Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2024 16:58
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclasında “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilib

AMEA Rəyasət Heyətinin iclasında “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilib

AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” haqqında geniş müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq Rəyasət Heyəti aparatının şöbə müdiri Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edir və bu istiqamətdə həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi elmi fəaliyyətin ən mühüm istiqamətini təşkil edən doktorantura təhsili vasitəsilə yüksəkixtisaslı kadr hazırlığı sahəsində mövcud vəziyyətə toxunub, beynəlxalq təcrübəni nəzərdən keçirməklə qarşıda duran bir sıra vəzifələri diqqətə çatdırıb. Məruzədə beynəlxalq təcrübə kontekstində respublikada doktorantura təhsili ilə bağlı mövcud vəziyyət və beynəlxalq təcrübə, əsasən, iki aspektdən - “Doktorantura təhsili ilə bağlı institusional səviyyədə mövcud vəziyyət və beynəlxalq təcrübə” və “Doktorantura təhsili ilə bağlı məzmun səviyyəsində mövcud vəziyyət və beynəlxalq təcrübə”, nəzərdən keçirilib.

S.Xavəri məruzəsində birinci istiqamət üzrə doktorantura təhsilini tənzimləyən mövcud normativ-hüquqi bazanı nəzərdən keçirib, ali təhsilin üçüncü səviyyəsi olaraq doktorantura təhsilinin hüquqi və fəlsəfi spesifikasını, struktur özəlliklərini Boloniya prinsipləri kontekstində dəyərləndirib. Bundan əlavə, AMEA-da doktorantura təhsili, onunla bağlı mühüm statistik göstəricilər, AMEA-da doktorantura təhsili ilə bağlı elm sahələri və ixtisaslar, onların elmi müəssisələr üzrə paylanması, elmi müəssisələrin elmi istiqamətlər və elmi problemlər üzrə koqnitiv institutlaşması modelləri kimi məsələlər də diqqət mərkəzinə gətirilib. Həmçinin, dünya elminin yeni çağırışları, İKT-nin, süni intellekt texnologiyalarının inkişafı, multidissiplinar, transdissiplinar tendensiyaların artdığı bir şəraitdə doktorantura təhsil səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxmaq zərurəti, respublikada doktoranturaya illik qəbul planı, qəbul və müdafiə edənlərin sayı arasında nisbət, bu istiqamətdə mövcud tendensiyalar və onların ehtimal olunan nəticələri, dissertasiyaların qiymətləndirilməsində mövcud mexanizmlər və beynəlxalq təcrübə (səlist və qeyri-səlis yanaşmalar), AMEA-da doktorantura təhsili ilə bağlı beynəlxalq əlaqələr və s. məsələlər məruzədə əksini tapıb.

Məruzədə ikinci əsas istiqamət olaraq məzmun səviyyəsində doktorantura təhsili ilə bağlı beynəlxalq təcrübə və respublikada mövcud vəziyyət nəzərdən keçirilib. Burada doktorantura təhsilinin məzmun spesifikası, beynəlxalq təcrübədə PhD-nin fəlsəfi platforması, ən ümumi modeldə elmi-tədqiqat prosesinin məntiqi ardıcıllığı, elmi fakt və düşüncə konstruksiyası arasında münasibətlər, elmi problemin formulə “problemi”, elmi problemin həm elmi, həm də dövlətin, millətin və bəşəriyyətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji inkişafı baxımından aktuallığı, Azərbaycanda doktorantura təhsilinin məzmununa yanaşmalar, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işlərinin – dissertasiyaların hazırlanmasında məzmun səviyyəsində müşahidə olunan xarakterik problemlər diqqətə çatdırılıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək məruzəni yüksək qiymətləndirib, doktorantura təhsili sahəsində mövcud problemlərə toxunub, təkliflərini səsləndiriblər.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli elmimizin gələcəyi üçün AMEA-da doktorantura təhsilinin səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirib. Qeyd edib ki, doktorantlara qarşı diqqət və qayğı daha da artırılmalı, institut rəhbərləri və şöbə müdirləri tərəfindən elmi məqalələrin nəşrində və digər təşkilati işlərdə bütün zəruri dəstək verilməlidir. AMEA rəhbəri qarşıdakı hədəflər sırasında doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflərin hazırlanması, doktorantura təhsilinin dünya təcrübəsinə uyğunlaşdırılması olduğunu bildirib.

Rəyasət Heyəti tərəfindən məruzədə və müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınaraq doktorantura təhsil səviyyəsində, dünya təcrübəsi nəzərə alınmaqla, yüksəkixtisaslı elmi kadrların hazırlanması prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dissertasiya mövzularının müəyyənləşdirilməsində tədqiq olunan elmi problemin elmilik, obyektivlik, aktuallıq (ölkənin real sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə bağlı tələbatların həllinə yönəlməsi) və əhəmiyyətlilik (həm milli maraqlar, həm də beynəlxalq çağırışlar baxımından tətbiq imkanlarının olması) kimi meyarları nəzərə alınmaq şərtilə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün elmi müəssisələrdə mövzular bankının yaradılması, son dövrlər dünya elmində baş verən sürətli dəyişikliklər, İKT-nin, süni intellekt texnologiyalarının, multidissiplinar və transdissiplinar tədqiqatların inkişafı, əmək bazarının tələblərinin dəyişməsi və s. nəzərə alınmaqla, digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, elmi müəssisələrdə doktorantların iş planlarının yerinə yetirilməsinə nəzarətin ciddiləşdirilməsi, doktorant və dissertantlara elmmetrik bilik və səriştələrin aşılanması üçün tədbirlərin həyata keçirilməsi və s. məsələlərlə bağlı müvafiq qərar qəbul edilib, Akademiyanın aidiyyəti qurumlarına tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: