Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.12.2024 11:34
  • A-
  • A
  • A+

Gürcüstanlı alimlər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

Gürcüstanlı alimlər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

Tbilisi Dövlət Universiteti R.Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Qriqor Tatışvili və institutun bir qrup əməkdaşı - Nikoloz Neoradze, Natela Ananiaşvili və Maryam Şvelidze Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi səfərdə olublar.

Onlar institutun 3 saylı Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri prof. Akif Əliyev və laboratoriya əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparmaq üçün mövcud və gələcək planları müzakirə ediblər. Birgə elmi əməkdaşlıq son dövrün qlobal problemlərindən olan - “yaşıl” enerji və dekarbonizasiya problemlərini əhatə edir. Bu mövzuda gələn qonaqlar və laboratoriya əməkdaşları arasında suyun elektrolizi ilə “Yaşıl” hidrogenin və dekarbonizasiya prosesləri üçün daha perspektivli elektrokatalizatorların seçilməsi, onların sintezi, elektrokatalitik, korroziyaya davamlılıq və s. xassələrinin tədqiqi barədə gələcək əməkdaşlıq mövzusunda müxtəlif diskusiyalar aparılıb.

Gürcüstandan olan alimlər 3 saylı laboratoriyanın təchizatı və mövcud imkanları ilə tanış olublar. Həyata keçiriləcək birgə əməkdaşlıq planı çərçivəsində laboratoriyada gürcü alimlərin iştirakı ilə ilkin sınaq eksperimentləri aparılıb və onlardan bəzilərindən müsbət nəticələr əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: