Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.01.2025 10:15
  • A-
  • A
  • A+

“Konstitusiya və Suverenlik İli”ndə AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub

“Konstitusiya və Suverenlik İli”ndə AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr haqqında müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, 2024-cü il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalıb, bütün dünyanın diqqəti Azərbaycanda olub və dövlətimiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə təşkil etməklə qlobal problemin həllinə öz töhfəsini verib. AMEA rəhbəri COP29-un Azərbaycanda keçirilməsinin müstəqillik tariximizin ən önəmli hadisələrindən biri olduğunu söyləyib və belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin Prezident İlham Əliyevin beynəlxalq miqyasdakı nüfuzunun göstəricisi olduğunu deyib.

Akademik İsa Həbibbəyli ötən ilin həm də “Yaşıl dünya naminə həmrəylik ili” kimi yadda qaldığını söyləyib. 2024-cü ildə ölkəmizdə, o cümlədən Akademiyada bu istiqamətdə geniş Tədbirlər planının icra olunduğunu, ağacəkmə aksiyalarının keçirildiyini, bu problemin mahiyyəti və həll yollarını əks etdirən sanballı elmi nəşrlərin, məqalələrin işıq üzü gördüyünü diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. AMEA prezidenti bu Sərəncamın müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və yeni nəsillərin dövlətçilik ruhu əsasında tərbiyəsində mühüm rol oynayacağını bildirib.

Akademik İsa Həbibbəyli bu gün Azərbaycan Respublikasının dövlət başçısının Sərəncamında qeyd olunduğu kimi, xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirdiyi, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb.

Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün üçün mühüm qanunvericilik bazası rolunu oynadığını söyləyən AMEA rəhbəri diqqətə çatdırıb ki, müəllifi Ulu Öndər olan bu Konstitusiya Azərbaycan tarixinə həm də “Heydər Əliyev Konstitusiyası” kimi daxil olub.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu tarixi hadisələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu, dövlət başçımızın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltmaqla, Qalib Xalq kimi xalqımızın, dövlətimizin başını ucaltdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu hazırkı şəraitdə dövlət başçısının xüsusi diqqət və qayğısı ilə AMEA-nın xüsusi inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, alimlərimizin qarşısında yeni tarixi mərhələnin elmi salnaməsini yaratmaqla, ölkəmizin iqtisadi gücünün və beynəlxalq əlaqələrinin genişlənməsinə, ictimai fikrin möhkəmlənməsinə əsas verən tədqiqatlar aparmaqdan ibarət olmalıdır.

Akademik İsa Həbibbəylinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: