Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.01.2025 10:55
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Rəyasət Heyətinin iclasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktor müavini professor Şaiq İbrahimov təqdim edib.

Qeyd edilib ki, 2024-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri üzərində işlərin aparılması istiqamətində fəaliyyət göstərmişdir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə çoxsaylı elmi materialların dərc edilməsi ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulmuşdur. Mərkəz tərəfindən hazırlanmış “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü AMEA Rəyasət Heyətinin  10 oktyabr 2023-cü il tarixli iclasında geniş müzakirə edilərək təsdiq olunmuşdur. 

“Heydər Əliyev Ensiklopediyası” Ümummilli Liderin Azərbaycanın dövlət strukturlarının və dövlət rəmzlərinin formalaşmasında, Konstitusiyanın hazırlanmasında, ordu quruculuğunda və milli təhlükəsizlik sisteminin yaradılmasında xidmətləri, Azərbaycan xalqı və dövləti naminə həyata keçirdiyi fəaliyyətin tarixi icmalı, cəmiyyətin azərbaycançılıq ideologiyasına yönləndirilməsi, humanizm və demokratiya sadiqliyin möhkəmləndirilməsi üçün gördüyü işlər, xarici dövlətlər və təşkilatlarla əlaqələrin qurulmasında və inkişafında, xalqın sosial durumunun və ölkənin iqtisadiyyatının yaxşılaşdırılmasında, orta və ali təhsilin təşkilində və inkişafında, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, respublikada yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsində, icbarı sığortaya keçiddə, ölkədə olimpiya hərəkatının yaranması  sahəsində uğurlu fəaliyyəti, Azərbaycanda musiqi mədəniyyətinin, bədii yaradıcılığın, muzey işinin  inkişafında, tarixi-memarlıq qoruqlarının yaradılmasında, ölkənin təbii sərvətlərinin öyrənilməsi və səmərəli istifadəsinin təşkilində və s. haqqında ətraflı məlumatları əhatə edəcəkdir. Natiq hazırda sözlüyə uyğun olaraq 800-ə qədər məqalənin ilkin variantının yazıldığını və məqalələrin redaktəsinin həyata keçirildiyini bildirib.

Bundan əlavə, 2024-cü ildə Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi Elmi Mərkəzin elmi redaksiyaları tərəfindən hazırlanaraq çapa təqdim edilib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin sahələr üzrə elmi redaksiyaları Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinə aid məqalələrin ilkin redaksiya variantını hazırlayaraq, yoxlanılması üçün müvafiq humanitar və təbiət elmləri üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təhvil veriblər.

Hesabat ili ərzində Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə daxil edilməsi üçün bütün elmi redaksiyaların hazırladıqları məqalələrin ümumi sayı 3861 olmuşdur.

Məruzə dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: