqamətlərində elmi tədqiqat işlərinin yerinə yetirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.