1990-cı ilin 20 Yanvar hadisəsi hələ uzun müddət araşdırılacaqdır. Çünki hansı istiqamətdən baxsan, o hadisələr xalqın taleyinə uzun müddətə təsir edən prosesdir. Həmin gün Azərbaycanda tarixlə müasirlik, ənənə ilə yenilik qarşıqarşıya gəlmişdi. “Dialoq” alınmadı, toqquşma baş verdi. Azərbaycan tarixinin çətin imtahanlarından birini də uğurla verdi...və yaddaşında “bir yarpaq” da yer aldı.
O günlərin şahidləri və araşdırmaçılar yaxşı bilirlər ki, real olaraq nə qədər ziddiyyətli məqamlar vardı. Ölkə demək olar ki, “özünə sığmırdı” – düşdüyü vəziyyətdən çıxmaq üçün öz mənəvi, tarixi, mədəni və əxlaqi “sərhədlərini belə aşmağa” can atırdı. Bunun təməlində xalqın iradəsi, tarixi düşüncəsi, özünüdərketmə anlamı və tarixi seçimi dayanırdı. Azərbaycan xalqı keçmiş SSRİ-yə daxil olan ən cəsarətli, azadlıqsevər, mədəniyyətinə, dininə sadiq və mübariz qövm olduğunu həmin faciəvi, acılı günlərdə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı öz faciəsində yanaraq, öz külündən özünü yenidən yaratmağın nümunəsini göstərdi! Bu, böyük və tarixi qəhrəmanlıq nümunəsidir! Eyni zamanda, bir neçə əsrdə dəfələrlə təkrarlanan günahsız insanları itirmək mərhələsidir! Fəlakətlə ümid üzbəüz dayanmışdı!
20 Yanvar yaddaşlarda daha geniş anlamda yer tutmaqdadır. İnsanlar gözləmirdilər ki, “öz” sovet ordusu onlarla amansızcasına və qəvi düşmən kimi davransın. Azərbaycanlılar haradasa ümid edirdilər ki, Moskva ədaləti təmin edəcək. Ancaq reallıqda tamamilə başqa mənzərə yarandı. “Öz sovet əsgərləri” hətta kənarda dayanan, heç bir hərəkət etməyən Azərbaycan insanlarını qətlə yetirdi. Sumqayıt istiqamətində yol kənarında dayanmış minik avtomobilini sovet tankı “sadəcə əzərək” keçdi. Həlak olanlar isə üç dəyərli alim idi!
Küçələrdən öz işi üçün keçən gənclər, qadınlar, yaşlılar, uşaqlar sadəcə azərbaycanlı olduqlarına görə məhv edildilər. Lənkəranda gənclərin boğazları ilə ayaqlarını kürək tərəfdən tikanlı məftillə “birləşdirmişdilər”!
Azərbaycan anaları qan ağlayırdılar. Bunlar unudulmaz, yaddaşın bir yerində əbədi qalar! Eyni zamanda, bizi baş verənləri təkrar-təkrar ağlın süzgəcindən keçirməyə səslər. Emosional tərəfi bir yana qoyub, məntiqlə yanaşsaq, 20 Yanvarın bizim üçün mənası nələrdən ibarətdir?
Siyasi-hüquqi qiymət
1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, baş verənləri “qanlı faciə” və “hərbi təcavüz” adlandırdı. Təşkilatçıları şiddətlə qınadı. 1990-cı il noyabrın 21-də isə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi.
1994-cü il yanvarın 5-də Heydər Əliyevin fərmanı ilə Milli Məclisin müzakirəsinə 20 Yanvar hadisələrinə siyasi qiymət verən sənəd təqdim edildi. 1994-cü il mart ayının 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı qərar qəbul edildi. Bununla da 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. 20 Yanvar Azərbaycan xalqına qarşı işlədilmiş cinayət kimi qiymətləndirildi və günahkarların cəzasını alması tələbi qoyuldu.
20 Yanvarın həm tarixi yaddaş kimi yeri, həm də onun müxtəlif aspektlərdə dərki məhz verilən siyasi-hüquqi qiymətə əsaslanır. Yəni Ulu öndər 20 Yanvarın qiymətini konkret sənədlə verməklə, Azərbaycan dövlətçilik tarixinə əvəzsiz töhfələrdən birini bəxş etmiş oldu!
20 Yanvarın fəlsəfi anlamı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda bu mövzu hər il müzakirə edilir, araşdırmalar aparılır, tezislər irəli sürülür.
Hadisənin fəlsəfi dərki davam edir. Qarşıya çıxan mənzərə ondan ibarətdir ki, 20 Yanvarın “fəlsəfi ölçülməsi” müxtəlif aspektlərdə ola bilər. Onları hələ çox tədqiq etmək lazımdır. Tarixdə, məsələn, fransızların öz inqilablarının fəlsəfi və tarixşünaslıq prizmasında davamlı araşdırdıqları ənənəsi mövcuddur. Ancaq 20 Yanvar heç bir hadisəyə bənzəməz.
Birincisi, 20 Yanvar imperiya xislətli böyük bir dövlətin – SSRİ-nin tərkib hissəsində olan Azərbaycana qarşı təcavüzkar aksiyasıdır.
İkincisi, hərbi, ideoloji, informasiya nisbəti çox fərqli idi və belə bir şəraitdə Azərbaycan dövlət kimi deyil, xalq kimi mübarizə aparmalı idi.
Üçüncüsü, 20 Yanvarın faciə olması inkaredilməzdir, lakin başqa tərəfdən də, o, millətin öz azadlığı uğrunda mübarizə fenomenidir.
Dördüncüsü, 20 Yanvar SSRİ-də geniş kütləvi şəkildə sovetlərlə ilk toqquşma ha disəsi idi. Başqa respublikalarda da oxşar hadisələr baş vermişdi, lakin öz kütləviliyi, amansızlığı və hərbi texnikanın tətbiqi miqyası ilə analoqu olmadı.
20 Yanvarın bu kimi başqa özəllikləri haqqında da danışmaq olar. Ancaq aydındır ki, məsələ fəlsəfi dərklə əlaqəlidirsə, ilk növbədə, verilən siyasi-hüquqi qiymətin məzmunu və həmin hadisənin tarixi-siyasi, ideoloji, informasiya və s. funkasiyaları ön plana çıxarılmalıdır. Burada 20 Yanvarın tarixi yaddaş kimi funksiyası ilə müasir mərhələdə bütövlükdə toplum və dövlət üçün mənasının müqayisəsi aktual görünür.
20 Yanvar və Vətən müharibəsi
Ümumiyyətlə, hər hansı hadisəni bütləşdirmək və mütləqiləşdirmək həmişə müəyyən risklər yaradır. ünki cəmiyyət daim yeniləşir, şüurlar dəyişir və meydana yeni şərtlər çıxır. Bu dinamikada əsas problemlərdən biri xalq üçün ciddi əhəmiyyəti olan yaddaş elementlərinin dəyişən toplumda adekvat funksiya yerinə yetirə bilməsidir.
20 Yanvar həmin kontekstdə elə bir kateqoriyadadır ki, yaddaşımızda onun yerini təmin etməklə bərabər, ictimai şüurda bir sıra məqamları aktuallaşdıra bilməsi də olmalıdır. Həmin anlamda 20 Yanvardan II Qarabağ müharibəsinə gedən yolun fəlsəfi təhlili maraqlı olardı.
20 Yanvarda Azərbaycan xalqı azadlıq yolunun ağrı-acılarını, onlara qalib gəlmənin siyasi və iradi şərtlərini öz faciəsi içində aydınlaşdırdı. Qəti qərar qəbul etdi: müstəqil dövlət olmaqdan başqa yol yoxdur! Bu istək Heydər Əliyevi təkidlə dövlətə başçı dəvət etməyə və liderliyi öz üzərinə götürməyə gətirib çıxardı. Azərbaycan xalqı 20 Yanvardan sonra dövlət başçısı və lideri düzgün seçməyə sadəcə, məhkum idi. ünki, bu, baş verməsəydi, ümumiyyətlə, dövlətin formalaşıb-formalşmaması məlum olmayacaqdı. Təcrübə göstərdi ki, xalq doğru qərar vermişdir.
Bəlkə də 20 Yanvarın fəlsəfi baxımdan müstəqil dövlətçilik üçün ən vacib seçimi bununla əlaqəli olmuşdur. 20 Yanvar bu bağlılıqda ibrət dərsi verirdi ki, Azərbaycanın müstəqilliyi, ilk növbədə, layiqli liderin olmasını tələb edir. Heydər Əliyev tarixi baxımdan qısa müddətdə müstəqil dövləti müasir tələblərə uyğun qurmağa başladı. Bu prosesin mənası çoxdur. Onlardan biri də elə müstəqil dövlət qurmaqdan ibarətdir ki, bir daha 20 Yanvar kimi hadisələr təkrarlanmasın.
Bu, nəzəri aspektdə olduqca əhəmiyyətli məsələdir. Burada tarixi yaddaş kontekstində unutqanlıqla yarddaşlığın tarixi nisbəti ön sıraya çıxır. Yəni azərbaycanlılar nəyisə yadda saxlamaq üçün nələrisə unutmalı idilər. Bu, problem hələ də tədqiqini gözləyir. Məsələn, azərbaycanlılar psixoloji natamamlıq kompleksindən xilas olmaq üçün bədbinlik və ümidsizlik verən bir çox psixoloji faktoru unutmalı idilər. Bunun üçün insanları nikbinliyə və ümidə motivə edən yeni siyasi, ideoloji, mədəni, mənəvi dəyərlər yaratmaq gərəkdi.
Həmin prizmada 20 Yanvardan sonrakı mərhələdə Azərbaycan xalqının milli ləyaqətini bərpa etməyə stimullaşdıran möhtəşəm tezislərdən biri “...fəxr edirəm ki, mən azərbaycanlıyam” deyimi idi. Digər güclü stimulverici təsiri olan müddəa milli ideyada ifadə olunmuşdu: ərazi bütövlüyünün təmini Azərbaycan dövləti və cəmiyyətinin əsas vəzifəsidir!
Bu iki tezis 20 Yanvardan baxanda Ulu öndərin başqa üç mühüm kəlamı ilə konkret reallaşma mexanizminə malik oldu. Onlar “bir millət, iki dövlət” (müstəqil dövlət quruculuğu strategiyasının baş prinsipi), azərbaycançılıq (cəmiyyətin bütövlüyü və təkamül istiqamətinin müəyyən edilməsi) və multikulturalizmdir (cəmiyyətin mənəvi, mədəni və hüquqi birlyinin təmini aspekti).
Bu kimi şərtlər II Qarabağ savaşında 20 Yanvarın da sırasında olduğu tarixi yaddaş elementlərinin hərb meydanında öz funksiyalarını uğurla yerinə yetirmələrini təmin etdi! Artıq Vətən müharibəsi faciə deyil, dövlət, xalq və Vətən uğrunda müqəddəs mübarizənin rəmzi oldu. Azərbaycan II Qarabağ savaşında həm öz faciəsinə qalib gəldi, həm də müstəqil dövlət quruculuğunda tarixi yaddaşın yeri və rolunu düzgün müəyyənləşdirə bildi!
Əlbəttə, bu proses davam edir. Lakin indi deyə bilərik ki, Azərbaycan cəmiyyəti tam olaraq özünün tarixi yaddaşı ilə müasirliyi vəhdətdə görməyi bacarmışdır. XXI əsrdə Azərbaycan “müstəqillik” anlayışına özəl məzmun verən və onu ümummilli maraqlara uyğunlaşdıran sayılı dövlətlərdəndir. 20 Yanvar kimi faciəni yaşamış, böyük yaralar almış, psixoloji travmalara məruz qalmış bir cəmiyyət dövlət quruculuğunda özünə yeni səhifə açmışdır.
Yol davam edir...
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin bəyan etdiyi yeni tarixi mərhələdə tarixi yaddaşımızın cəmiyyətdə oynayacağı rol da yeniləşəcək. Mümkündür ki, konkret 20 Yanvarla bağlı yeni fəlsəfi qənaətlər meydana gəlsin. ünki Prezident qarşımıza gənclərin milli, vətənpərvər və dövlətçi ruhda tərbiyəsinin daha da gücləndirilməsi kimi mühüm vəzifələr qoymuşdur. Həmin bağlılıqda 20 Yanvarın daha geniş aspektdə fəlsəfi və ideoloji tədqiqi genişlənə bilər. Ümumi miqyasda isə tarixi yaddaşın sosial-mədəni, ideoloji, mənəvi-əxlaqi yeniləşmələrdə yeri və rolunun araşdırılması xeyli aktuallaşır.
20 Yanvardan başlayan müstəqillik yolunu Azərbaycan liderləri, xalqı və dövləti Zəfər yoluna çevirməyi bacardı! İndi onu daha yüksək zirvələrə daşımaq dönəmidir! Bunu böyük millətlər və güclü dövlətlər bacarırlar!
Füzuli QURBANOV
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru