AMEA-nın Folklor İnstitutunun Folklor studiyasında “Dastanlar unudulmasın” silsiləsindən bir neçə dastan lentə alınıb.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin formalaşmasında onun kökündə duran milli yaradıcılığı nəsildən-nəslə ötürülən dəyərli tövsiyələrdir. Milli mənəviyyatımızın başında duran, şanlı qəhrəmanlıq tariximizi özündə əks etdirən, folklorun ən irihəcmli janrı olan dastanlar, “dastan gecələri” ənənələri günümüzdə unudulmaqdadır. Türkün, türkçülüyün əsas ənənəsi olan “dastan gecələri” hətta sovet hakimiyyəti illərində belə unudulmamış, nəsildən-nəslə keçmişdir. Neçə-neçə nəsillər məhz soyuq qış gecələrində günlərlə davam edən bu “gecələrdə” böyüklərimizdən öyüd almış, Vətənə, obaya, böyüklərə məhəbbəti, kiçiklərə qayğını, düşmənə nifrəti, təlim-tərbiyəni məhz söylənilən bu dastanlarda eşitmiş, özünə dərs götürmüşdür.
Artıq bir neçə ildir ki, AMEA-nın Folklor İnstitutunun Folklor studiyası ustad aşıqlarla yanaşı, gənc aşıqların ifasında “Dastanlar unudulmasın” silsiləsindən dastanları lentə alır. Belə dastanlardan “Ağ Aşıq və Süsənbər” dastanını Aşıq Elməddin Məmmədli, “Koroğlu” dastanından “Koroğlunun Bağdad səfəri” qolundan parçanı ustad Aşıq Təbriz Vəliyev və Aşıq Kərəm Vəliyev (balabançı Vaqif Quliyev), “Valeh və Zərnigar” dastanını Aşıq Nəbi Nağıyev və Aşıq Nazim Quliyev (balabançı Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov), “Aşıq Qərib” dastanını Aşıq Ramin Qarayev, “Qurbani” dastanını Aşıq Nəbi Nağıyev və Aşıq Eldar Bağırov (balabançı Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov) söyləyiblər.
Qeyd edək ki, dastanların tərtibatçısı institutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova, çəkilişin rejissoru isə Folklor studiyasının rəhbəri Mahir Ordubadidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.